NAXÇIVAN :

07 Oktyabr 2026, Çərşənbə

Naxçıvanın yeni inkişaf xəritəsi: blokadadan iqtisadi yüksəlişə

...

Azərbaycanın əsas ərazisindən coğrafi cəhətdən ayrı düşmüş Naxçıvan Muxtar Respublikası uzun illər blokada şəraitində yaşayıb. Bu vəziyyət regionun iqtisadi şaxələndirilməsinə, sahibkarlıq mühitinin formalaşmasına və xarici əlaqələrinin genişlənməsinə birbaşa təsir göstərib. Bu gün isə muxtar respublika tarixi dönüş mərhələsindədir: yeni nəqliyyat və enerji layihələri Naxçıvanın mövcud coğrafi mövqeyini məhdudiyyətdən üstünlüyə çevirmək üçün yeni imkanlar yaradır.
Naxçıvanın inkişafında yeni mərhələ başlayır. Uzun illər blokada şəraitinin yaratdığı məhdudiyyətlərlə üzləşən muxtar respublikada bu gün iqtisadi potensialın reallaşdırılması, nəqliyyat və enerji imkanlarının genişləndirilməsi, sahibkarlığın inkişafı və regional əlaqələrdə mövqeyinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır.
Bu dəyişikliklər ayrı-ayrı layihələrdən deyil, bir-birini tamamlayan vahid inkişaf strategiyasından xəbər verir. Nəqliyyat infrastrukturunun yenilənməsi, enerji imkanlarının genişləndirilməsi, aqrar və sənaye potensialının hərəkətə gətirilməsi, sosial və şəhər infrastrukturunun müasirləşdirilməsi Naxçıvanın qarşıdakı inkişaf mərhələsinin əsas istiqamətlərini təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri bu baxımdan xüsusi əhəmiyyət daşıdı. Səfər zamanı bir sıra mühüm layihələrin təməli qoyuldu, yeni obyektlərin açılışı oldu, müxtəlif sahələrdə görülən işlər təqdim edildi.
Avqustun 12-də imzalanan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam isə qarşıya qoyulan vəzifələri konkret layihələr və maliyyə təminatı ilə tamamladı.
Naxçıvanın yeni inkişaf mərhələsinin ən mühüm xüsusiyyətlərindən biri onun coğrafi mövqeyinin üstünlüyə çevrilməsi üçün real imkanların yaranmasıdır. Uzun illər blokada şəraitinin yaratdığı məhdudiyyətlər Naxçıvanın coğrafi mövqeyini iqtisadi inkişaf qarşısında ciddi maneələrdən birinə çevirmişdi. Bu gün isə regionda baş verən geosiyasi və iqtisadi dəyişikliklər həmin mövqedən daha səmərəli istifadə etməyə imkan verir. Naxçıvan artıq Azərbaycanı Türkiyə, İran və daha geniş regional nəqliyyat məkanı ilə əlaqələndirə biləcək strateji qovşaq kimi nəzərdən keçirilir.
Bu baxımdan Zəngəzur dəhlizinin reallaşması xüsusi əhəmiyyət daşıyır. Dəhlizin Naxçıvan hissəsində tikinti işlərinin başlanması, Ermənistan sərhədindən Ordubad istiqamətində Zərəni və Salamməlik stansiyaları arasındakı 7 kilometrlik hissədə işlərin davam etdirilməsi yeni nəqliyyat imkanlarının formalaşmasının praktik mərhələyə keçdiyini göstərir. Muxtar respublika ərazisində dəmir yolunun ümumi uzunluğunun 194,2 kilometr olması, 10 stansiya və 3 sərnişin dayanacaq platformasının yenidən qurulmasının nəzərdə tutulması layihənin miqyasını göstərir.
Culfa stansiyasının İran istiqamətində mövcud dəmir yolu xəttinə bağlanması, Ağbənd-Kəlalə körpüsünün inşasının başa çatmaq üzrə olması, perspektivdə Ordubad-Siyahrud körpüsünün və Naxçıvan-Türkiyə istiqamətində ikinci körpünün tikintisinin nəzərdə tutulması muxtar respublikanın nəqliyyat əlaqələrinin şaxələnməsinə xidmət edəcək.
