NAXÇIVAN :

04 Sentyabr 2026, Cümə

Naxçıvan şəhərindəki 6-cı məhəllə istiqamətində əsaslı təmir işləri aparılır

...

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Naxçıvan şəhərində yol infrastrukturunun yenilənməsi istiqamətində tədbirlər davam etdirilir. “Şərq qapısı” xəbər verir ki, hazırda ümumi uzunluğu 10,3 kilometr olan Naxçıvan şəhəri Babək məhəlləsi, 6-cı məhəllə, Hacıniyyət kənd avtomobil yolu istiqamətində əsaslı təmir işləri həyata keçirilir.
İş icraçısı Kamal Abbaslının sözlərinə görə, ilin əvvəlindən etibarən muxtar respublikada bir sıra yerli əhəmiyyətli və kənddaxili avtomobil yollarının yenidən qurulmasına başlanılıb. Hazırda 6-cı məhəllə istiqamətində işlər mərhələli şəkildə davam etdirilir. Onun sözlərinə görə, yolun yenidən qurulması zamanı mövcud yol örtüyünün istismara yararsız hissələri qazılaraq çıxarılır, yolun əsası möhkəmləndirilir və zəruri infrastruktur işləri görülür. Hazırda ərazidə qazıntı və torpaq işləri aparılır. İşlərin növbəti mərhələsində avtomobillərin rahat hərəkətini təmin etmək məqsədilə yola asfalt-beton örtüyünün salınması nəzərdə tutulur. Təmir işlərinin başa çatdırılması ilə yolun hərəkət iştirakçıları üçün daha rahat və təhlükəsiz olması təmin ediləcək.
Qeyd edək ki, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi”nin nəzarəti altında mərhələli şəkildə həyata keçirilir.

Səmayə RƏSULOVA

Nəşr edilib : 04.09.2026 16:41