Azərbaycan avarçəkənləri Avropa ikincisi olublar...
17:53 01.08.2026
0
0
0
NAXÇIVAN :
01 Avqust 2026, Şənbə
Xalça Muzeyində kilim toxunuşuna həyat veriləcək – ilmələr yenidən canlanır
Zaman o zaman idi ki, insanlıq yeni bir başlanğıcın astanasında dayanmışdı. Rəvayət və inanclara görə, Nuh babamız tufandan sonra yeni həyatın bünövrəsini məhz qədim Naxçıvan torpağında qoymuşdu. İnsan nəfəsi və zəhməti ilə ana torpaq yenidən cana gəlmiş, Duzdağın tilsimli sirri açılmış, duz mədənləri yaranmışdı. Yeni bir mədəniyyətin təməli qoyulmuşdu. Həmin mədəniyyətin ən incə, ən zərif qollarından biri isə xalçaçılıq və kilim toxuculuğu idi. Bu sənətin təməli elə möhkəm atılmışdı ki, əsrlər, qərinələr keçsə də, onun nəfəsi bu gün də kilimlərin ilmələrində yaşayır. Sadəcə, keçmişə qulaq kəsmək kifayətdir ki, o nəfəsi duyasan. Nuhun ayaq basdığı qədim yurd yerlərindən biri olan Nehrəmdə keçmişin səsinə diqqət versək, yağı düşmənə qılınc çəkən igidlərin nərəsi ilə yanaşı, hana qurub arğac hörən, ilmə vuran, həvə çalan nənələrimizin nəğməsini də eşidərik. Bu, qədim sənətin, zəhmətin, estetik duyumun və xalq yaddaşının səsidir. Bu səs cehiz sandıqlarının üzərinə yük vurulan kilimlərdə, cecimlərdə, palazlarda ilmə-ilmə yaşayır. Keçmişdən bizə yadigar qalan bu toxuculuq nümunələri yalnız məişət əşyası deyil, həm də xalqın həyat tərzinin, düşüncə dünyasının və zövqünün ifadəsidir.
Keçmişin rəngləri və uşaqlıq xatirələri
İnsan çox zaman ötənləri xatırlayanda çöhrəsində qəribə bir təbəssüm yaranır. Bəzən gözləri uzaqlara dalır, bəzən köks ötürür. “Olan olub, keçən keçib”, – deyirlər. Amma əslində, keçən keçmir. Keçmiş heç vaxt yox olmur, o bu günün içində yaşayır. Dünənin hər bir xatirəsi, hər bir əşyası insanı bir daha öz soykökünə bağlayır.
Nehrəmin yaşlı və orta nəslinin yaddaşında da belə xatirələr çoxdur. Onların çoxu uşaqlıq illərində hana başında ilmə vuran analarını xatırlayırlar. Al-əlvan rəngli yun ipliklərdən toxunan kilimlərin üzərindəki sirli naxışlara, maral, dəvə, xoruz, at və gül-çiçək təsvirlərinə baxaraq yuxuya gedən uşaqlar üçün həmin kilimlər bir nağıl dünyası idi. Rəngli televizorların, smartfonların olmadığı dövrdə bu naxışlar uşaqların təsəvvürünü qanadlandırırdı.
Nehrəmdə hər ev bir toxuculuq ocağı idi
Ötən əsrin 80-ci illərinə qədər Nehrəmdə, demək olar ki, hər evdə hana qurular, kilim, palaz, cecim, kənarə toxunar, bəzi evlərdə isə xalça ilmələnərdi. Xovsuz xalça növlərinin ən qədim və geniş yayılmış nümunələrindən olan kilimlərə isə daha çox üstünlük verilirdi. O dövrdə gəlin köçən qızların cehizində mütləq kilim, cecim və ya kənarə olmalı idi. Evlənən oğlanlara da anaları bu xovsuz xalçaların ən azı birini verərdilər. Kilimlərin baş hissəsinə sahibinin adı və doğum tarixi də ilmələnərdi. Bu həm sənət, həm də ailə yaddaşı idi. Nehrəm kilimləri, adətən, 2 metr enində, 4-5 metr uzunluğunda toxunardı. Kənarələr isə nisbətən ensiz hazırlanardı. Bu kilimlər ornamentlərinin sadəliyi, rənglərinin əlvanlığı və kompozisiyasının bütövlüyü ilə seçilirdi. Ən maraqlı cəhətlərdən biri isə onların, necə deyərlər, iynədən ipliyə tamamilə yerli xammaldan hazırlanması idi.
