Naxçıvan yeni iqtisadi inkişaf modelinə doğru
16:49 13.08.2026
0
0
0
NAXÇIVAN :
13 Avqust 2026, Cümə axşamı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 avqust 2026-cı il tarixdə Naxçıvana səfəri qədim diyarın qarşıdakı inkişaf perspektivlərinə dair aydın və sistemli baxış ortaya qoydu. Cənab Prezidentin Naxçıvanda Azərbaycan televiziyasına verdiyi müsahibədə səsləndirilən fikirlər göstərdi ki, Naxçıvanın gələcəyi yalnız ayrı-ayrı layihələrin icrası ilə deyil, təhlükəsizlik, enerji, sənaye, nəqliyyat, kənd təsərrüfatı, turizm, sosial infrastruktur və tarixi-mədəni irsin qorunmasını birləşdirən vahid inkişaf strategiyası əsasında formalaşdırılır. Cənab İlham Əliyevin Prezident kimi Naxçıvana 17-ci səfəri zamanı iştirak etdiyi tədbirlər muxtar respublikanın inkişafının müxtəlif istiqamətlərini əhatə edən genişmiqyaslı fəaliyyətin göstəricisidir.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın inkişaf perspektivlərindən danışarkən, ilk növbədə, təhlükəsizlik amili önə çıxır. Coğrafi mövqeyi və Azərbaycanın əsas hissəsi ilə birbaşa quru bağlantısının olmaması Naxçıvanın müdafiə potensialının daim diqqətdə saxlanılmasını zəruri edir. Cənab Prezidentin uzaqgörən siyasətinin nəticəsində Naxçıvanda Əlahiddə Ordunun yaradılması məhz bu spesifik xüsusiyyətlər nəzərə alınmaqla həyata keçirilib. Bu gün isə hərbi potensialın ən müasir texnika və yeni komando qüvvələri hesabına gücləndirilməsi davam etdirilir. Bu yanaşmanın mahiyyəti yalnız hərbi gücün artırılması deyil. Təhlükəsizliyin təmin olunması Naxçıvanın iqtisadi və sosial inkişafı üçün etibarlı zəmin yaradır.
Ən mühüm istiqamətlərdən biri Naxçıvanın enerji gələcəyidir. Muxtar respublikanın enerji təminatı artıq yalnız daxili tələbatın ödənilməsi müstəvisində nəzərdən keçirilmir. Qarşıdakı mərhələdə əsas məqsədlərdən biri Naxçıvanı enerji ixrac edən mərkəzlərdən birinə çevirməkdir. Bununla yanaşı, qədim diyarın Günəş enerjisi potensialı xüsusi diqqət çəkir. Ümumilikdə, Naxçıvanda 688 hektar sahə Günəş elektrik stansiyalarının tikintisi məqsədilə bərpa olunan enerji mənbələri ərazisi kimi müəyyən edilib. Beləliklə, Naxçıvanın enerji siyasətində yeni mərhələ başlayır: enerji təhlükəsizliyindən enerji bolluğuna, enerji bolluğundan isə enerji ixracına keçid.
Naxçıvanın gələcəyini müəyyənləşdirən ən mühüm məsələlərdən biri kimi nəqliyyat amili xüsusilə geniş yer tutur. Zəngəzur dəhlizi ideyasının həyata keçirilməsi Naxçıvanın coğrafi mövqeyini yeni məzmunla zənginləşdirəcək. Azərbaycanı Naxçıvanla birləşdirəcək nəqliyyat bağlantısı təkcə iki ərazi arasında əlaqənin bərpası deyil, daha geniş coğrafiyanı birləşdirən yeni nəqliyyat xəritəsinin formalaşması deməkdir. Horadiz-Ağbənd avtomobil yolunun, demək olar ki, hazır vəziyyətə gətirilməsi, dəmir yolunun tikintisinin davam etdirilməsi və Naxçıvan ərazisində dəmir yolu infrastrukturunun yenidən qurulması bu istiqamətdə görülən işlərin miqyasını göstərir.
