NAXÇIVAN :

17 Sentyabr 2026, Cümə axşamı

Nazir: Rəqəmsal bacarıqların inkişafında uzunmüddətli və çevik yanaşma vacibdir

...

Rəqəmsal bacarıqların və insan kapitalının inkişafında həm uzunmüddətli, fundamental yanaşmaya, həm də sürətli nəticələr əldə etməyə imkan verən çevik mexanizmlərə ehtiyac var.

"Şərq qapısı" xəbər verir ki, bu fikri elm və təhsil naziri Emin Əmrullayev “Baku ID 2026” innovasiya festivalında söyləyib. Nazir qeyd edib ki, yalnız uzunmüddətli məqsədlərə fokuslanmaq gözlənilməz çağırışlara çevik cavab vermək imkanlarını məhdudlaşdıra, yalnız qısamüddətli nəticələrə üstünlük vermək isə uzunmüddətli perspektivdə keyfiyyət, bərabərlik və daha mürəkkəb problemlərin həllində çətinlik yarada bilər. Buna görə də əsas məqsəd hər iki yanaşma arasında balans yaratmaqdır.

Nazir bildirib ki, son on ildə Azərbaycanın təhsil sistemində bu istiqamətdə müxtəlif təşəbbüslər həyata keçirilib. Bir tərəfdən pilot layihələr genişləndirilib, digər tərəfdən PISA və PIRLS kimi beynəlxalq qiymətləndirmələrdə nəticələrin yaxşılaşdırılmasına diqqət yetirilib.

Emin Əmrullayev vurğulayıb ki, “Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi əhəmiyyətli dərəcədə genişləndirilib. Təşəbbüsə başlanarkən 5 min şagird cəlb olunurdusa, hazırda bu göstərici 600 minə çatıb. STEAM təşəbbüsü çərçivəsində də əhatə dairəsi əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb və hazırda 300 mindən çox şagirdi əhatə edir.

Nəşr edilib : 17.09.2026 13:43