NAXÇIVAN :

19 May 2025, Bazar ertəsi

NDU və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası arasında Əməkdaşlıq Memorandumu imzalanıb

...

Mayın 19-da Naxçıvan Dövlət Universiteti (NDU)  və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası (AƏSMA) arasında universitetdə görüş olub.     Görüşdə Naxçıvan Dövlət Universitetinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının nümayəndələri iştirak edib. 
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev yeni əməkdaşlığın qurulması təşəbbüsünü yüksək qiymətləndirib, ikitərəfli əlaqələrin təhsil mühitinin inkişafına yönəldiyini bildirib. Universitetin  ümumi fəaliyyətindən, kampusundan, çoxşaxəli kadr hazırlığından bəhs edib. Rektor ali təhsil müəssisəsinin 10 fakültə, 45 kafedra, 3 kollec, 2 elmi-tədqiqat institutu, 1 rəsədxana, 1 Kembric Məktəbi və 1 İngilis dili Təmayüllü Gimnaziya ilə fəaliyyət göstərdiyini və 4 istiqamətdə 250-ə yaxın proqram üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlanıldığını vurğulayıb. Tələbəyönümlü təhsil sistemi tətbiq edildiyini, Azərbaycan dili ilə yanaşı, tədrisi ingilis dilində olan ixtisasların da tədris olunduğunu əlavə edib, dünyanın 150-yə yaxın universiteti ilə birbaşa əlaqələrin olduğunu və 15 ölkədən 2000-ə yaxın əcnəbi tələbənin təhsil aldığını qeyd edib. Elbrus İsayev birgə əlaqələrin qurulmasında, ümumilikdə, əmək bazarında məzunların müvəffəqiyyət göstəricilərinin yüksəldilməsində maraqlı tərəf kimi gözləntilərinin yüksək olmasına, dövlət-universitet  əməkdaşlığının əhəmiyyətinə diqqət çəkib.  

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev görüşdən məmnunluq ifadə edib, birgə əməkdaşlıqların rəqabətədavamlı kadrların hazırlanmasına və  bir sıra yeniliklərə əsas olacağını vurğulayıb. 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri Orxan Ərəbov qurulacaq ortaq fəaliyyəti əhəmiyyətli və uğurlu əməkdaşlıq olaraq qiymətləndirib. Konfederasiyanın fəaliyyətindən, mövcud əməkdaşlıqlarından bəhs edib. NDU ilə ciddi işbirliyinin daha uğurlu göstəricilərin əldə olunmasına vəsilə olacağını ifadə edib, əməkdaşlıq çərçivəsində səmərəli olacaq təklifləri səsləndirib.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev görüşdən məmnunluğunu bildirib. Qeyd  edib ki, görüş hər iki qurum arasında tədris, təlim və elmi-tədqiqat sahələrində fəal əlaqələr yaratmaq və inkişaf etdirmək mahiyyətini ifadə edir. Vurğulanıb ki, əməkdaşlıq hər iki tərəfin mövcud imkanları çərçivəsində qarşılıqlı faydalı olmaq  və ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini birləşdirmək istəklərinə əsaslanır. Perspektivdə planlaşdırılan fəaliyyətlərin aktiv işbirliyinə hədəfləndiyini söyləyib, turizm, iqtisadiyyat, maliyyə, sosial iş və  digər sahələrdə mövcud təcrübələrin bölüşülməsində maraqlı tərəf kimi uğurlu əməkdaşlığın nəzərdə tutulduğunu ifadə edib.  

Memorandumun şərtlərinə əsasən hər iki tərəf üçün qarşılıqlı maraq kəsb edən digər istiqamətlərdə birgə işlər təşkil etmək və həyata keçirmək planlaşdırılıb. Aparılan ikitərəfli müzakirələrdən sonra Memorandumdan irəli gələn məsələlərin operativ həlli məqsədilə məsul şəxslər təyin edilib, işçi qrupların yaradılmasına qərar verilib və Əməkdaşlıq Memorandumu imzalanıb.  
Sonda birgə əməkdaşlıq münasibətilə  görüşdən xatirə olaraq qarşılıqlı hədiyyə təqdim edilib və foto çəkilib.

Nəşr edilib : 19.05.2025 17:19