Əl zəhməti, təbii boya və yerli xammal
Qoyunların yunu daraqda daranar, cəhrədə əyrilər, təbii üsullarla boyanar, hana qurulduqdan sonra arğac çəkilərdi. Hətta arğac üçün istifadə olunan pambıq ipliyi də kənd sakinlərinin öz əlləri ilə yetişdirdiyi pambıqdan hazırlanardı. Nehrəm ustaları təkcə öz ehtiyaclarını ödəməz, Naxçıvanın müxtəlif bölgələrindən, xüsusilə Ordubaddan sifarişlər də qəbul edərdilər. Bu isə Nehrəmdə kilim toxuculuğunun uzun illərin təcrübəsinə söykəndiyini göstərirdi. Lakin zaman keçdikcə bu sənət yavaş-yavaş gündəlik məişətdən uzaqlaşmağa başladı. Daha uzunömürlü və istifadəsi rahat olan fabrik xalçaları kilimlərə marağı azaltdı. Təəssüf ki, bir çox kilim ustaları özlərindən sonra bu sənəti davam etdirəcək şagirdlər yetişdirə bilmədilər.
Sandıqlarda qorunan həyat hekayələri
Bu gün Nehrəmdə, demək olar ki, hər evdə bu qədim toxuculuq nümunələrinə rast gələ bilərik. “Ay qız, toyun mübarək” sözləri yazılmış sandıqların üzərində kilimlər, cecimlər hələ də qorunur. Amma həmin sandıqların və üzərindəki yükün sahibi olan qız-gəlinlərin bir çoxu artıq həyatda yoxdur, bir çoxu isə nəvə-nəticəyə, kötücəyə qovuşub. Bu gün Nehrəm kilimləri təkcə kənd evlərində, sandıqların üzərində qorunmur. Vaxtilə ata ocağından gəlin köçən qızların cehizi kimi yola çıxan həmin kilim və cecimlər indi Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə Bakıda yaşayan nehrəmlilərin evlərində ən əziz yadigar kimi yaşadılır. Anaların ilmə-ilmə toxuduğu bu əl işləri artıq yalnız məişət əşyası deyil, doğma kəndin nəfəsini, el-obanı xatırladan mənəvi bir bağa çevrilib. Uzaq şəhər mənzillərində döşəməyə salınan hər bir kilim Nehrəmin ab-havasını, qədim ocaq istiliyini bu günə daşıyır. Bütün bunlar isə insanı düşündürür: yaddaşlarda və evlərdə bu qədər sevgi ilə qorunan Nehrəm kilimlərini görəsən, gələcəkdə də ilmə-ilmə toxuyan ustalara rast gələ biləcəyikmi?
Dövlət qayğısı və UNESCO tərəfindən tanınan sənət
Sevindirici haldır ki, Azərbaycan xalçaçılıq sənətinin qorunması dövlət səviyyəsində diqqətdə saxlanılır. Azərbaycan xalça sənətinin UNESCO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısı”na daxil edilməsi də bunun ən mühüm göstəricilərindən biridir. Bu uğurun əldə olunmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olub. Ən əsası isə Azərbaycanda xalçaçılıq sənətinin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi istiqamətində geniş və zəngin hüquqi baza formalaşdırılıb. Dövlət tərəfindən qəbul olunan qanunlar, proqramlar və beynəlxalq konvensiyalar milli xalçaçılıq ənənələrinin yaşadılmasına, bu sənətin maddi və mənəvi irs nümunəsi kimi dünyada tanıdılmasına mühüm təminat yaradır.
Muzeylərdə yaşadılan kilim irsi
Xalçaçılıq sənətinin digər növləri ilə müqayisədə daha qədim tarixə malik olan kilim toxuculuğu nümunələri bu gün Naxçıvanda fəaliyyət göstərən muzeylərdə böyük qayğı ilə qorunur və təbliğ edilir. Fondunda 3 mindən çox maddi-mədəniyyət nümunəsi saxlanılan Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyində 40-a yaxın kilim mühafizə olunur. Bundan başqa, Naxçıvan Dövlət Tarix Muzeyində 2 kilim və 8 cecim, Naxçıvan Dövlət Rəsm Qalereyasında 1 kilim, Cəmşid Naxçıvanski Muzeyində 1 kilim, Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində 2 kilim, Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində 5 kilim və 4 cecim, Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində 5 kilim və 4 cecim, Culfa Rayon Tarix-Diyarşünaslıq Muzeyində 15 kilim və 13 cecim, Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyində 2 kilim və 7 cecim, Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyində 6 kilim və 7 cecim, Sədərək Tarix-Diyarşünaslıq Muzeyində isə 8 kilim və 1 cecim qorunaraq nümayiş etdirilir. Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyində 4 kilim, Nehrəm qəsəbəsində yerləşən Xatirə Muzeyində 1 kilim, Cəlilkənddə yerləşən Xatirə Muzeyində isə 1 cecim qorunur. Həmçinin Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi və Hüseyn Cavidin ev-muzeyinin hərəsində 1 cecim saxlanılır.
