NAXÇIVAN :

14 May 2026, Cümə axşamı

Naxçıvanda II kurs tələbəsinin solo konserti keçirilib

...

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Ulu Öndərin adının əbədiləşdirildiyi ünvanda — Heydər Əliyev Sarayında Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və Naxçıvan Dövlət Universitetinin dəstəyi, Naxçıvan Dövlət Filarmoniyasının təşkilatçılığı, simfonik orkestrin müşayiəti ilə Naxçıvan Dövlət Universiteti nəzdində Naxçıvan Musiqi Kollecinin fortepiano ixtisası üzrə II kurs tələbəsi Fidan Əliyevanın "Musiqinin sərhədsiz dünyası" adlı solo konserti keçirilib.
"Şərq qapısı" xəbər verir ki, konsert proqramı başlamazdan əvvəl Naxçıvan Dövlət Universitetinin müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Günay Məmmədova çıxış edərək Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətləri olan Ulu Öndər Heydər Əliyevin musiqi sənətinin inkişafına, gənc musiqiçilərin yetişməsinə göstərdiyi qayğının bu gün də ölkəmizdə dövlət səviyyəsində davam etdirildiyini vurğulayıb. O, Fidan Əliyevanın da bu qayğının nəticəsində yetişən gənc və istedadlı musiqiçilərdən biri olduğunu qeyd edib. Fidan Əliyevaya bu yolda ilk addımlarını atarkən dəstək olan Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Nərminə Qədimova olmuşdur. Daha sonra gənc istedadın peşəkar pianoçu kimi formalaşmasında və bu konsertin ərsəyə gəlməsində xüsusi əməyi olan Naxçıvan Musiqi Kollecinin əməkdaşı Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Təranə Hüseynovanın rolu təqdirəlayiqdir. Fidan Əliyeva müxtəlif müsabiqələrdə uğurla çıxış edərək diplom və fəxri fərmanlara layiq görülüb. 
Daha sonra solo konsert proqramı təqdim edilib. Fidan Əliyevanın ifasında Naxçıvan Dövlət Filarmoniyasının simfonik orkestrinin müşayiəti ilə Fikrət Əmirov və Elmira Nəzirovanın bəstələdiyi “Ərəb mövzularında konsert” əsərinin I hissəsi, Abuzər Manafzadənin “Xocalıya”, Fərhad Bədəlbəylinin “Dəniz” əsərləri səsləndirilib. Proqramda, həmçinin Kamil Sen-Sansın “Ölüm rəqsi” və Frederik Şopenin “İnqilabi etüd” əsərləri ifa olunub.
Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi İlqar Hüseynovun ifasında Fidan Əliyevanın müşayiəti ilə Cahangir Cahangirovun “Füzuli kantatası”ndan II hissə təqdim olunub. Fidan Əliyeva və III kurs tələbəsi Nabat Pirizadənin birgə ifasında Yohannes Bramsın “Macar rəqsi” səsləndirilib. Sonda orkestrin ifasında Ferens Listin “2 saylı rapsodiya” əsəri təqdim edilib.
Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb və alqışlarla müşayiət olunub.

Nəşr edilib : 06.05.2026 09:20