NAXÇIVAN :

14 Avqust 2026, Cümə

Naxçıvanda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş beynəlxalq reytinqli şahmat turnirinə start verilib

...

Bu gün 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Naxçıvan Şahmat Mərkəzində beynəlxalq reytinqli şahmat turnirinə start verilib. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və “Naxış-Nərgiz” MMC-nin birgə təşkilatçılığı ilə keçirilən turnir 15-20 iyun tarixlərini əhatə edir.
“Şərq qapısı” xəbər verir ki, turnirin açılış mərasimində əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının Uşaq və gənclərin inkişafı sektorunun müdiri Hüseyn Qəhrəmanov və “Naxış-Nərgiz” MMC-nin icraçı direktoru Nüsrət Mehdiyev Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, eləcə də şahmatın gənclərin intellektual inkişafındakı rolundan bəhs ediblər. Bildirilib ki, belə yarışlar şahmatçıların oyun təcrübəsinin artırılmasına, beynəlxalq reytinqlərinin yüksəlməsinə və sağlam rəqabət mühitinin formalaşmasına mühüm töhfə verir.
Tədbirin bədii hissəsində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin çıxışları təqdim olunub. “İncilər” rəqs qrupunun ifasında “Qaşı-gözü qara qız” rəqsi nümayiş etdirilib, Abbas Rzayev “Lalələr”, Kadir Çetin isə “Azərbaycan” musiqi nömrələrini ifa edib.
Daha sonra turnirin baş hakimi Urfan Sevdimalıyev yarışın reqlamenti barədə iştirakçılara ətraflı məlumat verib.
Sonra ilk turun oyunlarına start verilib.
Qeyd edək ki, “İsveçrə” sistemi üzrə 9 turdan ibarət olan turnirdə müxtəlif yaş qruplarından reytinqli şahmatçılar iştirak edirlər. 20 iyun tarixinədək davam edəcək yarışın yekununda qaliblər pul mükafatları, kubok, medal və diplomlarla təltif olunacaqlar.

Nəşr edilib : 15.06.2026 15:00