Bununla da, Naxçıvanın iqtisadi həyatı yalnız daxili bazarın imkanları ilə məhdudlaşmayacaq, tranzit və logistika fəaliyyətinin yaratdığı yeni iqtisadi imkanlardan da bəhrələnə biləcək.
Əslində, nəqliyyat infrastrukturu burada daha böyük iqtisadi prosesin yalnız bir hissəsidir. Yolun çəkilməsi öz-özlüyündə iqtisadi inkişaf demək deyil. Əsas məsələ həmin yolun ətrafında logistika, anbar, xidmət, emal, istehsal və ticarət imkanlarının formalaşdırılmasıdır.
Naxçıvanın gələcəkdə regional logistika mərkəzinə çevrilməsi də məhz bu zəncirin yaradılmasından asılı olacaq. Nəqliyyat layihələri ilə sənaye, kənd təsərrüfatı, turizm və xidmət sektorunun inkişafı arasında əlaqə nə qədər güclü qurularsa, əldə ediləcək iqtisadi nəticə də bir o qədər böyük olacaq.
Naxçıvanın enerji potensialı da yeni iqtisadi modelin mühüm dayaqlarından biridir. Muxtar respublikanın günəşli iqlimi və təbii-coğrafi xüsusiyyətləri bərpa olunan enerji mənbələrinin inkişafı üçün əlverişli şərait yaradır.
Cari ildə istehsal və istehlak olunan enerjinin 60 faizinin bərpa olunan mənbələr hesabına əldə edilməsi artıq bu potensialın real nəticələrə çevrildiyini göstərir. Son aylarda elektrik enerjisi istehsalında qazdan istifadə olunmaması da "yaşıl enerji"nin imkanlarını nümayiş etdirən göstəricilərdən biridir.
İlkin qiymətləndirmələrə görə, Naxçıvanın 21 min meqavatdan çox enerji potensialına malik olması qarşıdakı imkanların miqyasını göstərir. Yaxın hədəfin 1000 meqavata çatdırılması, Cəbrayıl enerji qovşağından Naxçıvana 330 kilovoltluq xəttin çəkilməsi və Türkiyə istiqamətində enerji əlaqələrinin genişləndirilməsi enerji sisteminin daha geniş regional şəbəkəyə inteqrasiyası üçün yeni imkanlar yaradacaq.
Hər biri 25 meqavat gücündə “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarının inşası, Tivi və Ordubad Su Elektrik stansiyaları ilə bağlı layihələr Naxçıvanın enerji xəritəsini dəyişə bilər. Burada əsas məsələ yalnız elektrik enerjisi istehsalını artırmaq deyil. Enerji istehsalının artması gələcəkdə yeni sənaye müəssisələrinin yaradılması, investisiyaların cəlb edilməsi və istehsalın maya dəyərinin rəqabətqabiliyyətli səviyyədə saxlanılması üçün də mühüm üstünlük yarada bilər.
Naxçıvanın inkişafında digər mühüm istiqamət kənd təsərrüfatının yeni iqtisadi reallıqlara uyğunlaşdırılmasıdır. Əhalinin 60 faizdən çoxunun kənd yerlərində yaşaması aqrar sahənin muxtar respublikanın sosial-iqtisadi həyatındakı rolunu aydın göstərir. Buna görə də kənd təsərrüfatının inkişafı yalnız məhsul istehsalının artırılması kimi deyil, kənd yerlərində məşğulluğun və gəlirlərin yüksəldilməsi məsələsi kimi də qiymətləndirilməlidir.
Bu sahədə ən mühüm məsələlərdən biri su təminatıdır. 2026-2030-cu illəri əhatə edən Tədbirlər Planında 42 nasos stansiyası və təzyiqli boru xəttinin, 22 kanal və 3 özüaxımlı borunun əsaslı təmiri və yenidən qurulmasının nəzərdə tutulması 40 min hektar sahənin dayanıqlı su ilə təmin olunmasına imkan verə bilər.
Suvarma sistemlərinin yenilənməsi ilə yanaşı, suya qənaət edən müasir texnologiyaların tətbiqi də gələcək aqrar siyasətin əsas istiqamətlərindən biridir. Çünki müasir kənd təsərrüfatının rəqabətqabiliyyətliliyi yalnız əkin sahəsinin genişliyi ilə müəyyən edilmir. Məhsuldarlıq, müasir texnologiyalar, saxlama və emal imkanları, logistika və bazara çıxış bir-birini tamamlayan amillərdir.
