NAXÇIVAN :

26 Iyun 2025, Cümə axşamı

Ödəniş kartlarımızın təhlükəsizliyini necə qoruyaq?

...

Müasir dövrdə ödəniş kartları həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Gündəlik alış-verişlər, pul köçürmələri və onlayn ödənişlər kimi bir çox əməliyyatlarda rahatlıq təmin edən bu vasitələr, eyni zamanda müəyyən riskləri də özündə daşıyır. Son zamanlarda ödəniş kartları ilə əlaqəli dələduzluq hallarının artması, bu mövzuda maliyyə məlumatlılığı məsələsini hər zamankından daha aktual hala gətirmişdir. Məhz bu səbəbdən də bu məqalədə kart təhlükəsizliyinin əsas məqamlarına toxunaraq oxucuları sözügedən risklərdən qorunmaq üçün zəruri biliklərlə təmin etməyi hədəfləyirik.
Texnologiyanın sürətli inkişafı ilə yanaşı, təəssüf ki, dələduzların istifadə etdiyi üsullar da gün keçdikcə təkmilləşir. Artıq internet vasitəsilə edilən ödənişlərin həyatımızın ayrılmaz bir parçasına çevrildiyi bir dövrdə onlayn fırıldaq riskləri də ciddi şəkildə artmaqdadır. Saxta internet səhifələri, aldadıcı elektron poçtlar və zərərli proqramlar vasitəsilə istifadəçilərin bank kartı məlumatları asanlıqla ələ keçirilə bilir.
Təhlükənin yalnız onlayn məkanda olmadığını unutmamalıyıq. Bəzən dələduzlar psixoloji təzyiq göstərmək, qorxu və ya tələskənlik hissi yaratmaqla da insanları şübhəli əməliyyatlar aparmağa və ya şəxsi məlumatlarını açıqlamağa məcbur edə bilirlər.
Bütün bunlarla yanaşı
, kart istifadəçilərinin təhlükəsizlik qaydalarına laqeyd yanaşması, tanımadığı linklərə klikləməsi və ya məlumatlarını etibarsız mənbələrlə paylaşması da bu cür dələduzluq halları üçün münbit zəmin yaradır.
Biz isə bir sıra tədbirlərə əməl etməklə kartımızın təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıra bilərik. İlk növbədə
, kartlarımızın PIN kodlarını və onlayn hesablarımızın şifrələrini güclü təyin etməliyik, onları heç kimlə paylaşmamalı və mütəmadi olaraq dəyişdirməliyik. Ad, doğum tarixi və s. kimi asan təxmin edilə bilən şifrələrdən istifadə etməməliyik. Bank kartımızın son istifadə tarixi, CVV/CVC kodu və 3D təhlükəsizlik kodunu paylaşmamalı və şübhəli internet səhifələrinə daxil etməməliyik. Kartımızla olan icazəsiz əməliyyatlardan vaxtında xəbərdar olmaq üçün bankımızın təqdim etdiyi SMS-məlumatlandırma, mobil bank və internet bank xidmətlərindən istifadə etməliyik. Bu bizə kartımızla aparılan bütün əməliyyatları həmin anda izləməyə kömək edəcək. Məlumatımız olmadan hər hansı bir əməliyyat baş verərsə, kartı dərhal bloklayıb, məsələnin araşdırılması üçün bankımıza müraciət etməliyik.
Tanımadığımız mənbələrdən gələn elektron poçtlara və linklərə daxil olmamalıyıq. Şəxsi və kart məlumatlarımızı tələb edən mesajlara qətiyyən cavab verməməliyik. Dələduzlar bəzən özlərini bank işçisi kimi təqdim edərək telefonla və ya SMS vasitəsilə kart məlumatlarını tələb edə bilərlər. Unutmaq olmaz ki, heç bir bank telefon və ya SMS vasitəsilə müştəridən PIN kodu, CVV/CVC kodu və ya kart nömrəsini tələb etmir. Bu kimi hallarla qarşılaşdıqda bankın rəsmi nömrəsinə zəng edərək məlumatı dəqiqləşdirməyimiz lazımdır.
Onlayn alış-veriş zamanı isə ödəniş kartı məlumatlarımızı qorumaq
üçün, ilk növbədə, istifadə etdiyimiz brauzerin təhlükəsizliyindən əmin olmalıyıq. Alış-verişi yalnız rəsmi tətbiqlər və rəsmi veb-saytlar vasitəsilə etməliyik. Kart məlumatlarımızı brauzerlərin, veb-saytların, alış-veriş tətbiqlərinin yaddaşında saxlamamalıyıq. Ümumiyyətlə, ödəniş kartlarımızla internet üzərindən aparılan əməliyyatların şəxsi kompüter, planşet və mobil telefon qurğusu vasitəsilə etmək məqsədəuyğundur. Əməliyyatlar bizə aid olmayan qurğular vasitəsilə həyata keçirildikdə, əməliyyat bitdikdən sonra bank hesabı və ödəniş kartı ilə bağlı məlumatlarımızın həmin qurğunun yaddaşında qalmadığına əmin olmalıyıq. Onlayn əməliyyatlar zamanı ödəniş edərkən adımıza olan əməkhaqqı, pensiya və iri məbləğlər saxladığımız kartlardan istifadə etmək tövsiyə olunmur. Sırf bu məqsədlə xüsusi kart ayıra bilərik və həmin kart hesabımıza pul vəsaitini onlayn alış-verişdə ehtiyacımız olduğu qədər yükləyə bilərik.
Sadalanan bütün tədbirlərlə yanaşı
, kartdakı vəsaiti qorumaq məqsədilə bank əməliyyatlarımıza limitlər təyin edə bilərik.
Unutmayaq ki, maliyyə məlumatlarımızın qorunması həm bankın, həm də bizim məsuliyyətimizdir. Sadə qaydalara əməl etməklə öz vəsaitimizi dələduzluq cəhdlərindən qoruya bilərik. Gəlin diqqətli olaq, təhlükəsiz qalaq!


Aytac AXUNDOVA
Azərbaycan Respublikası Mərkəzi Bankının

Naxçıvan Muxtar Respublikası idarəsinin əməkdaşı

Nəşr edilib : 14.06.2025 20:19