NAXÇIVAN :

18 Avqust 2026, Çərşənbə axşamı

Naxçıvanın inkişafının mərkəzində insan, ailə və sosial rifah dayanır

...

Bu gün Naxçıvan yeni inkişaf mərhələsinin astanasındadır. Muxtar respublikada həyata keçirilən genişmiqyaslı layihələr, sosial infrastrukturun yenilənməsi, nəqliyyat imkanlarının genişləndirilməsi, şəhərsalma və abadlıq işləri bu qədim diyarın gələcək inkişafının yeni istiqamətlərini müəyyənləşdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvana 17-ci səfəri də məhz bu baxımdan mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının səfər zamanı Naxçıvanın gələcəyi ilə bağlı səsləndirdiyi fikirlər, qarşıya qoyulan hədəflər və görülən işlərlə bağlı verdiyi mesajlar muxtar respublikanın inkişafına dövlət səviyyəsində göstərilən diqqətin və qayğının bariz nümunəsidir.

Dövlət başçısının Naxçıvanın inkişafı ilə bağlı fikirlərində insan amilinin, sosial rifahın, müasir infrastrukturun, təhlükəsiz və rahat yaşayış mühitinin xüsusi yer tutması bu inkişafın əsas məqsədinin məhz həyat keyfiyyətinin yüksəldilməsi olduğunu göstərir. Bu gün Naxçıvan artıq ölkənin ümumi inkişaf ritminin ayrılmaz tərkib hissəsinə çevrilir. Coğrafi mövqeyi, nəqliyyat-kommunikasiya imkanları, iqtisadi potensialı və tarixi-mədəni irsi muxtar respublikanın qarşısında yeni perspektivlər açır. Zəngəzur dəhlizinin reallaşması ilə bağlı proseslər isə Naxçıvanın Azərbaycanla və regionun digər iqtisadi məkanları ilə əlaqələrinin daha da genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu, yeni iqtisadi imkanların, əməkdaşlıq mühitinin və inkişaf perspektivlərinin yaranması deməkdir. Bütün bunların fonunda Naxçıvanda sosial siyasətin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki hər bir inkişafın əsas göstəricisi, nəticə etibarilə, insanların gündəlik həyatında hiss olunan dəyişikliklərdir.

Yeni yollar, binalar, müəssisələr və infrastruktur obyektlərinin başlıca məqsədi insanlara daha rahat, təhlükəsiz və layiqli həyat şəraiti yaratmaqdır. Bu baxımdan, Prezident İlham Əliyevin Naxçıvan səfəri çərçivəsində diqqətçəkən mühüm hadisələrdən biri DOST Mərkəzinin fəaliyyətə başlamasıdır. Bu da Naxçıvanda sosial xidmətlərin daha əlçatan, şəffaf və operativ təşkilində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. DOST yanaşmasının əsas üstünlüklərindən biri vətəndaşın müxtəlif sosial məsələlərlə bağlı bir neçə ünvana müraciət etmək zərurətinin aradan qaldırılmasıdır. Pensiya, əmək və məşğulluq, sosial müavinətlər, əlillik, övladlığa götürmə və digər sosial xidmətlərin vahid məkanda təqdim edilməsi insanların vaxtına qənaət etməklə yanaşı, sosial xidmətlərə çıxış imkanlarını da genişləndirir.

Xüsusilə ailə, qadın və uşaq məsələləri baxımından sosial xidmətlərin əlçatan olması böyük əhəmiyyət kəsb edir. Çünki ailənin rifahı yalnız maddi təminatla ölçülmür. Ailənin sosial müdafiəsi, uşaqların hüquqlarının qorunması, qadınların sosial və iqtisadi həyatda fəal iştirakı, xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyası bir-biri ilə sıx bağlı məsələlərdir. Əslində, müasir sosial siyasətin əsas məqsədi də məhz budur: vətəndaşa xidmət göstərmək, onun cəmiyyətin fəal üzvü kimi öz imkanlarını reallaşdırmasına şərait yaratmaq.

