NAXÇIVAN :

11 Sentyabr 2026, Cümə

Naxçıvan şəhərində “Velo FEST” keçiriləcək

...

Naxçıvan şəhərində 19 sentyabr 2026-cı il tarixdə “Velo FEST” – velosiped festivalının keçirilməsi nəzərdə tutulur. Festival çərçivəsində şəhər daxilində 100-dən çox peşəkar və həvəskar velosipedçilərin iştirakı ilə 7 kilometrlik veloyürüş təşkil ediləcək.
“Şərq qapısı” Naxçıvan Şəhər İcra Hakimiyyətinə istinadən xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Gənc Peşəkar Velosipedçilər Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə keçiriləcək tədbir 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli”nə həsr olunub.
Festivalın əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin və idmana marağın təşviq edilməsi, velosipeddən ekoloji nəqliyyat vasitəsi kimi istifadənin genişləndirilməsi, velosiped mədəniyyətinin formalaşdırılması və gənclərin asudə vaxtının səmərəli təşkilinə töhfə verməkdir.
Tədbirin əsas hissələrindən biri şəhər daxilində keçiriləcək 7 kilometrlik veloyürüş olacaq. Veloyürüşün ardından 300 nəfərdən çox gəncin iştirakı ilə festival proqramı keçiriləcək. Festival çərçivəsində sağlam həyat tərzi, velosiped təhlükəsizliyi və ekoloji nəqliyyat mövzularında seminar və maarifləndirici təqdimatlar, müxtəlif sərgilər, həmçinin gənc musiqiçilərin iştirakı ilə mədəni və əyləncə proqramları təşkil olunacaq.
“Gənc Peşəkar Velosipedçilər Klubu” İctimai Birliyinin əsas fəaliyyət istiqamətlərindən biri gənclər arasında velosiped idmanının təbliği, regionlarda velosiped mədəniyyətinin inkişafına dəstək verilməsi və sağlam həyat tərzinin təşviq edilməsidir.
“Velo FEST” layihəsi də bu məqsədlərə xidmət etməklə yanaşı, Naxçıvanda velosiped idmanının və ekoloji nəqliyyat vasitələrindən istifadənin daha geniş şəkildə təbliğinə imkan yaradacaq.
Qeyd edək ki, tədbirin təhlükəsiz, nizamlı və yüksək təşkilati səviyyədə həyata keçirilməsinin təmin edilməsi istiqamətində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi layihənin həyata keçirilməsinə institusional və təşkilati dəstək göstərən əsas tərəfdaş qurumlar kimi xüsusi rol oynayırlar.

Nəşr edilib : 11.09.2026 13:02