NAXÇIVAN :

13 Avqust 2026, Cümə axşamı

Naxçıvanda 20 məscid kitab rəfləri və kitablarla təmin olunub

...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun həyata keçirdiyi “Hər məsciddə kitabxana” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasında bir sıra məscidlərə kitab rəfləri və hər birinə 100 ədəd olmaqla kitablar təqdim olunub.

Qeyd edək ki, “Hər məsciddə kitabxana” layihəsi 2025-ci ildən həyata keçirilir və Naxçıvan Muxtar Respublikasında Sədərək, Şərur, Kəngərli, Babək, Şahbuz, Culfa və Ordubad rayonlarını, eləcə də Naxçıvan şəhərini əhatə edir. Layihə çərçivəsində muxtar respublika üzrə, ümumilikdə, 20 məscid kitab rəfləri və hər birinə 100 ədəd olmaqla kitablarla təmin edilib. Təqdim olunan nəşrlər sırasında dini ədəbiyyatla yanaşı, fəlsəfə, tarix, ədəbiyyat və digər humanitar sahələrə aid kitablar, həmçinin Azərbaycan və dünya klassiklərinin əsərləri də yer alır.

Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin Dini qurumlarla iş və ekspertizası şöbəsinin  müdiri Mərziyyə Hacıyeva “Şərq qapısı”na bildirib ki, layihə məscidlərdə mütaliə mühitinin formalaşdırılmasına, milli-mənəvi dəyərlərin təbliğinə və xüsusilə gənclər arasında oxu mədəniyyətinin inkişafına xidmət edir. Onun sözlərinə görə, məscidlər təkcə ibadət məkanı deyil, həm də maarifləndirici və mənəvi inkişafın dəstəkləndiyi ictimai məkandır. Müxtəlif mövzuları əhatə edən nəşrlərin kitab rəflərində yer alması müxtəlif yaş qruplarından olan oxucuların biliklərini artırmaq və mütaliəyə marağını gücləndirmək məqsədi daşıyır.

Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri Əli Orucov isə qeyd edib ki, məscidlərə kitab rəflərinin və kitabların təqdim olunması olduqca faydalı və əhəmiyyətli təşəbbüsdür. Onun sözlərinə görə, layihənin əsas məqsədi insanların, xüsusilə də gənclərin kitaba marağını artırmaq, onların asudə vaxtlarını daha səmərəli keçirmələrinə şərait yaratmaqdır. Qazı vurğulayıb ki, məscidlər tarix boyu ibadətlə yanaşı, elm və maarif ocağı kimi fəaliyyət göstərib. Bu gün də məscidlərdə yaradılan kitab guşələri insanların dini, tarixi və mənəvi mövzularda biliklərini zənginləşdirməsinə, dünyagörüşünü genişləndirməsinə imkan yaradır.

Əli Orucov bildirib ki, kitab insanı daha məlumatlı və düşüncəli edən ən dəyərli vasitələrdən biridir. O hər bir vətəndaşı məscidlərdə yaradılan kitabxanalardan istifadə etməyə və mütaliəyə daha çox vaxt ayırmağa çağırıb. Qazı bu təşəbbüsün gələcəkdə daha da genişlənəcəyinə və cəmiyyətdə kitab oxuma mədəniyyətinin inkişafına mühüm töhfə verəcəyinə inandığını ifadə edib.

Beləliklə, “Hər məsciddə kitabxana” layihəsi məscidlərin yalnız ibadət məkanı deyil, həm də maarif və mütaliə ocağı kimi rolunu daha da möhkəmləndirir. Layihə insanların, xüsusilə gənclərin kitabla daha sıx təmas qurmasına, milli-mənəvi dəyərlərin və oxu mədəniyyətinin inkişafına xidmət etməklə yanaşı, məscidlərin ictimai-maarifləndirici funksiyasının gücləndirilməsinə də töhfə verir.

Elnurə CƏFƏROVA

Nəşr edilib : 16.07.2026 11:55