Naxçıvanın yeni inkişaf mərhələsindən danışarkən ailə, qadın və uşaq məsələlərinə xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Cəmiyyətin gələcəyi sağlam ailədən, ailənin gələcəyi isə uşaqların sağlam, təhlükəsiz və layiqli mühitdə böyüməsindən başlayır. Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətdə ailələrin rifahının yüksəldilməsi, qadınların hüquq və imkanlarının genişləndirilməsi, uşaqların hüquqlarının qorunması və onların hərtərəfli inkişafı mühüm istiqamətlərdən biridir. Bu siyasət Naxçıvan Muxtar Respublikasında da ardıcıl şəkildə həyata keçirilir. Uşaqların təhsilə çıxış imkanlarının genişləndirilməsi, məktəbəqədər təhsil müəssisələrinin sayının artırılması bu istiqamətdə görülən işlərin mühüm hissəsidir. Səfərdən bir gün sonra avqustun 12-də cənab Prezidentin imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasında, ümumilikdə, 640 yerlik 5 yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisinin nəzərdə tutulması da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bulqan kəndində, Ordubad rayonunun Dəstə kəndində, Şərur şəhərində və Kəngərli rayonunun Qarabağlar kəndində hər biri 100, Culfa rayonunun Əbrəqunus kəndində isə 240 yerlik yeni məktəbəqədər təhsil müəssisələrinin tikintisi uşaqların erkən yaşlardan keyfiyyətli təhsil və inkişaf imkanlarına çıxışını genişləndirəcək.

Naxçıvan şəhərinin 2044-cü ilədək Baş Planının hazırlanması bu qədim şəhərin gələcəyinə uzunmüddətli və sistemli yanaşmanın formalaşdırıldığını göstərir. Müasir şəhər isə həm də ailələrin rahat yaşadığı məkandır. Yaşayış ərazilərində məktəblərin, uşaq bağçalarının, səhiyyə müəssisələrinin, parkların, idman və istirahət zonalarının əlçatan olması ailələrin gündəlik həyatını asanlaşdırır. İnsan özünü yaşadığı şəhərdə təhlükəsiz və rahat hiss edirsə, uşağının sərbəst oynaya biləcəyinə, qadınının və ya anasının ictimai məkanda təhlükəsiz hərəkət edə biləcəyinə əmindirsə, həmin şəhər yaşayış üçün əlverişli mühitə çevrilir. Məhz bu yanaşma Naxçıvanın qarşıdakı inkişaf mərhələsinin mahiyyətini də müəyyənləşdirir.

Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı səsləndirdiyi fikirlər bir daha göstərdi ki, qarşıdakı dövrdə muxtar respublikanın inkişafı yalnız ayrı-ayrı layihələrin həyata keçirilməsi ilə məhdudlaşmayacaq. Qarşıda daha geniş, sistemli və uzunmüddətli hədəflər dayanır. Qədim Nuh yurdu yeni dövrə qədəm qoyur. Bu yeni dövr yalnız yolların, binaların və infrastrukturların yenilənməsi ilə deyil, insanların həyatında baş verən müsbət dəyişikliklərlə ölçüləcək. Ailələrin daha rahat yaşadığı, qadınların daha geniş imkanlara malik olduğu, uşaqların təhlükəsiz və sağlam mühitdə böyüdüyü, xüsusi qayğıya ehtiyacı olan insanların cəmiyyətin bütün sahələrində fəal iştirak edə bildiyi Naxçıvan bizim görmək istədiyimiz Naxçıvandır. Bu gün qarşıda duran əsas vəzifələrdən biri də həyata keçirilən böyük layihələrin insan həyatında real nəticələrə çevrilməsini təmin etməkdir. Çünki inkişafın ən doğru ölçüsü insanların gündəlik həyatında hiss etdikləri rahatlıq, təhlükəsizlik və rifahdır.

Qarşıdakı illərdə Naxçıvan daha müasir, daha rahat, daha təhlükəsiz və daha əlçatan yaşayış məkanına çevriləcək. Bu inkişafın mərkəzində isə insan dayanacaq. Ailə, qadın və uşaq məsələlərinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi diqqətdə saxlanılması Naxçıvanın gələcəyinin sosial baxımdan da sağlam təməllər üzərində qurulduğunu göstərir. Naxçıvanın qarşısında yeni üfüqlər açılır. Biz isə Naxçıvanın sabahına daim ümidlə baxır, cənab Prezidentin həyata keçirdiyi siyasəti dəstəkləyir və bu siyasətin Naxçıvanın inkişafında yeni imkanlar yaradacağına inanırıq.

          Bülbül RÖVŞƏNQIZI

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə

Dövlət Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi

Nəşr edilib : 18.08.2026 14:53