NAXÇIVAN :

21 Avqust 2026, Cümə

Nazirlik: 261 dövlət qurumu və təşkilatının nümayəndələri “e-mühasibat” təlimlərinə cəlb olunub

...

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Rəqəmsal Maliyyə Mərkəzi tərəfindən büdcə təşkilatlarının nümayəndələri üçün “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) “e-mühasibat” altsistemi üzrə təşkil edilmiş beşgünlük təlimlər başa çatıb.

Nazirlikdən bildirilib ki, təlimlərdə ümumilikdə 261 dövlət qurumu və təşkilatının maliyyə və mühasibatlıq sahəsində çalışan 412 əməkdaşı iştirak edib.

Təlim proqramının əsas məqsədi iştirakçıların “e-mühasibat” altsisteminin funksional imkanları və istifadə qaydaları barədə məlumatlandırılması, mühasibat uçotunun elektron qaydada aparılması üzrə praktiki bacarıqlarının artırılması, eləcə də altsistemin tətbiqi prosesinə hazırlığın təmin edilməsi olub.

İştirakçılara altsistemdə ilkin qalıqların daxil edilməsi, ehtiyatların və əsas vəsaitlərin uçotunun aparılması, anbarlar və struktur bölmələr arasında yerdəyişmə əməliyyatlarının həyata keçirilməsi, maddi-məsul şəxslər üzrə əməliyyatların idarə olunması, maliyyə hesabatlarının, o cümlədən birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının tərtibi və təqdim edilməsi ilə bağlı ətraflı məlumat verilib. Sözügedən proseslər sistem üzərində praktiki nümunələr əsasında nümayiş etdirilib.

Təlimlər interaktiv formatda keçirilərək iştirakçıların sualları cavablandırılıb və müvafiq metodiki tövsiyələr təqdim edilib. Bununla yanaşı, sistemin funksionallığının daha da təkmilləşdirilməsi məqsədilə iştirakçıların rəy və təklifləri qeydə alınıb.

Büdcə təşkilatlarının “e-mühasibat” altsistemindən səmərəli istifadəsinin təmin edilməsi və istifadəçilərin praktiki bacarıqlarının daha da artırılması məqsədilə təlimlər növbəti mərhələdə digər dövlət qurumları və təşkilatlarının nümayəndələri üçün də davam etdiriləcək.

Nəşr edilib : 21.08.2026 16:03