Ümumi təhsil müəssisələrinin məzunlarına elektron ...
15:31 11.08.2026
0
0
0
NAXÇIVAN :
11 Avqust 2026, Çərşənbə axşamı
Həqiqi bərəkət təbiətə verilən əməyin, səbrin mükafatıdır
Geniş, dalğalı tağların arasında gizlənən zolaqlı nəhəngləri görmək üçün torpağa bir az da yaxınlaşırıq. Yayın ən şirin, ən zərif sirrinin gizləndiyi Babək rayonu ərazisini əhatə edən Nehrəmin məşhur qarpız bostanlarındayıq. Günəş hələ üfüqdə tam görünməsə də, qəsəbənin şərqindəki geniş bostanlarda artıq həyat başlayıb. Torpağın bağrında hər yeni gün bir möcüzə ilə başlayır. Zolaqlı, iri qarpızlar geniş, cod yarpaqların altından gecə şehinin incilərini üzərlərində daşıyaraq sanki insana gülümsəyirlər. Geniş yarpaqların kölgəsində uyuyan hər bir qarpız sanki torpağın bərəkətini, Günəşin hərarətini və suyun həyatverici gücünü özünə çəkən qapalı bir xəzinədir. Göz işlədikcə uzanan yaşıl tağların arasında cərgələnən bu zolaqlı xəzinə Naxçıvanın isti yay Günəşinin bəhrəsidir.
Bostana gec gəlsək də, burada həyat səhərin erkən saatlarından başlayır. Günəş yüksəldikcə torpağın isti qoxusu və bostandan gələn yaşıl ətir insanı dərhal özünə çəkir. Əllərinin qabarı, üzlərinin dərin qırışları ilə torpağın xəritəsini xatırladan sakinlərə yaxınlaşırıq. “Bostan insana bənzəyər” Tofiq dayı şırımların arasından bizə tərəf addımlayaraq deyir: “Ona necə baxsan, sənə elə cavab verəcək. Səhərin sərinliyində torpaqla danışmasan, günortanın bürküsündə sənə meyvə verməzlər (əli ilə qarpızları göstərir). Bu torpaq elə-belə şey deyil. Ona sevgini verməsən, sənə o şirinliyi qaytarmaz. Qarpız tənbəlliyi sevməz, gündüz bürküsünə, gecə sərininə dözməli, hər gün onunla nəfəs almalısan”. Tofiq dayının yanında günbəgün böyüyən, cod yarpaqların altında gizlənən zolaqlı qarpızlar sanki gecədən bəri nə qədər böyüdüklərini “nümayiş etdirirlər” bizə.
Bostan kəndli üçün təkcə ruzi mənbəyi deyil, həm də qürur yeridir. İyulun ortalarından başlayan məhsul yığımı zəhmətin ən şirin mükafatıdır. Sahə boyunca irəlilədikcə zolaqlı meyvələri ehtiyatla seçən, onları yığan təcrübəli bostançı Elsevər Cəfərovla söhbətləşirik. Deyir ki, uzun illərdir, əkin-biçinlə məşğuldur, amma builki qədər Nehrəmdə qarpız olmayıb: “Nehrəm qarpızı hər zaman adı və dadı ilə fərqlənib. Onu fərqləndirən əsas cəhət isə torpağın həm münbitliyi, həm də mineralların bol olmağıdır. Bu il, ümumiyyətlə, su bol olduğuna görə, qarpız da boldur”. Söhbətə müdaxilə edən Tofiq dayı əlavə edir ki, Nehrəm qarpızının digər bölgələrdə yetişən qarpızlardan fərqlənməsinin əsas səbəbi buranın qumsal və şorlaşmamış torpaqları, bol Günəşli iqlimi və düzgün becərmə üsullarıdır: “Bu şərait qarpızın daha şirin, keyfiyyətli və xəstəliklərə davamlı olmasına kömək edir. Fermerlər, əsasən, üzvi gübrələrdən istifadə edir, kimyəvi gübrələri isə yalnız bitkinin ilk inkişaf mərhələsində tətbiq edirlər. Bu da məhsulun, qarpızın təbii dadını qoruyur. Son illərdə suvarma imkanlarının yaxşılaşması sayəsində Nehrəmdə bostan məhsullarının istehsalı daha da artıb və bölgənin qarpızı yüksək keyfiyyətinə görə alıcılar tərəfindən üstün tutulur”.
