NAXÇIVAN :

12 Avqust 2026, Çərşənbə

Dövlət başçısı tərəfindən Naxçıvanda yeni məktəbəqədər təhsil müəssisələrinin tikintisi üçün 20 milyon manat vəsait ayrılıb

...

Prezident İlham Əliyev avqustun 12-də "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən “Şərq qapısı”na bildirilib ki, Sərəncama əsasən Naxçıvan Muxtar Respublikasında, ümumilikdə, 640 yerlik 5, o cümlədən Naxçıvan şəhərinin Bulqan kəndində 100 yerlik, Ordubad rayonunun Dəstə kəndində 100 yerlik, Şərur şəhərində 100 yerlik, Culfa rayonunun Əbrəqunus kəndində 240 yerlik, Kəngərli rayonunun Qarabağlar kəndində 100 yerlik yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisi üçün Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 20,0 (iyirmi) milyon manat vəsait ayrılıb.
Dövlət başçısının  təhsil infrastrukturunun yenilənməsinə və gələcək nəsillərin layiqli təhsil şəraiti ilə təmin olunmasına göstərdiyi bu diqqət və qayğı uşaqların erkən yaş dövründə keyfiyyətli təhsilə çıxış imkanlarının genişləndirilməsi, onların inkişafı üçün müasir və əlverişli mühitin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu mühüm addım Naxçıvanda təhsil infrastrukturunun daha da gücləndirilməsinə, məktəbəqədər təhsilin əlçatanlığının artırılmasına və uşaqların müasir standartlara uyğun şəraitdə təlim-tərbiyə almasına yeni imkanlar yaradacaq.

Nəşr edilib : 12.08.2026 12:26