NAXÇIVAN :

23 May 2026, Şənbə

Naxçıvan şəhərində yerləşən “Xan diki” kəhrizi bərpa olunur

...

Azərbaycanın su təsərrüfatı tarixində kəhrizlər xüsusi yer tutur. Əsrlərboyu istifadə olunan bu mühəndis qurğuları yeraltı suların toplanaraq təbii axınla əhali və təsərrüfat sahələrinə çatdırılmasını təmin edib. Xüsusilə Naxçıvan Muxtar Respublikası ərazisində kəhrizlər həm içməli su təminatında, həm də kənd təsərrüfatının inkişafında mühüm rol oynayıb.

Hazırda respublikamızda mövcud olan kəhrizlərin yenidən bərpası və istismar vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Həmin tədbirlərə uyğun olaraq Naxçıvan şəhərində yerləşən “Xan diki” kəhrizi də bərpa olunur.

Biz də görülən işlərlə yerində tanış olmaq məqsədilə “Xan diki” kəhrizinə baş çəkdik. Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin mühəndisi Anar Məmmədov bizə bu haqda məlumat verərək bildirdi ki, cari ay ərzində kəhrizin 30 metrlik hissəsində lil, çöküntü və ağac köklərinin təmizlənməsi işləri həyata keçirilib. Bununla yanaşı, su axınının daha səmərəli təmin olunması və gələcəkdə kəhrizin istismar imkanlarının genişləndirilməsi məqsədilə hər biri 4 metr uzunluğunda olan 2 ədəd yeni quyu qazılıb.

Mühəndis qeyd etdi ki, görülən işlər çərçivəsində kəhrizin daxili hissəsində mövcud maneələrin aradan qaldırılması, uçqun və dolmaların təmizlənməsi, suyun fasiləsiz və normal axınının təmin olunması istiqamətində mühüm tədbirlər görülür. Hazırda təmizlənməsi nəzərdə tutulan hissə 220 metrə yaxın ərazini əhatə edir.

Anar Məmmədovun sözlərinə görə, “Xan diki” kəhrizinin, təxminən, 350 ilə yaxın yaşı var və sonuncu dəfə 2015-ci ildə əsaslı təmir olunub. Buna baxmayaraq, ötən illər ərzində kəhrizin bəzi hissələrində problemlər yaranmağa başlayıb, saybəndlərdə uçmalar müşahidə olunub. Bu səbəbdən kəhriz yeni saybəndlərlə təmin olunaraq yenidən qapadılıb.

Kəhrizin ümumi uzunluğu 850 metrdir və üzərində 52 quyu yerləşir. Baş quyusunun dərinliyi isə 16 metr təşkil edir. Hazırda ərazidə təmir-bərpa və təmizləmə işləri ardıcıl şəkildə davam etdirilir, kəhrizin texniki vəziyyəti nəzarətdə saxlanılır.

Mühəndis onu da vurğuladı ki, işlərə başlanılan zaman kəhrizdə saniyədə 0,5 litr su axını müşahidə olunurdusa, hazırda bu göstərici 1,5 litr saniyəyə çatdırılıb. Görülən tədbirlərin gələcəkdə kəhrizin suötürmə qabiliyyətinin daha da artırılmasına və uzunmüddətli istismarına mühüm töhfə verəcəyi bildirilir.

Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində cari ildə görülən işlərlə bağlı məlumat verən mühəndis bildirdi ki, hazırda 389 kəhriz qeydiyyatdadır. Bu kəhrizlərin istismar vəziyyətinin yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq təmir-bərpa və texniki xidmət işləri həyata keçirilir. Belə ki, 2026-cı ilin yanvar-aprel ayları ərzində Kəngərli rayonu üzrə 12, Ordubad rayonu üzrə isə 4 kəhrizdə olmaqla, ümumilikdə, 16 kəhrizdə cari təmir işləri başa çatmışdır. Ötən dövr ərzində kəhrizlərdə 417 metr kürədə təmizləmə işləri aparılmış və yanvar ayında 1 quyuda 6 metr, əlavə olaraq fevral ayında digər quyuda 4 metr qazma işi tamamlanmış və 2 metr yeni kəhriz kürəsi qazılmışdır.

Həyata keçirilən tədbirlər kəhrizlərin suvermə qabiliyyətinin artırılmasında, su axınının fasiləsiz təmin edilməsində və onların daha dayanıqlı şəkildə istismar olunmasında mühüm rol oynayır.

Müsahibimiz sonda vurğuladı ki, kəhrizlərin istismarı yalnız bərpa ilə məhdudlaşmır. Onların davamlı işlək vəziyyətdə saxlanılması üçün mütəmadi texniki xidmət, təmizləmə və monitorinq tədbirləri həyata keçirilir. Bu isə həm suyun keyfiyyətinin qorunmasına, həm də sistemin uzunömürlü olmasına kömək edir. Eyni zamanda kəhrizlər yalnız su mənbəyi deyil, həm də mühüm tarixi-mədəni irs nümunəsidir. Onların qorunması və gələcək nəsillərə ötürülməsi xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdən aparılan işlər həm texniki, həm də mədəni yanaşmanı özündə birləşdirir. Nəticə etibarilə kəhrizlərin qorunması, bərpası və səmərəli istifadəsi regionda su təhlükəsizliyinin təmin olunmasına, ekoloji tarazlığın qorunmasına və əhalinin dayanıqlı su təminatının gücləndirilməsinə mühüm töhfə verir.

         Zəhra VƏLİYEVA

Nəşr edilib : 23.05.2026 18:03