Xüsusilə diqqətçəkən məqam Naxçıvan dəmir yolunun gələcək yükaşırma qabiliyyətinin 15 milyon tona çatdırılması planıdır. Bu, Naxçıvanın yalnız tranzit ərazi deyil, mühüm logistika mərkəzinə çevrilməsi üçün ciddi imkan yaradır. Bu isə Naxçıvanı Avrasiya nəqliyyat xəritəsində strateji mövqeyə çıxaracaq. 15 milyon ton və daha çox yükün Naxçıvandan keçməsi yeni logistika mərkəzlərinin, xidmət sahələrinin, istehsal müəssisələrinin və çoxsaylı iş yerlərinin yaranmasına təkan verəcək. Bu mənada nəqliyyat layihələri yalnız yol və dəmir yolu tikintisi deyil, bütövlükdə, iqtisadi, transformasiya layihələridir.
Cənab İlham Əliyevin Azərbaycan televiziyasına müsahibəsində diqqətçəkən fikirlərdən biri də Zəngəzur dəhlizinə daha geniş yanaşmanın ifadə olunmasıdır. Bu dəhliz gələcəkdə avtomobil və dəmir yolları ilə yanaşı, elektrik xətləri, fiber-optik kabellər, zərurət yaranarsa, enerji daşıyıcıları üçün digər infrastrukturun keçdiyi çoxfunksiyalı kommunikasiya xəttinə çevrilə bilər. Bu baxımdan, Zəngəzur dəhlizi təkcə Azərbaycanla Naxçıvan arasında bağlantı deyil. O, region ölkələrinin enerji və nəqliyyat sistemlərini bir-birinə bağlayan, iqtisadi əməkdaşlığı genişləndirən və yeni imkanlar yaradan regional platforma kimi çıxış edəcək. Cənab Prezidentin vurğuladığı kimi: “...nə qədər çox alternativlər olsa, hamı üçün o qədər də yaxşıdır”.
Cənab Prezidentin iştirakı ilə Naxçıvan Sənaye Parkının təməlinin qoyulması muxtar respublikanın iqtisadi gələcəyi baxımından xüsusi hadisədir. Sənaye Parkının yaradılması yeni istehsal sahələrinin, müasir müəssisələrin və iş yerlərinin formalaşmasına imkan verəcək. Bu eyni zamanda Naxçıvan iqtisadiyyatının daha çox istehsal və ixracyönümlü modelə keçidini sürətləndirəcək. Əgər enerji və nəqliyyat imkanlarının genişləndirilməsi sənaye üçün infrastruktur bazası yaradırsa, Sənaye Parkı həmin imkanların iqtisadi dəyərə çevrilməsinə şərait yaradacaq.
Naxçıvanın inkişafında kənd təsərrüfatı da xüsusi yer tutur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramında Naxçıvana xüsusi diqqət ayrılıb. Bu istiqamətdə görülən işlər yalnız kənd təsərrüfatı istehsalının artımına deyil, kənd yerlərində məşğulluğun genişlənməsinə, ərzaq təhlükəsizliyinin gücləndirilməsinə və yerli iqtisadi fəallığın yüksəlməsinə xidmət edəcək.
Naxçıvanın gələcəyi haqqında danışarkən onun keçmişinin qorunması da xüsusi əhəmiyyət daşıyır. Prezidentin müsahibəsində Möminə xatun türbəsinin bərpası, digər tarixi-mədəni abidələrin konservasiyası və qorunması ilə bağlı məsələlərin vurğulanması təsadüfi deyil. Naxçıvan qədim dövlətçilik və mədəniyyət mərkəzi olmaqla yanaşı, Azərbaycan memarlıq məktəbinin ən mühüm beşiklərindən biridir. Əcəmi Naxçıvani kimi dahi memarın irsi bu diyarın dünya mədəniyyətinə verdiyi töhfələrin parlaq nümunəsidir. Bu baxımdan, tarixi abidələrin bərpası yalnız keçmişin qorunması deyil, həm də gələcək turizm imkanlarının genişləndirilməsidir. Naxçıvanın zəngin tarixi, təbiəti, təmiz havası və mənzərəli məkanları onun turizm potensialını yüksək qiymətləndirməyə əsas verir. Yeni beşulduzlu mehmanxananın təməlinin qoyulması isə turizm infrastrukturunun yenilənməsi istiqamətində mühüm addımdır.
