NAXÇIVAN :

27 Iyun 2026, Şənbə

Naxçıvanda “Türkman irsi: dil, mədəniyyət və tarix” mövzusunda elmi müzakirə keçirilib

...

İyunun 23-də “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin, Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində “Türkman irsi: dil, mədəniyyət və tarix” mövzusunda elmi müzakirə keçirilib.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, tədbirdə II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumunda iştirak edəcək Türkman QHT-lərindən ibarət nümayəndə heyəti, alimlər, tədqiqatçılar, ictimai xadimlər iştirak ediblər. 
Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qonaqları salamlayaraq müzakirə olunan mövzunun böyük tarixi və elmi əhəmiyyət daşıdığını vurğulayıb, türkmanların Azərbaycan xalqının formalaşmasında və tariximizdəki müstəsna rolundan danışıb.
Daha sonra AMEA Naxçıvan Bölməsi adından qonaqlara Naxçıvanın tarixi, mədəni mühit və memarlıq abidələrindən bəhs edən kitablar hədiyyə edib.
Tədbirin moderatoru, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, türkman irsi üzrə tədqiqatçı Səkinə Qaybalıyeva, “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzinin sədri Orxan İsayev, Quzey Texnik Universitetində Süni zəka fakültəsinin dekan müavini Savaş Şahin Hürmüzlü və “Türkmaneli” qəzetinin baş redaktoru, yazıçı-jurnalist, tarixçi Necat Kevseroğlu çıxış edərək Azərbaycan-türkman əlaqələrindən danışıblar. 
Necat Kevseroğlu akademik İsmayıl Hacıyevə Kərkük-türkman tarixinə dair kitablar hədiyyə edib.
Tədbirdə Bağdad Universitetinin müəllimi Siham Zəngi, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, Qazi Universiteti Təhsil Fakültəsi Gözəl Sənətlər Təhsili Bölümündə müəllim, professor Ömər Türkmənoğlu çıxış edərək türkman türkcəsinin qorunmasının vacibliyini qeyd edib.
Türkman şairi Əli Yağmuroğlu vətən mövzulu şeirlərindən nümunələr səsləndirib.
Jurnalist, Türkman Xəbər Agentliyinin baş redaktoru, Milli Türkman Koalisyasının rəhbəri Hüseyn Bozan və AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Ramiz Qasımov çıxış edərək türkman irsinin qorunmasının, elmi araşdırmaların, beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. 
Qeyd edək ki, tədbirdə türkman adının etimologiyasından, Azərbaycanda, eləcə də türkmanlar tərəfindən geniş istifadə olunan oxşar atalar sözləri, folklor nümunələrində yaşadılan mədəni miras məsələləri və başqa mühüm məqamlar müzakirə edilib, mövcud mədəni əlaqələrdən danışılıb.
Tədbirin sonunda təəssüratlarını bölüşən qonaqlar Naxçıvanda olmaqdan məmnunluqlarını ifadə ediblər.

Nəşr edilib : 24.06.2026 09:57