Rəsədxana: Bu gün ilin ilk Super Ayı görünəcək...
16:58 24.11.2026
0
0
0
NAXÇIVAN :
24 Noyabr 2026, Çərşənbə axşamı
Əbülfəz Quliyevin “Naxçıvan araşdırmaları” kitabı haqqında
Naxçıvan Azərbaycan mədəniyyətinin ən qədim və zəngin məkanlarından biridir. Bu torpaq yalnız tarixi abidələri ilə deyil, əsrlər boyu yetirdiyi alimləri, şairləri, dilçiləri, həkimləri və publisistləri ilə də tanınır. AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyevin “Naxçıvan araşdırmaları: Dil, Ədəbiyyat (birinci kitab)” adlı yeni əsərinin işıq üzü görməsi bu zəngin irsin öyrənilməsi baxımından əlamətdar hadisədir.
455 səhifəlik kitabın elmi redaktoru professor Nadir Məmmədli, rəyçiləri filologiya elmləri doktoru Nuray Əliyeva, filologiya üzrə fəlsəfə doktorları Rəşad Zülfüqarov və Zülfiyyə İsmayıldır. Müəllifin müxtəlif toplularda və dövri mətbuatda dərc olunmuş araşdırmalarının sistemli şəkildə bir araya gətirilməsi oxucuya mövzuları qarşılıqlı əlaqədə izləmək imkanı yaradır.
2002-ci ilin avqustunda AMEA Naxçıvan Bölməsi yaradılarkən Ulu Öndər Heydər Əliyev Naxçıvanın qədim mədəniyyətə və zəngin tarixə malik Azərbaycan diyarı kimi müstəqillik dövrünün tələbləri baxımından yenidən öyrənilməsinin vacibliyini vurğulamışdı. Həmin çağırışdan ötən müddətdə bölgənin tarixi, dili və ədəbiyyatının araşdırılması istiqamətində mühüm işlər görülüb. Əbülfəz Quliyevin yeni kitabı da bu elmi axtarışların davamı, qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsinə töhfədir. “Birinci kitab” ifadəsi isə müəllifin bu istiqamətdə tədqiqatlarını davam etdirmək niyyətindən xəbər verir.
Əsər iki əsas bölmədən – dilçilik və ədəbiyyatşünaslıqdan ibarətdir. Dil xalqın düşüncəsini və tarixi yaddaşını qoruyur, ədəbiyyat isə həmin mənəvi zənginliyi bədii söz vasitəsilə gələcək nəsillərə çatdırır. Müəllif Naxçıvan mühitini hər iki istiqamətdə araşdırmaqla bölgənin elmi və ədəbi simasını bütöv şəkildə təqdim edir.
Kitabın diqqətçəkən cəhətlərindən biri mövzuların konkret şəxsiyyətlər, əsərlər və dil hadisələri üzərindən araşdırılmasıdır. Orta əsr alimlərindən müasir dövrün tədqiqatçılarına, qədim lüğətçilik ənənəsindən bugünkü mətbuat dilinə qədər geniş zaman və mövzu çərçivəsi əsərə tarixi dərinlik qazandırır.
“Dil” bölməsi “Naxçıvanlı elm adamları və dil məsələləri”, “Dialektologiya və ümumi dil məsələləri”, “Yazıçı və dil məsələləri” adlı üç hissəni əhatə edir.
Birinci hissədə Naxçıvan dilçilik məktəbinin formalaşması və onun görkəmli nümayəndələrinin irsi araşdırılır. XIII əsrdə Elxanilər dövlətində mühüm mövqe tutmuş Hinduşah Naxçıvani və onun oğlu Məhəmməd Naxçıvaninin dilçilik fəaliyyəti, qələmə aldıqları lüğət əsərləri elmi təhlilə cəlb olunur. Orta əsr lüğətçilik ənənəsinin öyrənilməsi dilimizin tarixi leksik tərkibini və başqa dillərlə əlaqələrini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Müəllifin bu şəxsiyyətləri Naxçıvan dilçilik məktəbinin nümayəndələri kimi təqdim etməsi bölgənin Azərbaycan elmi tarixindəki yerini göstərmək baxımından da diqqətəlayiqdir.
