NAXÇIVAN :

05 Noyabr 2026, Cümə axşamı

Nazir: Hər il ölkədə 800 min – 1 milyon hektar ərazidə taxıl əkilir

...

Azərbaycanda aqrar sahənin inkişafını dəstəkləmək və fermerlər üçün stimul yaratmaq məqsədilə vergi güzəştlərinin tətbiqi nəzərdə tutulur. Lakin nəzərdə tutulan qaydalara əsasən, fermerlərin və aqrar sahədə fəaliyyət göstərən sahibkarların Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçməsi şərti ilə vergilərin tamamilə ləğvi nəzərdə tutulmur.

"Şərq qapısı" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Birinci Azərbaycan Regional Akvakultura Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, əslində, vergi üzrə 90 faizlik güzəştin tətbiqi nəzərdə tutulur: “Bu isə vergilərin tamamilə ləğvi demək deyil. Burada əsas məqsəd bütün fermer təsərrüfatlarının, eləcə də təkcə ilkin məhsul istehsalı ilə deyil, ilkin emalla da məşğul olan təsərrüfat subyektlərinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçməsini, məhsullarını bəyan etməsini və daha dəqiq, dolğun məlumatların təqdim olunmasını təmin etməkdir”.

Nazir diqqətə çatdırıb ki, artıq toxum standartlarına cavab verməyən məhsullar toxum kimi tanınmır və Aqrar Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən Toxum Nəzarəti qurumu tərəfindən çıxdaş edilir: “Statistik göstəricilərdə ölkədə toxum istehsalının azaldığı müşahidə olunsa da, bu, əslində, toxum istehsalının ümumi azalmasını deyil, keyfiyyətli toxumun real həcmini əks etdirir. Son üç ildə tətbiq edilən ciddi nəzarət tədbirləri nəticəsində real toxumçu fermerlər müəyyənləşdirilib”.

O qeyd edib ki, ötən il 10 hektardan və 100 hektardan çox sahədə taxıl əkən fermerlər üçün, bu ilin payızlıq əkinlərindən etibarən isə 5 hektardan çox sahədə taxıl əkən fermerlər üçün sertifikatlı toxumdan istifadə tələbi müəyyənləşdirilib. Bunun əsas məqsədi ölkə üzrə ümumi məhsuldarlığın artırılmasına nail olmaqdır.

M.Məmmədov vurğulayıb ki, hər il ölkədə 800 min – 1 milyon hektar ərazidə taxıl əkilir. Bu proses təxminən 250-350 min fermeri əhatə edir.

Nəşr edilib : 05.11.2026 12:42