NAXÇIVAN :

27 Avqust 2026, Cümə axşamı

NDU-da qəbul göstəricilərində yeni rekord: 2096 tələbə qəbul olunub

...

Naxçıvan Dövlət Universitetində tələbə qəbulunun artım dinamikası 2026-2027-ci tədris ilində də davam edib. Cari tədris ilində universitetin bakalavriat pilləsinə 2096 tələbə qəbul olunub. Bu göstərici ötən tədris ilindəki 1854 nəfərlə müqayisədə 242 nəfər və ya 13,1 faiz çoxdur. Bununla da bakalavriat üzrə qəbul göstəricisi yeni rekord həddə çatıb. Qəbul göstəricilərindəki artımla yanaşı, NDU-ya yüksək balla qəbul olunan abituriyentlərin sayında da müsbət dinamika qeydə alınıb. 600-dən yuxarı balla universitetə qəbul olunanların sayı 2025-2026-cı tədris ilində 152 nəfər olduğu halda, 2026-2027-ci ildə 166 nəfərə yüksəlib. Beləliklə, yüksəkballı tələbələrin sayında 14 nəfər və ya 9,2 faiz artım qeydə alınıb.
Universitetin ümumi tələbə kontingentində də son illərdə əhəmiyyətli artım müşahidə olunur. 2020-ci ildə, təxminən, 6 min nəfər olan tələbə sayı 2026-cı ildə 11 min 338 nəfərə çatıb. Beləliklə, altı il ərzində NDU-da tələbə kontingenti, təxminən, 89 faiz artıb. Universitetin qarşıya qoyduğu əsas hədəflərdən biri isə 2030-cu ilədək tələbə sayını 20 min nəfərə çatdırmaqdır.
Tələbə qəbulundakı artım əmək bazarının tələblərinə uyğun yeni ixtisas və təhsil proqramlarının yaradılması ilə müşayiət olunur. Son beş ildə NDU-da bakalavriat səviyyəsində 39 yeni ixtisas və təhsil proqramı açılıb.
Yeni istiqamətlər sırasında İnformasiya təhlükəsizliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi, Kompüter mühəndisliyi, Regionşünaslıq (Avropa üzrə), Dövlət və ictimai münasibətlər, Psixologiya, Hərbi tibb, Tibb bacısı işi, Marketinq, Beynəlxalq ticarət və logistika, Maliyyə, Kimya, Coğrafiya, Fəlsəfə, Riyaziyyat, Yer quruluşu və daşınmaz əmlakın kadastrı, Bitki mühafizəsi, Kimya mühəndisliyi, Xüsusi pedaqogika, İbtidai sinif müəllimliyi, Məktəbəqədər təhsil və Təhsildə sosial-psixoloji xidmət kimi ixtisaslar yer alır. 2026-2027-ci tədris ilində də əmək bazarının dəyişən tələbləri nəzərə alınmaqla yeni ixtisasların açılması və təhsil imkanlarının genişləndirilməsi davam etdirilib. Bununla yanaşı, universitetdə tədris dillərinin şaxələndirilməsi də NDU-ya marağın artmasına təsir edən amillərdəndir.
Hazırda İnformasiya təhlükəsizliyi, Kompüter mühəndisliyi, Beynəlxalq münasibətlər, Tibb, İqtisadiyyat, Hüquqşünaslıq, Riyaziyyat müəllimliyi və Turizm işinin təşkili ixtisasları ingilis dilində, İnformasiya texnologiyaları ixtisası isə türk dilində tədris olunur.
Universitetdə beynəlxalq təhsil imkanlarının genişləndirilməsi istiqamətində də layihələr həyata keçirilir. İqtisadiyyat və Kompüter mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramlarının, eləcə də SABAH (Tibb) və SABAH (Tibb – ingilis dilində) proqramlarının tətbiqi tələbələr üçün yeni təhsil imkanları yaradır.
Əcnəbi tələbələr üçün yaradılan imkanların genişləndirilməsi də NDU-nun tələbə kontingentinin artımında mühüm amillərdən biridir. Beləliklə, yeni ixtisas və təhsil proqramlarının açılması, tədris dillərinin şaxələndirilməsi, ikili diplom və SABAH proqramlarının tətbiqi, eləcə də beynəlxalq təhsil imkanlarının genişləndirilməsi universitetə marağın artmasına və qəbul göstəricilərinin yüksəlməsinə şərait yaradır.
Mövcud göstəricilər NDU-da yalnız tələbə sayının deyil, universiteti seçən yüksək nəticə göstərən abituriyentlərin sayının da artdığını göstərir. Bakalavriat üzrə 2096 tələbənin qəbul olunması və 600-dən yuxarı balla qəbul olunanların sayının 166 nəfərə çatması universitetin son illərdə formalaşdırdığı təhsil imkanlarına marağın artdığını nümayiş etdirir.
NDU-nun qarşıya qoyduğu 2030-cu il hədəfi tələbə kontingentinin 20 min nəfərə çatdırılması  nəzərə alınmaqla yeni ixtisasların yaradılması, müasir təhsil proqramlarının tətbiqi, tədris dillərinin genişləndirilməsi və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində işlərin davam etdirilməsi universitetin inkişaf strategiyasının əsas istiqamətlərindən olaraq qalır.

Nəşr edilib : 27.08.2026 16:14