NAXÇIVAN :

19 Aprel 2026, Bazar

Naxçıvanda təhsilin inkişafı yeni mərhələdə

...

Ulu Öndər Heydər Əliyev: “Təbii sərvətlər tükənən dəyərlərdir, ancaq təhsil, bilik, elm əbədi, hər bir ölkənin gücləndirilməsinə töhfə verən amildir”.

Müasirtipli məktəblər təhsilə göstərilən qayğının ifadəsidir 

Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyinə olan ümidlərini ilk olaraq gənc nəslə bağlayır. Dünyanın istənilən ölkəsində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvəsidir. “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”, – deyən Ümummilli Lider Heydər Əliyev Azərbaycanda hakimiyyətdə olduğu illərdə hər sahədə olduğu kimi gənclərin təlim-tərbiyəsi, təhsilə cəlbini də öz himayəsi, qayğısı ilə əhatə edib. Sovetlər dönəminin ən çətin illərində belə Azərbaycan gəncinin təhsili üçün əlindən gələni edib, onları sovetlərin müxtəlif yerlərində təhsil almağa göndərib, azərbaycanlı zabitlərin yetişməsində böyük işlər görüb. Azərbaycan müstəqillik qazandıqdan, sabitlik bərqərar edildikdən sonra ən çətin günlərimizdə yenidən hakimiyyətə gələn və dövləti yox olmaqdan xilas edən Ulu Öndər çox keçmədi ki, Azərbaycan gəncinin fəaliyyət istiqamətini müəyyənləşdirən mühüm fərman və sərəncamlar imzaladı. Gənclər dövlət rəhbərinin qayğısı ilə həyatımızın bütün sahələrində quruculuq prosesinə, dövlət, qanunverici və icraedici orqanlarda rəhbər vəzifələrə cəlb olundular. Hərtərəfli biliyə malik gənc nəslin yetişdirilməsinə, onların asudə vaxtlarının səmərəli təşkilinə hər cür şərait yaradıldı. Müasir məktəblər, gənclik mərkəzləri, idman zalları, idman kompleksləri, istifadəyə verildi. 
Bu gün bölgələrimizə yolumuz düşəndə ilk diqqəti çəkən binaları ali təhsil ocaqlarının binalarından heç də seçilməyən məktəblər olur. Ən ucqar sərhəd yaşayış məntəqələrində, ən kiçik kəndlərdə tikilən müasirtipli məktəb binaları regionda təhsilin inkişafına göstərilən qayğının ifadəsidir. Geniş, işıqlı sinif otaqları, laboratoriyaları, fənn kabinələri, elektron lövhəli otaqları, kompüter sinifləri, müasir idman zalları ilə bu məktəblər şagirdlərin ixtiyarına verilib, onların elm, bilik dünyasına aparan yollarını sonuna qədər açıb. Bu yolları ömür yolu seçənlərin sayı ilbəil artır. Onların səsi ölkəmizlə yanaşı, dünyanın bir çox ali təhsil ocaqlarından, elmi-tədqiqat institutlarından gəlir. İllərlə çəkilən əziyyətin bəhrəsini isə görməkdəyik. Naxçıvanlı gənclər Ulu Öndərin arzularını yerinə yetirmək yolunda ölkə başçısının onlara göstərdiyi qayğı ilə ildən-ilə daha çox oxuyur, təhsil alır və yüksək nəticələr göstərərək uğurdan-uğura addımlayırlar. Təsadüfi deyil ki, 2024-2025-ci tədris ili üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 500-700 intervalında nəticə göstərən naxçıvanlı məzunların sayı son 30 ilin ən yüksək göstəricisi olub. Naxçıvan Muxtar Respublikasının ümumi təhsil müəssisələrini bitirən 379 məzun 500-700 intervalında bal tolayıb. Bu göstəricilər təhsilə göstərilən qayğının nəticəsidir. 