Bu hissədə XX əsrin əvvəllərində ana dilində qəzet nəşr etdirən “Şərqi-Rus”un naşiri, görkəmli dilçi və publisist Məhəmməd ağa Şahtaxtlının, akademik Məmməd Cəfər Cəfərovun, professorlar Yusif Seyidov və Mahirə Hüseynovanın dilçilik irsi də araşdırılır. Xüsusilə Şahtaxtlının sadə, anlaşıqlı və xalqa yaxın yazı dilinin formalaşması istiqamətindəki fəaliyyəti mətbuat dilimizin təşəkkül tarixini öyrənmək baxımından maraq doğurur. Beləliklə, orta əsrlərdən müasir dövrə qədər uzanan elmi ənənənin ayrı-ayrı mərhələləri bir arada təqdim edilir.
İkinci hissədə Naxçıvan dialekt və şivələrinin öyrənilməsi tarixi, onların leksik xüsusiyyətləri, Ordubad dialektində söz yaradıcılığı məsələləri araşdırılır. Həmçinin “Naxçıvan” toponiminin mənşəyi, Gəmiqaya təsvirlərində yazı elementləri və Azərbaycan dilinin yeni inkişaf mərhələsinin “Şərq qapısı” qəzetində əksi kimi mövzulara toxunulur. Qədim qaya təsvirlərindən müasir mətbuat dilinə qədər uzanan bu araşdırmalar dilin tarixi davamlılığını müxtəlif aspektlərdən izləməyə imkan verir.
Dialekt və şivələr xalqın gündəlik danışığında qorunub saxlanan qədim söz və ifadələrin mühüm mənbəyidir. Onların toplanması və elmi təhlili dil xəzinəmizin gələcək nəsillər üçün qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Toponimlərin araşdırılması isə xalqın tarixi yaddaşının coğrafi adlarda yaşama izlərini üzə çıxarır.
Üçüncü hissədə Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Məmməd Araz, Hüseyn İbrahimov və Qafar Qərib yaradıcılığında dil və üslub xüsusiyyətləri təhlil olunur. Bu sənətkarlar Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərini və bədii istiqamətlərini təmsil edirlər. Cavidin romantik dramaturgiyası, Ordubadinin tarixi nəsri, Məmməd Arazın poeziyasında xalq ruhu, digər müəlliflərin fərdi üslub xüsusiyyətləri dilçilik və ədəbiyyatşünaslığın qovşağında araşdırılır. Söz seçimi, obrazlı ifadələr və xalq danışıq dilinin bədii yaradıcılığa təsiri üzərində aparılan təhlillər yazıçıların yalnız nə dediyini deyil, bunu hansı dil vasitələri ilə ifadə etdiyini də anlamağa kömək edir.
Kitabın ikinci bölməsi Naxçıvanın ədəbi mühitinin və görkəmli şəxsiyyətlərinin tədqiqinə həsr olunub. “Naxçıvanlı elm adamları və ədəbi mühit” və “Ədəbiyyat və Naxçıvan” hissələrindən ibarət bu bölmədə bölgənin Azərbaycan və ümumtürk mədəniyyətindəki yeri müxtəlif nümunələrlə göstərilir.
Birinci hissədə XIII əsrdə yaşamış, Mövlana Cəlaləddin Ruminin şəxsi həkimi olmuş, əslən naxçıvanlı Əkmələddin Naxçıvaninin (Konya), XV əsr İslam alimi Nemətullah Naxçıvaninin (Akşehir) elmi və ədəbi irsi araşdırılır. Bu mövzu Naxçıvanın Azərbaycanla Anadolu arasında mədəni körpü olduğunu göstərir və iki qardaş xalqın ortaq mənəvi köklərini üzə çıxarır.
Həmin hissədə Məhəmməd ağa Şahtaxtlının ədəbi-elmi irsi ilə yanaşı, naxçıvanşünaslığın inkişafında mühüm xidmətləri olan akademik İsa Həbibbəyli, Məhəmmədhüseyn Təhmasib, Lətif Hüseynzadə və Hüseyn Həşimli kimi görkəmli alimlərin fəaliyyəti də işıqlandırılır. Orta əsr alimlərindən müasir tədqiqatçılara qədər uzanan bu xətt Naxçıvanın elmi ənənələrinin davamlılığını göstərir.
“Ədəbiyyat və Naxçıvan” hissəsində “Şərqi-Rus” qəzetində Naxçıvan ziyalılarının rolu, eləcə də Ərtoğrol Cavid, Adil Babayev, Nağı Nağıyev, İslam Səfərli, Hüseyn Razi və Asim Yadigar kimi tanınmış qələm sahiblərinin yaradıcılığı araşdırılır. Müxtəlif nəsillərə mənsub ədiblərin irsinin bir arada təqdim olunması bölgənin ədəbi mənzərəsini daha dolğun təsəvvür etməyə imkan verir.
