NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Naxçıvanda 19 min hektardan çox sahədə taxıl əkilməsi nəzərdə tutulur

...

Payızlıq əkin mövsümündə Naxçıvan Muxtar Respublikasında 19 min hektardan artıq sahədə əkin işlərinin aparılması proqnazlaşdırılır. 
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, bu barədə məlumat nazirlikdə keçirilən payızlıq əkinlərlə bağlı yaradılmış komissiyanın iclasında verilib.
İclasda rayon və şəhər icra hakimiyyətlərinin nümayəndələri, ADSEA-nın tabeliyində “Regional Su Meliorasiya Xidməti” publik hüquqi şəxsin Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məsul əməkdaşları iştirak ediblər.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyev çıxışında kənd təsərrüfatının ölkədə ərzaq təhlükəsizliyi və əhalinin məşğulluğunun təmin olunmasındakı əhəmiyyətindən danışıb. 
Nazir bildirib ki, payızlıq əkin mövsümünün səmərəli təşkili regionun aqrar potensialının gücləndirilməsi, məhsul bolluğunun yaradılması və kənd təsərrüfatının dayanıqlı inkişafı baxımından böyük önəm kəsb edir.
İclasda payızlıq taxıl əkinlərinin gedişatı, rayonlar üzrə mövcud vəziyyət və əkin sahələrinin suvarma suyu ilə təminatı barədə məlumat verilib. Nazirlik və aidiyyəti qurumların Araz çayından və Arpaçay dəryaçasından qidalanan su nasos stansiyaları, magistral, təsərrüfatdaxili və baş kanallar üzrə suvarma şəbəkələrinin vəziyyəti ilə bağlı apardığı monitorinqlərin nəticələri iştirakçıların diqqətinə çatdırılıb.
İclasda torpaq və su resurslarından səmərəli istifadə, əkinlərin optimal müddətdə tamamlanması, aqrotexniki tələblərə əməl olunması, suvarma sistemlərinin mövcud vəziyyəti və fermerlərin ehtiyaclarının vaxtında qarşılanması ilə bağlı məsələlər geniş müzakirə olunub. Fermerlərin su təminatına dair məsələlər xüsusi diqqət mərkəzində saxlanılıb, bu istiqamətdə təkliflər səsləndirilib və konkret hədəflər müəyyənləşdirilib.
Qeyd edək ki, payızlıq əkin mövsümünün effektiv və koordinasiyalı təşkili məqsədilə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi nəzdində xüsusi komissiya yaradılıb. Komissiyanın əsas fəaliyyət istiqamətləri əkin sahələrinin proqnozlaşdırılması, fermerlərin kənd təsərrüfatı texnikası, mineral gübrələr, pestisidlər və digər istehsal vasitələrinə olan tələbatının müəyyənləşdirilməsi, aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsi və torpaq-iqlim şəraitinə uyğun toxum sortları ilə təminat məsələlərini əhatə edir. Bundan əlavə, əkinlərin optimal müddətdə başa çatdırılması və suvarma işlərinin səmərəli təşkili də komissiyanın prioritet vəzifələri sırasındadır. Komissiya mövsüm ərzində fəaliyyətini davam etdirəcək və hər həftə iclas keçirəcək.

Nəşr edilib : 16.10.2025 17:02