STEAM Mərkəzində innovativ təhsil mühiti yaradılıb

Son illərdə təhsil sahəsində sürətlə inkişaf edən bir yanaşma olan STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyat) təhsili, qloballaşan dünyada gənclərin gələcəyin bacarıqları ilə silahlanmasına yönəlmişdir. Bu yanaşma, təkcə elmi və texniki biliklərin inkişafına deyil, eyni zamanda yaradıcılıq, tənqidi düşünmə və problem həlletmə kimi mühüm bacarıqların inkişafına da töhfə verir. Naxçıvan şəhərində yerləşən STEAM Mərkəzi ilə bərabər məktəblərdə yaradılan STEAM otaqları muxtar respublikada məktəblilərin istedadlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Yaradılan müasir təhsil mühiti, xüsusilə STEAM Mərkəzində yaradılan müasir şərait şagirdlərə öz potensiallarını real layihələr üzərində sınamağa imkan verir. Ən müasir texnologiyalar, modullar, sensorlar və innovativ alətlərlə tanış olan gənclər artıq yalnız xəyal etmək deyil, ideyalarını gerçəyə çevirmək fürsəti qazanıblar. Bu isə onların özünəinamını artırır, araşdırmağa, qurmağa, kəşf etməyə təşviq edir. Nəticə olaraq, bu gün şagirdlərimiz sərhədləri aşmağa hazır, daim öz üzərində çalışan, yenilikçi düşüncəyə malik bir nəsil kimi formalaşırlar. 
Mərkəzdə KİDS, 3D Dizayn, CNC-Lazer texnologiyaları, Pilotsuz Uçuş aparatları, Proqramlaşdırma, Robotexnika, eləcə də İdeya Emalatxanası kimi xüsusi tədris bölmələri fəaliyyət göstərir. Hər kabinə özünəməxsus praktik yanaşması ilə seçilir və şagirdlərin düşünmə tərzini yeni səviyyəyə yüksəltməkdə böyük əhəmiyyət daşıyır. Mərkəzdə təhsilin əsas hədəfi şagirdlərin müstəqil şəkildə robot hazırlamaq bacarığı qazanmasıdır. Bu məqsədlə tədris alan gənclər hər il fərqli kabinələrdə bilik və təcrübələrini genişləndirirlər. Onlar əvvəlcə əsas mühəndislik düşüncəsini, daha sonra dizayn, proqramlaşdırma və mexaniki quruluşların qurulması prinsiplərini mənimsəyir, nəticədə isə tam sərbəst şəkildə öz robotlarını yarada biləcək səviyyəyə çatırlar. Yəni şagirdlər burada yalnız nəzəri biliklərlə kifayətlənmir, həm də real layihələr üzərində çalışaraq komanda işi, problem həlli və yaradıcılıq kimi bacarıqlarını inkişaf etdirirlər. Bu isə onların gələcək peşə seçimində mühüm rol oynayır. 

Ali təhsil qədər əhəmiyyətli sahə – peşə təhsili

İqtisadiyyatın davamlı inkişafı keyfiyyətli işçi qüvvəsinin formalaşmasını tələb edir və əmək bazarına uyğun kadr hazırlığının həyata keçirilməsi zərurətini yaradır. Dövlət Proqramının icrası ilə əlaqədar Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publik hüquqi şəxsi və Naxçıvan Şəhər Peşə Liseyi birləşdirilərək onların bazasında “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxsi yaradılıb, Şərur və Ordubad Texniki Peşə və Sürücülük məktəbləri isə “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Şərur Peşə Liseyi” və “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Ordubad Peşə Liseyi” adlandırılaraq publik hüquqi şəxsə çevrilib. Hazırda Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində 416, Şərur Peşə Liseyində 101, Ordubad Peşə Liseyində isə 156 tələbə olmaqla, ümumilikdə, 673 şəxs müxtəlif peşə istiqamətlərində təhsil alırlar.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Regional Peşə Hazırlığı Mərkəzi gənclərin peşələrə yiyələnməsi işinə öz töhfəsini verir. Bu təhsil müəssisələri ən yeni texnologiyalarla, elektron lövhələr, kompüter dəstləri ilə təchiz olunub, emalatxanalar yaradılıb. Bütün bunlar gənclərin keyfiyyətli təhsil almalarına zəmin yaradır. Hazırda peşə təhsili və peşə hazırlığı proqramları əmək bazarının, o cümlədən işəgötürənlərin tələblərinə uyğun ixtisaslar üzrə kadr hazırlığını həyata keçirir. Muxtar respublikada sağlam təhsil mühitinin yaradılması gənclərin müvafiq peşələrə yiyələnərək məşğulluğunun təmin olunmasına, eləcə də müəssisə və təşkilatların, həmçinin özəl sektorun ixtisaslı kadrlarla təminatına öz müsbət təsirini göstərir.

Dövlət siyasəti gənclər üçün yeni bilik, yaradıcılıq və peşəkar inkişaf imkanları yaradır

Görülən işlərin nəticəsi olan bugünkü gəncliyimizin sorağı ölkəmizin və dünyanın müxtəlif təhsil ocaqlarından gəlir. Bu gün onlar beynəlxalq yarışlarda bayrağımızı dalğalandıran, himnimizi səsləndirən qürurverici gəncliyə çevriliblər. Naxçıvan Muxtar Respublikasında əldə olunan mühüm nailiyyətlərin əsasında isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” dayanır. Proqramda elmin və təhsilin modernləşdirilməsi, tədqiqat mühitinin gücləndirilməsi, innovativ yanaşmaların tətbiqi və gənc mütəxəssis hazırlığının keyfiyyətinin artırılması strateji hədəflər kimi müəyyən olunub. Bu siyasət gənclər üçün yeni bilik, yaradıcılıq və peşəkar inkişaf imkanları yaradır. 

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 19.04.2026 12:04