İntensiv bağların, istixanaların və soyuducu anbarların genişləndirilməsi, heyvandarlığın inkişafı, məhsuldarlığın artırılması və 2028-ci ilə qədər heyvan xəstəliklərindən azad zonanın yaradılması bu baxımdan mühüm perspektivlər yaradır. Naxçıvanda yetişdirilən məhsulun yalnız xammal kimi deyil, emal olunmuş və daha yüksək əlavə dəyər yaradan məhsul kimi bazara çıxarılması aqrar sektorun iqtisadi əhəmiyyətini daha da artıracaq.
Təbii ki, aqrar sahənin inkişafı ilə sənayenin inkişafı bir-birindən ayrı düşünülməməlidir. Kənd təsərrüfatında istehsal olunan məhsulun Naxçıvanda emal edilməsi həm əlavə dəyər yaradacaq, həm də yeni iş yerlərinin açılmasına imkan verəcək. Bu baxımdan aqrar və yeyinti sənayesi ilə yanaşı, dağ-mədən, yüngül sənaye, tikinti materialları, kimya və metallurgiya kimi sahələrin genişləndirilməsi Naxçıvan iqtisadiyyatının şaxələndirilməsi üçün mühüm əhəmiyyət daşıyır.
Cari ilin səkkiz ayında 366 milyon manatlıq sənaye məhsulunun istehsal edilməsi, sənayenin ÜDM-də payının 11 faiz təşkil etməsi və sənayeyə 66 milyon manat investisiya yatırılması artıq müəyyən dinamikanın formalaşdığını göstərir. 310 hektar ərazini əhatə edən Naxçıvan Sənaye Parkının fəaliyyətə başlaması isə bu prosesə daha sistemli xarakter verə bilər. 
Naxçıvanın təbii sərvətləri də sənayeləşmənin əlavə imkanlarından biridir. Ortakənd qızıl, Göydağ və Başkənd mis, Nəsirvaz polimetal yataqları, eləcə də Parağaçay, Qapıcıq və Gümüşlü yataqları üzrə aparılan ilkin araşdırmalar dağ-mədən sahəsinin gələcək potensialını göstərir. Lakin burada əsas məqsəd yalnız xammalın çıxarılması olmamalıdır. İqtisadi baxımdan daha böyük nəticə xammalın mümkün qədər muxtar respublika daxilində emal edilməsi, yeni istehsal zəncirlərinin yaradılması və hazır məhsul istehsalının genişləndirilməsi ilə əldə oluna bilər. Bütün bu proseslərin mərkəzində isə sahibkarlığın inkişafı dayanır. Dövlət tərəfindən yaradılan infrastruktur imkanlarının iqtisadi nəticəyə çevrilməsi üçün özəl sektorun daha fəal iştirakı vacibdir.
Son üç ildə özəl sektorda muzdla çalışanların sayının 13 mindən 17 min nəfərə yüksəlməsi müsbət dinamikanı göstərir. Lakin qarşıdakı mərhələdə məqsəd yalnız bu göstəricini artırmaq deyil, sahibkarlığı iqtisadiyyatın aparıcı hərəkətverici qüvvələrindən birinə çevirməkdir.
Özünüməşğulluq proqramı çərçivəsində 2017-2026-cı illərdə 3362 nəfərin aktivlərlə təmin edilməsi də bu baxımdan əhəmiyyətlidir. Yeni iqtisadi şəraitdə sahibkarlığın inkişafı isə yalnız ayrı-ayrı proqramlarla məhdudlaşmayacaq. Yeni investisiya imkanları, maliyyəyə çıxış, bazarlara inteqrasiya, peşəkar kadrlar və rəqəmsal texnologiyalar sahibkar üçün əlçatan olduqca iqtisadi fəallığın miqyası da genişlənəcək.
Burada insan kapitalı məsələsi də xüsusi əhəmiyyət daşıyır. Yeni sənaye müəssisələri, logistika mərkəzləri, enerji obyektləri, müasir kənd təsərrüfatı və xidmət sahələri yeni peşələrə və yeni bacarıqlara ehtiyac yaradacaq. Buna görə də Naxçıvanın inkişaf strategiyasında təhsil və peşə hazırlığı iqtisadi siyasətin tamamlayıcı deyil, əsas istiqamətlərindən biri kimi nəzərdən keçirilməlidir. Əmək bazarının gələcək tələblərinə uyğun kadrların hazırlanması yeni layihələrin davamlılığını təmin edən əsas amillərdən olacaq.