Burada yalnız keçmiş qorunmur, gələcək də toxunur
Məqsəd yalnız statistik göstəriciləri sadalamaq və ya keçmişin yadigarı kimi xalçaçılıq sənətindən bəhs etmək deyil. Əsas məqsəd diqqəti bu qədim sənətin yaşadılması, qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlərə yönəltməkdir. Bu baxımdan, Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyi mühüm mədəni missiyanı həyata keçirir. Muzey yalnız eksponatların nümayiş olunduğu məkan deyil, həm də yaşayan sənət ocağı funksiyasını daşıyır. Burada qurulmuş hanada xalçatoxunma prosesini əyani şəkildə izləmək mümkündür ki, bu da ziyarətçilərdə sənətə maraq oyatmaqla yanaşı, qədim ənənələrin praktik şəkildə yaşadılmasına xidmət edir. Bir sözlə, burada yalnız keçmiş qorunmur, həm də gələcək toxunur. Muzeydə fəaliyyət göstərən tərtibatçı və bərpaçı rəssamlar tərəfindən Naxçıvan xalçaçılıq məktəbinin zəngin ənənələri əsasında onlarla kiçikölçülü xalça toxunaraq sərgilənir və bu işlər milli irsimizin qorunmasına mühüm töhfə verir.
Unudulmamaq üçün yaşadılan sənət
Hazırda muzeyin direktoru Ülviyyə Məmmədovanın rəhbərliyi ilə xovsuz xalçalarımızın toxuma texnologiyası, ornament sistemi və sənət ənənələri daha dərindən araşdırılır, yaşlı kilim sənətkarları ilə, o cümlədən bir vaxtlar Nehrəmdə kilim toxuculuğu ilə tanınmış qocaman ustadlarla əlaqələr qurulur, unudulmaq təhlükəsi ilə üz-üzə qalan bilik və bacarıqlar qeydə alınır. Bu fəaliyyət yalnız elmi araşdırma xarakteri daşımır, eyni zamanda milli yaddaşın qorunmasına xidmət edir. Gələcəkdə isə muzeydə kilim toxunuşu prosesinin canlı şəkildə nümayiş etdirilməsi nəzərdə tutulur ki, bu da həmin qədim sənətin yeni nəsillərə daha əyani və praktik şəkildə ötürülməsinə geniş imkanlar açacaq.
İlmələrin sabaha uzanan çağırışı
Bu mənada, Nehrəmin yaşlı kilim ustalarının üzərinə də böyük mənəvi məsuliyyət düşür. Çünki əsrlərin yaddaşını yaşadan bu sənət yalnız kitablarla deyil, ustaddan şagirdə ötürülən canlı təcrübə ilə qorunub saxlanıla bilər. Vaxt itirmədən kilim toxumağın incəliklərini, ilmələrin sirrini, naxışların mənasını gənc nəslə öyrətmək vacibdir. Böyükölçülü kilimlərin toxunması şərt deyil, kiçik hanaların qurulması da kifayətdir. Əsas odur ki, bu sənət yaşasın, yeni sənətkarlar yetişsin və bir gün Naxçıvan kilimləri barədə yalnız keçmiş zamanda danışmaq məcburiyyətində qalmayaq.
Son söz kimi:
Unutmayaq ki, bu gün dünya tekstil və interyer sənayesində kilim artıq təkcə xalça növü kimi deyil, həm də güclü bir dizayn dili və estetik brend kodu kimi yaşayır. Beynəlxalq interyer və dekorasiya sənayesində kilim motivləri və ornamentləri geniş şəkildə istifadə olunur, onun rəng həlli və naxış sistemi müasir məkan dizaynında xüsusi vizual kimlik yaradan elementlərdən birinə çevrilib. Yəni kilim öz coğrafi mənşəyindən çıxaraq qlobal dizayn düşüncəsinin ayrılmaz hissəsi kimi qəbul edilir.
Belə olan halda ortaya mühüm bir sual çıxır: əgər bu gün dünyada kilimin yalnız ornament dili və adı belə estetik dəyərə çevrilərək istifadə olunursa, bizim əlimizdə onun canlı mənbəyi, ustad ənənəsi və tarixi kökü olduğu halda niyə bu zəngin irsi yalnız keçmişin yadigarı kimi saxlamalıyıq?
Əgər dünya kilimin estetik kodundan dəyər yaradırsa, biz niyə həmin dəyərin doğulduğu mədəni mənbəni – onun özünü daha güclü şəkildə tanıdıb müasir mədəni və iqtisadi brendə çevirməyək?
Lalə HÜSEYNOVA
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı
Digər xəbərlər