Tağların arasında gəzişərək qarpızlara toxunan, əlindəki köhnə, amma iti bıçağı kəmərinə bərkidən Elsevər Cəfərov bu torpaqla nəfəs alır. Deyir ki, qarpızı, sadəcə, dərib bazara çıxarmaqla iş bitmir, gərək onun vaxtını dəqiq biləsən. “Təbiətin öz dili var” gülümsəyərək deyir: “Qarpız hazır olanda susmur. Barmağınla toxunanda daxilindən gələn o tox, gur səs sanki torpağın “Məni dər” çağırışıdır. Məsələn, baxın bu saplağa (əli ilə göstərir), saplağın yanındakı balaca “bığcıq” quruyubsa və o səs gəlirsə, deməli, qarpız süfrəyə hazırdır”.
Təsərrüfatçılar deyir ki, Nehrəmdə qarpızın bir neçə növü yetişdirilir. Ən çox yayılanları verim, hollar və poltar növləridir və hər birinin dadı fərqlidir. Hazırda Nehrəm ərazisində, təxminən, 120 hektar sahədə bostan məhsulları becərilir və yüksəkkeyfiyyətli məhsul əldə olunur. Bunun əsas səbəblərindən biri son illərdə su təminatının xeyli yaxşılaşmasıdır. Bölgədəki göllərdə və suvarma mənbələrində kifayət qədər su ehtiyatı mövcuddur. Araz nasosları, Vayxır və Əlincə ərazilərində yerləşən su anbarları fermerlərin suvarma tələbatını ödəyir. Buna görə də əkinçilər su çatışmazlığından əziyyət çəkmirlər. Erkən məhsul əldə etmək üçün bəzi əkin sahələrində polietilen örtükdən, bəzi sahələrdə isə şırım üsulu və damcı suvarma sistemi ilə əkin aparılır. Damcı suvarılan sahə daha gec əkildiyi üçün məhsulu da faraş məhsuldan sonra yetişəcək. Beləliklə, Nehrəmdə bostan məhsulları mövsüm boyu, hətta dekabr ayına qədər bazara çıxarılır. Hətta Naxçıvan-Ordubad magistralında, yolun kənarında yerli sakinlər tərəfindən becərilən qarpızların satışını bu aylaradək görmək mümkündür. Bu da əhalinin il ərzində təzə bostan və tərəvəz məhsulları ilə təmin olunmasına imkan yaradır.
Bostan həyatı kənardan nə qədər asan görünsə də, arxasında böyük zəhmət dayanır. Arxlardan gələn suyun şırımlara düzgün paylanması, tağların çürüməməsi üçün suvarmanın tənzimlənməsi, alaq otlarına qarşı mübarizə – bütün bunlar məhsulun keyfiyyətini müəyyənləşdirən amillərdəndir. Süfrələrimizə gələn hər qarpızın arxasında torpağa bağlı insan əməyi dayanır.
Saatlar irəlilədikcə Günəş göyün tən ortasına qalxır. Bostanda istidən hava sanki titrəyir, amma burada həyat dayanmır. Bostanın kənarındakı balaca dəmir çarpayıda oturub yenicə dərilmiş qarpızı yeyirik. Gənc təsərrüfatçı Elsevər qabarlı əlləri ilə qarpız dilimini tutur, gözlərini üfüqə zilləyir. Uzağa zillənmiş gözləri sanki bir həqiqəti çatdırmağa çalışır: həqiqi bərəkət təbiətə verilən əməyin, səbrin mükafatıdır. Bostanda becərilən hər bir qarpız torpağın saxladığı sirr, təsərrüfatçının isə tökdüyü alın təridir. Özlərinin də dediyi kimi: “Yaxşı qarpız sahibini yarı yolda qoymaz!”
Ceyhun MƏMMƏDOV
Digər xəbərlər