Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçir...
18:28 02.10.2026
0
0
0
NAXÇIVAN :
02 Oktyabr 2026, Cümə
Bütün dünyada təcrübədən görüldüyü kimi, ölkələrin əsas iki prioritet istiqaməti var. Onlardan biri sosial-iqtisadi hədəflərə nail olunması, ikincisi isə ölkənin müdafiəsinin təmin edilməsidir.
"Şərq qapısı" xəbər verir ki, bunu müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun “Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə” akademik kursunun dinləyiciləri üçün keçirilən brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanın Milli Müdafiə Konsepsiyası və Hərbi Doktrinasında qarşıya qoyulan hədəflərdən biri Silahlı Qüvvələrin silah-sursat və hərbi texnika üzrə tələblərinin təmin edilməsidir.
Nazir müavini qeyd edib ki, bu hədəfə nail olunması istiqamətində ölkədə müxtəlif dövrlərdə bir sıra işlər və islahatlar aparılıb. Prezident İlham Əliyevin 7 sentyabr 2023-cü il tarixli Fərmanına əsasən, Azərbaycanda “Azərsilah” Müdafiə Sənayesi Holdinqinin yaradılması ilə dövlət müəssisələrinin vahid holdinq altında toplanması və idarəolunması təmin edilib. “Digər mühüm addımlardan biri kimi 2024-cü ildə qanunvericilikdə baş vermiş dəyişikliklərə əsasən müdafiə sənayesi bazarının liberallaşdırılmasını vurğulamaq olar”, – deyə Hidayət Əzimov bildirib.
O qeyd edib ki, 2024-cü ildə “Lisenziyalar və icazələr haqqında” Qanuna edilmiş dəyişikliklər əsasında müdafiə sənayesi fəaliyyəti, o cümlədən silah-sursat və hərbi texnikanın istehsalı, təmiri və texniki xidmətlərin göstərilməsi lisenziya almaq şərtilə özəl sektor üçün də əlçatan olub. 2025-ci ildən etibarən özəl sektor iştirakçıları müvafiq lisenziyalar əldə etməklə bu sahədə fəaliyyət göstərməyə başlayıblar.
Nazir müavini bildirib ki, hazırda bu istiqamətdə Azərbaycanın və Türkiyənin aparıcı şirkətləri birlikdə və ayrı-ayrılıqda fəaliyyət göstərir.
“Müdafiə sənayesi sahəsində insan kapitalının təmin edilməsi əsas məsələlərdən biridir. Çünki insan kapitalı olmadığı yerdə hər hansı bir sənayenin, hər hansı bir fəaliyyətin təmin edilməsi qeyri-mümkündür”, – deyə Hidayət Əzimov vurğulayıb.
Onun sözlərinə görə, 2025-ci ilin noyabr ayından etibarən insan kapitalının yetişdirilməsi istiqamətində fəaliyyətə başlanılıb. Hazırda Azərbaycanın 9 universiteti ilə əməkdaşlıq edilir və sənaye-universitet əməkdaşlığının, kooperasiyasının təmin olunması istiqamətində işlər görülür.
Hidayət Əzimov qeyd edib ki, “ADEX” sərgisi artıq altıncı dəfə keçirilir və ilk dəfə olaraq sərgidə müdafiə sənayesi üzrə universitetlərin iştirakını müşahidə etmək mümkündür. Doqquz universitetin tələbələri müdafiə sənayesi mütəxəssislərinin dəstəyi ilə hazırladıqları məhsulları sərgidə təqdim edirlər.
Nazir müavini bildirib ki, son 9-10 ay ərzində ölkənin aparıcı universitetlərindən 100-ə yaxın gənc mühəndisin bu sahəyə cəlb edilməsi həyata keçirilib. Hazırda isə 200-ə yaxın tələbənin Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzi və universitetlərlə birlikdə həyata keçirdiyi layihə çərçivəsində tədrisi və praktiki məşğələləri təşkil olunur.
“Müdafiə sənayesi bir innovasiya sahəsidir. Dünyada baş verən proseslərdən göründüyü kimi, artıq müharibələr sırf hər hansı bir top və yaxud da silahla yox, innovativ həll üsulları ilə aparılır”, – deyə Hidayət Əzimov bildirib.
Nazir müavini diqqətə çatdırıb ki, bu amil nəzərə alınaraq Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən yaradılan Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzinin iki əsas prioritet istiqaməti var. Bunlardan biri innovasiyaların inkişaf etdirilməsi, digəri isə tədqiqatların və insan kapitalının yetişdirilərək müdafiə sənayesinə təqdim edilməsidir. Hazırda bu istiqamətdə mühüm işlər aparılır.
“Bu il Azərbaycan pavilyonunun bir neçə dəfə böyüməsinin və yeni innovativ məhsulların təqdim edilməsinin şahidi ola bilərsiniz. Bu da, sözsüz ki, aparılmış islahatların, görülmüş işlərin müsbət nəticəsi kimi qiymətləndirilə bilər”, – deyə Hidayət Əzimov bildirib.
Digər xəbərlər