NAXÇIVAN :

10 Sentyabr 2026, Cümə axşamı

Nigar Arpadarai: Ekoloji problemlər regional həmrəylik tələb edir

...

Əsrlər boyu türk xalqları bir-biri ilə və təbiətlə sıx bağlı şəraitdə yaşayıb. Ənənələr bizə xatırladır ki, təbiət sadəcə istifadə olunası resurs deyil, o, irsimizin bir hissəsidir. Bu gün bu ortaq irs bizə türk dövlətləri arasında əməkdaşlığı gücləndirmək üçün mühüm imkan yaradır.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə keçirilən “Türk sivilizasiyasında mədəni irsin və biomüxtəlifliyin qorunması: Ortaq ənənələrdən birgə fəaliyyətə” mövzusunda dəyirmi masada COP29-un yüksək səviyyəli iqlim çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai deyib

O vurğulayıb ki, ölkələrimiz yalnız tarix və mədəniyyətlə deyil, həm də coğrafiya və ekosistemlərlə bir-birinə bağlıdır. Bu səbəbdən ekoloji problemlər regional həllər və regional həmrəylik tələb edir. “İnanıram ki, Türk Dövlətləri Təşkilatı bu sahədə getdikcə daha mühüm rol oynayacaq. Biz biomüxtəlifliyin qorunması, su resurslarının idarə edilməsi, torpaqların bərpası və iqlimə dözümlülük üzrə ölkələrimiz arasında daha güclü əməkdaşlıq qura bilərik. Elmi bilikləri, texnologiyaları və qabaqcıl təcrübələri bölüşə bilərik. Həmçinin ənənəvi bilik və təcrübələri qorumaq üçün birlikdə çalışmalıyıq”, - deyə N.Arpadarai vurğulayıb.

Nəşr edilib : 10.09.2026 14:54