NAXÇIVAN :

11 Fevral 2026, Çərşənbə

Naxçıvan Təlim Mərkəzi dövlət qulluqçuları üçün “Microsoft Excel” təliminə start verib

...

Naxçıvan Təlim Mərkəzi dövlət qulluqçularının rəqəmsal səriştələrinin artırılması istiqamətində növbəti mühüm addımını ataraq “Microsoft Excel” mövzusunda ixtisasartırma təliminə başlayıb. Onlayn və əyani formatda baş tutacaq təlim proqramının açılış sessiyası 22 yanvar tarixdə keçirilib. Açılış sessiyasında iştirakçılara Microsoft Excel proqramının əsas funksiyaları, məlumatların sistemləşdirilməsi və təhlili, info cədvəllərin qurulması, eləcə də funksional hesabatların hazırlanması ilə bağlı ilkin nəzəri və praktik biliklər təqdim olunub. Təlim zamanı Excel proqramının dövlət idarəçiliyində iş proseslərini sürətləndirməsi, hesabatlılığın optimallaşdırılması və qərarvermə mexanizmlərinin gücləndirilməsində oynadığı rol xüsusi vurğulanıb.
Təlimdə Naxçıvan Muxtar Respublikasının müxtəlif dövlət qurumlarını təmsil edən 12 nəfər dövlət qulluqçusu iştirak edir. Təxminən, bir ay davam edəcək proqram təcrübəli təlimçi Qönçə İsmayılovanın rəhbərliyi ilə həyata keçirilir. Təlim çərçivəsində iştirakçılar real iş proseslərinə uyğun praktiki tapşırıqlar üzərində çalışaraq məlumatların idarə edilməsi, analitik təhlil və avtomatlaşdırılmış hesabatların hazırlanması üzrə bacarıqlarını inkişaf etdirəcəklər.
Biznes, akademik və dövlət idarəçiliyi sahələrində geniş tətbiq olunan Microsoft Excel proqramı böyükhəcmli məlumatların effektiv idarə edilməsi, analitik təhlilin aparılması və çevik qərarvermə imkanlarının yaradılması baxımından mühüm alət hesab olunur. Proqramın peşəkar səviyyədə mənimsənilməsi dövlət idarəçiliyində səmərəliliyin artırılmasına, iş proseslərinin avtomatlaşdırılmasına və müasir idarəetmə standartlarına uyğunlaşmaya xidmət edir. Təlim proqramını müvəffəqiyyətlə başa vuran iştirakçılara rəsmi sertifikatlar təqdim olunacaq.

Nəşr edilib : 22.01.2026 17:48