İnkişafın əsas göstəricilərindən biri də insanların gündəlik həyatına birbaşa təsir edən infrastruktur layihələridir. Naxçıvan şəhərində yeni elektrik avtobuslarının istifadəyə verilməsi şəhər nəqliyyatının müasirləşdirilməsi baxımından əhəmiyyətlidir. Şəhərlərarası və rayonlararası nəqliyyat üçün 217 müasir avtobusun alınması ilə bağlı cənab Prezidentin tapşırığı isə muxtar respublikanın şəhər və rayonları arasında nəqliyyat əlaqələrinin daha da yaxşılaşdırılmasına xidmət edəcək. Bununla yanaşı, 420 kilometr uzunluğunda müxtəlif kateqoriyalı yolların tikintisi və əsaslı təmiri nəzərdə tutulur. Bu, 26 yaşayış məntəqəsində, təxminən, 160 min insanın həyatına müsbət təsir göstərəcək.
Cənab Prezidentin Azərbaycan Televiziyasına müsahibəsində səsləndirilən mühüm mesajlardan biri Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf konsepsiyası çərçivəsində nəzərdən keçirilməsidir. Naxçıvanın muxtar respublika statusu saxlanılmaqla idarəetmə qaydalarının təkmilləşdirilməsi ilə bağlı Qarabağ və Şərqi Zəngəzurdakı kimi Prezidentin xüsusi nümayəndəliyi modelinin Naxçıvanda da tətbiq edilməsi bu yanaşmanın tərkib hissəsidir. Burada məqsəd idarəetməni daha çevik, nəticəyönümlü və layihələrin icrasını daha sürətli etməkdir. Bu yanaşma həm də Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun gələcək inkişafının vahid konsepsiya əsasında qurulmasına xidmət edir.
Azərbaycan Prezidentinin Naxçıvana səfəri çərçivəsində Naxçıvan şəhərində 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlinin qoyulması əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsidir. Kompleksin təməlinin dövlət başçısının Naxçıvana səfəri zamanı qoyulması sosial siyasətin muxtar respublikada da ardıcıl şəkildə davam etdirildiyini göstərir. Görülən tədbirlər bir tərəfdən vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasına, digər tərəfdən isə Naxçıvanın şəhərsalma və sosial infrastrukturunun kompleks şəkildə yenilənməsinə xidmət edir.
Prezident İlham Əliyevin Naxçıvana səfəri çərçivəsində Naxçıvan şəhərinin yeni Baş Planının təqdim edilməsi şəhərin gələcək inkişafının sistemli və uzunmüddətli əsaslar üzərində qurulması baxımından mühüm əhəmiyyət daşıyır. Baş plan Naxçıvan şəhərinin müasir şəhərsalma prinsipləri əsasında inkişaf etdirilməsini, əhalinin rahat və təhlükəsiz yaşayışı üçün zəruri infrastrukturun formalaşdırılmasını, nəqliyyat sisteminin təkmilləşdirilməsini, yeni yaşayış və ictimai məkanların yaradılmasını, yaşıllıq ərazilərinin genişləndirilməsini və şəhərin tarixi-memarlıq simasının qorunmasını nəzərdə tutur. Baş plan, eyni zamanda Naxçıvan şəhərinin artan sosial-iqtisadi potensialının gələcək inkişaf perspektivləri ilə uzlaşdırılmasına, şəhərin daha funksional və rahat urbanistik məkana çevrilməsinə imkan verəcək.
Prezident İlham Əliyevin Naxçıvan səfəri zamanı verdiyi müsahibənin ümumi məzmunu bir mühüm nəticəyə gəlməyə imkan verir: Naxçıvanın inkişafı ilə bağlı hədəflər ayrı-ayrı istiqamətlər üzrə deyil, vahid və uzunmüddətli strategiya əsasında müəyyənləşdirilir. Bu strategiyanın bir tərəfində təhlükəsizlik və enerji dayanıqlılığı, digər tərəfində sənaye və nəqliyyat, kənd təsərrüfatı və turizm, sosial infrastruktur və müasir şəhərsalma, bütün bunların təməlində isə Naxçıvanın tarixi-mədəni irsi dayanır. Diqqətçəkən məqamlardan biri isə ondan ibarətdir ki, Naxçıvan artıq yalnız öz daxili inkişaf ehtiyacları çərçivəsində nəzərdən keçirilmir. Onun gələcək rolu regional və beynəlxalq layihələrlə əlaqələndirilir. Cənab Prezidentin dediyi kimi, planlar böyükdür. Bu planların həyata keçirilməsi isə Naxçıvanın inkişafında yeni mərhələnin başlanğıcı deyil, artıq başlanmış genişmiqyaslı transformasiyanın növbəti və daha sürətli mərhələsidir.
Qəzənfər ABDULLAYEV
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin deputatı
Digər xəbərlər