NAXÇIVAN :

11 Avqust 2026, Çərşənbə axşamı

Naxçıvanlı gənclər “Heydər Əliyev məktəbi”ndə yeni bilik və təcrübə qazanıblar

...

YAP Mərkəzi Aparatı və Naxçıvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə 29 iyul-3 avqust tarixlərdə Gəncə şəhərində “Heydər Əliyev məktəbi” layihəsi keçirilib. Layihədə partiyanın Naxçıvan Muxtar Respublikasındakı 8 yerli təşkilatını təmsil edən 62 gənc iştirak edib.

Layihə çərçivəsində gənclər “Heydər Əliyev və müstəqil Azərbaycanın ideoloji əsasları”, “Dövlət gənclər siyasəti”, “Böyük Qayıdış” Konsepsiyası və Azərbaycanın gələcək inkişaf strategiyası” və “Memar Əcəmi irsi: milli memarlıq üslubunun formalaşması və inkişafı” mövzularında keçirilən diskussiyalarda fəal iştirak ediblər.

Proqram müddətində gənclər üçün interaktiv təlimlər, idman yarışları və istedad gecələri təşkil olunub. “Gələcəyin şəhəri: maketini qur!” adlı interaktiv vörkşop zamanı iştirakçılar komandalar şəklində ekologiya, innovasiya və urbanizm prinsiplərini əsas götürərək ideal şəhər maketləri hazırlayıb, liderlik, effektiv kommunikasiya və böhran şəraitində birgə qərarvermə bacarıqlarını nümayiş etdiriblər.

“Heydər Əliyev məktəbi” çərçivəsində təşkil olunan Gəncə şəhərinin tarixi və müasir məkanlarına, Göygöl Milli Parkına, eləcə də işğaldan azad olunmuş ərazilərimizə səfərlər iştirakçılarda dərin təəssürat yaradıb. Avqustun 3-də başa çatan yay məktəbinin bütün iştirakçılarına sertifikatlar təqdim olunub.

Layihədə iştirak edən gənclər təəssüratlarını “Şərq qapısı” ilə bölüşüblər: Naxçıvan Dövlət Universitetinin II kurs tələbəsi Fəxrəddin Məmmədli “Heydər Əliyev məktəbi”ni siyasi-ideoloji baxımdan olduqca faydalı və yaddaqalan təcrübə kimi dəyərləndirib: “Layihə çərçivəsində maraqlı diskussiyalarda iştirak etdik, müxtəlif yarışlarda özümüzü sınadıq, yeni bilik və təcrübələr qazandıq. Ən dəyərlisi isə muxtar respublikamızın müxtəlif bölgələrindən olan gənclərlə, həmçinin YAP Gəncə şəhər təşkilatının əməkdaşları və könüllüləri ilə tanış olaraq yeni dostluqlar qurmağımız oldu. Layihənin təşkilində əməyi keçən hər kəsə minnətdarlığımı bildirir, birlikdə keçirdiyimiz günləri həmişə xoş xatirələrlə xatırlayacağıma inanıram”.

YAP Naxçıvan şəhər təşkilatının fəalı Nilufər Cəfərli bildirib ki, layihə gənclərin intellektual potensialının inkişafına, dövlətçilik təfəkkürünün möhkəmləndirilməsinə və milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsinə xidmət edən mühüm maarifləndirici platformadır: “Bu layihə bir daha göstərdi ki, güclü dövlətin etibarlı gələcəyi savadlı, milli maraqlara sadiq, təşəbbüskar və yüksək vətəndaş məsuliyyəti daşıyan gənclərin yetişdirilməsindən keçir. “Heydər Əliyev məktəbi” gənclərin müasir dövrün çağırışlarına hazır, Vətəninə bağlı və cəmiyyətin inkişafına töhfə verməyə qadir şəxsiyyət kimi formalaşmasına mühüm töhfə verir”.

Layihənin digər iştirakçısı, Kəngərli rayonu Xok kənd tam orta məktəbinin müəllimi Turac İbrahimova “Heydər Əliyev məktəbi”ni dəyərli təcrübə kimi qiymətləndirib: “Bu müddət ərzində təkcə yeni bilik və bacarıqlar əldə etmədim, həm də özümü inkişaf etdirmək üçün əlverişli mühitdə oldum. Proqram çərçivəsində qazandığım təcrübə və iştirakçılarla qurduğum ünsiyyət həm peşəkar, həm də şəxsi inkişafım baxımından mənə mühüm töhfə verdi”.

Qeyd edək ki, gənclərin intellektual inkişafı, dövlətçilik ənənələrinə bağlılığının möhkəmləndirilməsi və vətəndaş məsuliyyətinin artırılması məqsədi daşıyan “Heydər Əliyev məktəbi” layihəsi iştirakçıların yaddaşında faydalı və yaddaqalan maarifləndirici proqram kimi qalıb.

Nəşr edilib : 06.08.2026 11:40