Bu hissənin maraqlı mövzularından biri də Naxçıvan duzunun ədəbiyyatımızda əksidir. Duz bu diyar üçün yalnız təbii sərvət və təsərrüfat vasitəsi deyil, həm də xalqın məişətində, inanclarında və mənəvi dünyasında xüsusi yer tutan dəyərdir. Çörək-duz anlayışı, duzun müqəddəsliyi ilə bağlı inam və deyimlər onun xalq yaddaşındakı mövqeyini göstərir. Müəllif bu mövzuya müraciət etməklə Naxçıvanın özünəməxsus mədəni xüsusiyyətlərinin bədii sözdə yaşama izlərini araşdırır.
Əsərin əsas üstünlüklərindən biri müxtəlif dövrlərə, şəxsiyyətlərə və elmi problemlərə həsr olunan araşdırmaların vahid ideya ətrafında birləşdirilməsidir. Bu ideya Naxçıvanın Azərbaycan elminin və mədəniyyətinin mühüm mərkəzlərindən biri kimi tarixən oynadığı rolu üzə çıxarmaqdır. Müəllifin vətənpərvərlik mövqeyi emosional çağırışlardan daha çox elmi faktlara, müqayisələrə və təhlillərə söykənir. Doğma yurda məhəbbət tədqiqatçı məsuliyyəti ilə ifadə olunur.
Kitabın dili və təqdimat üslubu da müsbət cəhətlərindəndir. Elmi məzmununa baxmayaraq, mürəkkəb məsələlər aydın və anlaşıqlı şəkildə izah edilir. Bu xüsusiyyət əsəri yalnız mütəxəssislər üçün deyil, geniş oxucu auditoriyası üçün də maraqlı edir. Dilçilik, ədəbiyyat tarixi və regional mədəniyyət sahələrində çalışan tədqiqatçılar, ali məktəb müəllimləri, magistrant və bakalavr tələbələri üçün faydalı mənbədir.
Naxçıvan irsinin öyrənilməsi və təbliği bu gün həm elmi, həm də mənəvi məsuliyyətdir. Əsrlər boyu formalaşmış dil və ədəbiyyat ənənələrinin yeni nəsillərə çatdırılması, gənclərdə milli-mədəni irsə marağın artırılması belə nəşrlərin mühüm missiyasını təşkil edir. Əbülfəz Quliyevin araşdırmaları da bu baxımdan yalnız elmi deyil, həm də maarifləndirici əhəmiyyət daşıyır.
Kitabın yaratdığı əsas təəssüratlardan biri Naxçıvan mədəniyyətinin heç vaxt təcrid olunmuş şəkildə inkişaf etmədiyidir. Bu diyar tarixən Şərq və Qərb, Qafqaz və Anadolu arasında mədəni əlaqələrin formalaşdığı, elmi və ədəbi düşüncənin qarşılıqlı təsir göstərdiyi məkan olub. Naxçıvanlı alimlərin, şairlərin, həkimlərin və publisistlərin fəaliyyəti də bu geniş mənəvi mühitin tərkib hissəsidir.
Əlbəttə, hər yeni elmi nəşr gələcək tədqiqatlar üçün də imkanlar açır. Dialekt materiallarının daha geniş toplanması, ayrı-ayrı şəxsiyyətlərin yaradıcılığının dərindən araşdırılması, Naxçıvan mətbuatının dil xüsusiyyətlərinin öyrənilməsi bu istiqamətdə qarşıda duran mühüm vəzifələrdəndir. Çünki naxçıvanşünaslıq yalnız bir bölgənin keçmişini deyil, bütövlükdə, Azərbaycan elminin və mədəniyyətinin tarixini öyrənməyin ayrılmaz istiqamətidir.
AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyevin “Naxçıvan araşdırmaları: Dil, Ədəbiyyat” kitabı zəngin elmi məzmunu, əhatə etdiyi mövzular və araşdırdığı şəxsiyyətlərlə naxçıvanşünaslıq sahəsinə dəyərli töhfədir. Müəllifin bu nəşrlə başladığı elmi yolun davamını görmək arzusu ilə ona yeni yaradıcılıq uğurları diləyirik.
Aliyə QULİYEVA
AMEA filologiya üzrə fəlsəfə doktoru
Nəsimi adına Dilçilik İnstitutunun
aparıcı elmi işçisi
Digər xəbərlər