NAXÇIVAN :

19 Avqust 2026, Çərşənbə

Naxçıvanda Uşaq Səfirlər Məclisinin nümayəndələri ilə görüş keçirilib

...

19 avqustda Naxçıvan Muxtar Respublikasında Uşaq Səfirlər Məclisinin nümayəndələri ilə görüş keçirilib.  Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, görüşdə şəhər və rayonlar üzrə yerli icra hakimiyyəti orqanlarının məclisə təhkim olunmuş əməkdaşları, eləcə də Uşaq Səfirlər Məclisinin Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarını təmsil edən nümayəndələri iştirak ediblər. Görüşdə açılış nitqi ilə çıxış edən Naxçıvan Muxtar Respublikası  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Uşaq Səfirlər Məclisinin fəaliyyətinin uşaqların hüquq və maraqlarının müdafiəsi, onların ictimai fəallığının artırılması, təşəbbüslərinin dəstəklənməsi və qərar qəbuletmə proseslərində iştirakının təşviqi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Ramilə Seyidova Uşaq Səfirlər Məclisi üzvlərinin fəaliyyətinin müəyyən edilmiş iş planına uyğun olaraq sistemli və məqsədyönlü şəkildə qurulmasının vacibliyini vurğulayıb, məclisə seçilən uşaqları təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb. Görüş zamanı Uşaq Səfirlər Məclisinin fəaliyyəti, uşaqların ictimai həyatda iştirakının artırılması, onların təşəbbüslərinin dəstəklənməsi və uşaq hüquqlarının təşviqi istiqamətində həyata keçiriləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb. Həmçinin şəhər və rayonlar üzrə yerli icra hakimiyyəti orqanlarının məclisə təhkim olunmuş əməkdaşlarının təklifləri dinlənilib. Daha sonra Naxçıvan Muxtar Respublikası üzrə Uşaq Səfirlər Məclisinin kuratoru Taner Əsgərzadə mövzu ilə bağlı  çıxış edib. Görüş çərçivəsində Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarını təmsil edən Uşaq Səfirlər Məclisi nümayəndələrinin qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri və Tədbirlər Planının bəndləri müzakirə edilib. Nümayəndələrin iştirakı ilə həyata keçirilə biləcək layihə və təşəbbüslərlə bağlı fikirlər səsləndirilib. Qeyd edək ki, görüşün sonunda nümayəndələrə Uşaq Səfirlər Məclisinin nişanları və bayraqları təqdim olunub.

Nəşr edilib : 19.08.2026 15:21