NAXÇIVAN :

14 Dekabr 2025, Bazar

Naxçıvanın incisi Göygöl

...

Azərbaycan təbiəti saysız-hesabsız gözəlliklərlə zəngindir. Hər bölgəsində fərqli iqlim tiplərinə, bitki və heyvan növlərinə, dağlara, çaylara və göllərə rast gəlmək mümkündür. Bu təbii sərvətlər yalnız ekoloji əhəmiyyət daşımır, həm də xalqımızın mədəni irsinin bir hissəsini təşkil edir. Belə gözəlliklərdən biri də Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində yerləşən Göygöldür. Bu göl təbiətin bənzərsiz bir əsəridir – saf mavi suları, ətrafındakı dağ mənzərəsi və toxunulmamış ekosistemi ilə hər kəsi valeh edir.
11 iyul 2025-ci il tarixdə UNESCO-nun Parisdə keçirilən 47-ci sessiyasında Azərbaycan tərəfindən təqdim olunmuş “Gəmiqaya və Göygöl Tarixi-Mədəni və Təbii Kompleksi” Dünya İrsinin İlkin Siyahısına daxil edilib. 
Göygöl Zəngəzur silsiləsinin cənub yamacındadır. Sahəsi 1,5 hektar, orta dərinliyi 6,5 metrə qədərdir. Nürgüt kəndi yaxınlığında yerləşən gölün suyu ilin bütün fəsillərində yağan qar və yağışdan, həmçinin gölün ortasında qaynayan bulaqlardan qidalanır. Vulkanik mənşəli bu göl dəniz səviyyəsindən, təqribən, 3000-3500 metr yüksəklikdə dağ ətəyində yerləşir. Kiçik Qafqazın ən hündür dağ gölü sayılır. Göygölün güzgü səthinin uzunluğu 211, eni 103, ən dərin yeri isə    7 metrdir.
Göygöl təbii mənşəli, soyuq sulu, şəffaf və sakit bir dağ gölüdür. Yay aylarında belə gölün suyu buz kimi sərin olur. Göl ətrafında yerləşən alp və subalp çəmənlikləri, qaya çıxıntıları, yaylaq əraziləri bu məkana xüsusi bir gözəllik bəxş edir. Dağ çiçəkləri, kəklikotu, yarpız kimi bitkilər gölün ətrafını əsl təbiət bağçasına çevirir.
Göygöl yalnız bitkilərlə deyil, zəngin heyvanat aləmi ilə də diqqət çəkir. Göl və ətraf dağlıq sahələrdə cüyürlərə, dağ keçilərinə, tülkülərə, qartallara, kəklik və qırqovul kimi quşlara tez-tez rast gəlinir. Bu bölgə həm də nadir və qorunan heyvan növlərinin sığınacağı sayılır.
Alp va subalp çəmənlikləri yay otlağı və biçənək kimi istifadə edildiyindən qeyri-müntəzəm təsərrüfat təsirlərinə məruz qalır. Bu landşaft vahidləri yay aylarında maksimum antropogen yükləməyə məruz qaldığı halda, qış aylarında ekstremal iqlim şəraiti ilə əlaqədar olaraq antropogen təsirlərdən tam azad olur, sanki təbii landşaftlar “istirahət” edir. Subalp çəmənliklərinin əksəriyyəti həm biçənək, həm də otlaq kimi, alp çəmənləri isə yalnız otlaq kimi istifadə edilir. 
Ərazinin alp çəmənliklərinin yuxarı sərhəddinin çox hissəsi qarla örtülü olur. Ondan aşağıda isə subalp çəmənliyi qurşağı yerləşir. Alp çəmənlikləri qurşağının hündürlüyü dağların yerləşdiyi ərazinin coğrafi enliyindən, iqlimindən və yamacların istiqamətlənməsindən asılıdır. Buna görə Göygöl ərazisində eyni vaxtda dörd mövsümü müşahidə etmək olur. 
Göygölün təbiətinin bu dərəcədə müxtəlif olması, bitkiliyin də zəngin olmasına səbəb olur. Burada dağ qərənfili, alp əvəliyi, kül çiçəyi, sürünən qaymaqçiçəyi, çəmənlik ürəkotu və sair bitkilərə rast gəlinir. Təbiətindən asılı olaraq burada yalnız ot bitkiləri bitir. Həmçinin bu bitkilərə ən çox su sahilində rast gəlmək olur. Onu da qeyd edim ki, burada cillər və cığlara da rast gəlmək mümkündür. 
Bitkilərin çoxu su sahilində bitsələr də ərazidə, demək olar ki, bataqlıqlaşmaya rast gəlinmir. Sadəcə, az miqdarda torf örtüyü vardır. Bu da ərazidə temperaturun daha yüksək olmamasından asılıdır. 
Göygöl həm təbii gözəlliyi, həm də ətraf mühitin qorunması baxımından böyük əhəmiyyətə malikdir. Burada insan müdaxiləsi minimum səviyyədədir. Yay aylarında bölgəyə gələn köçərilər təbiətlə ahəng içində yaşayır, əraziyə zərər vermədən təsərrüfatları ilə məşğul olurlar.
Yay aylarında bu yerlərə gələn heyvandarlıqla məşğul olan ailələr həm təsərrüfatları ilə məşğul olur, həm də təbiətin qoynunda sakit həyat sürürlər. Bu da Göygölün və ətrafının mədəni dəyərini artırır. 
Son illərdə bölgəyə maraq artdığı üçün Göygöl və ətraf ərazilər ekoturizm və dağ turizmi baxımından da diqqət çəkir. Buraya gələn qonaqlar təmiz hava, təbii mənzərə və sakitliklə bərabər, Azərbaycan təbiətinin incisini görmək fürsəti əldə edirlər.
Bu cür təbii sərvətlər bizim mədəni və ekoloji irsimizin bir hissəsidir. Ordubadın Göygölü də bizə göstərir ki, vətənimizin hər guşəsində qorunmalı və qiymətləndirilməli bir təbii xəzinə var. Bu gözəllikləri qorumaq və gələcək nəsillərə ötürmək bizim əsas vəzifəmizdir.

Turan MƏMMƏDLİ
biologiya üzrə fəlsəfə doktoru

 

Nəşr edilib : 06.09.2025 15:16