İnkişafın digər mühüm tərəfi isə insanların gündəlik həyatında hiss olunan dəyişikliklərdir. Naxçıvan şəhərinin 2044-cü ilədək Baş Planı bu baxımdan uzunmüddətli perspektivi müəyyənləşdirir.
İctimai nəqliyyatın elektrobuslarla yenilənməsi, nağdsız ödəniş və “ağıllı” idarəetmə sistemlərinin tətbiqi şəhər həyatının keyfiyyətinə təsir göstərir. Müasir şəhər anlayışı yalnız yeni binaların tikilməsi deyil. Burada rahat nəqliyyat, yaşıllıq, ictimai məkanlar, rəqəmsal xidmətlər, təhlükəsiz və əlçatan yaşayış mühiti birlikdə nəzərdə tutulur.
Naxçıvanın gələcək inkişafında turizm də ayrıca imkan kimi qiymətləndirilir. Muxtar respublikanın zəngin tarixi, memarlıq abidələri, təbii landşaftları və mədəni irsi bu sahənin inkişafı üçün geniş baza yaradır. Möminə xatun türbəsində bərpa-konservasiya işlərinin aparılması, Ordubad Dövlət Tarix-Mədəniyyət Qoruğunun bərpası ilə bağlı layihələrin hazırlanması yalnız tarixi-mədəni irsin qorunması baxımından deyil, həm də bu irsin turizm iqtisadiyyatına daha fəal cəlb olunması baxımından əhəmiyyətlidir.
Bütün bu istiqamətləri birləşdirən əsas məsələ dövlət investisiyalarının yaratdığı imkanların iqtisadi dövriyyədə daha böyük nəticələrə çevrilməsidir. İndi qarşıda daha fərqli vəzifə dayanır: yaradılmış infrastrukturun iqtisadi fəallığı artırması, özəl investisiyaları cəlb etməsi və dövlət dəstəyinə ehtiyacın mərhələli şəkildə azalmasına şərait yaratması.
Naxçıvanın qarşısında bu gün məhz belə bir inkişaf modeli formalaşır. Nəqliyyat dəhlizləri logistikanı, enerji layihələri sənayeni, su infrastrukturu kənd təsərrüfatını, sənaye parkı istehsalı, turizm və mədəni irs xidmət sektorunu, bütün bunların məcmusu isə yeni məşğulluq imkanlarını hərəkətə gətirə bilər. Bu əlaqələr nə qədər güclü qurularsa, ayrı-ayrı layihələrin ümumi iqtisadi təsiri də bir o qədər böyük olacaq.
Əslində, “yeni Naxçıvan” anlayışı yalnız yeni yolların, körpülərin, enerji stansiyalarının və sənaye müəssisələrinin yaradılması ilə ölçülmür. Yeni Naxçıvan, ilk növbədə, imkanların dəyişdiyi Naxçıvandır. Bir vaxtlar məhdudiyyət yaradan coğrafi mövqenin üstünlüyə, təbii sərvətlərin iqtisadi dəyərə, dövlət investisiyalarının özəl təşəbbüsə, infrastrukturun istehsala və istehsalın yeni məşğulluq imkanlarına çevrildiyi bir inkişaf mərhələsidir.
Bu prosesin qarşıdakı illərdə daha da sürətlənməsi Naxçıvanın Azərbaycan iqtisadiyyatına verdiyi töhfənin artmasına, regiondakı mövqeyinin möhkəmlənməsinə və əhalinin rifahının yüksəlməsinə imkan verəcək. 
Naxçıvan üçün yeni mərhələ artıq başlayıb. Bu mərhələnin istiqaməti blokadanın yaratdığı məhdudiyyətlərdən çıxaraq regional əlaqələrə açılmaq, mövcud potensialı hərəkətə gətirmək və yaradılan imkanları davamlı iqtisadi nəticələrə çevirməkdir.
Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyur — blokadanın yaratdığı məhdudiyyətlərdən yeni imkanlara, mövcud potensialdan davamlı inkişafa doğru.

Canməmməd CANMƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 06.10.2026 19:04