NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Ömer Kocaman: Türk dövlətlərinin ortaq media platformasının yaradılması istiqamətində ciddi addımlar atılır

...

Azərbaycan Türk dünyasında əməkdaşlığın və qardaşlığın möhkəmləndirilməsində hər zaman kilid rol oynayıb. Təşkilatımızın məhz Naxçıvanda qurulması bunun ən bariz nümunələrindən biridir. Bu gün Türk dövlətləri arasında 55-dən çox istiqamətdə əməkdaşlıq həyata keçirilir və bu, həm bölgəmiz, həm də bütün Türk dünyası üçün böyük əhəmiyyət kəsb edir.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin 7-ci toplantısında TDT-nin Baş katibinin müavini Ömer Kocaman deyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimində səsləndirdiyi “Bizim ailəmiz Türk dünyasıdır” fikirləri həm Azərbaycanda, həm də bütün Türk dünyasında böyük rezonans yaradıb. Azərbaycan bu ailənin içində mühüm körpü rolunu oynayır.

“Ortaq tariximizi, dəyərlərimizi və birliyimizi qorumaq üçün mediada koordinasiyalı fəaliyyət vacibdir. Bu mənada media sahəsində əməkdaşlıq xüsusi önəm daşıyır. Təəssüf ki, dezinformasiya və informasiya təhdidləri bizi təhlükəsiz və etibarlı media ekosistemi yaratmağa məcbur edir. Bu istiqamətdə ortaq fəaliyyətlərimiz artıq davam edir, müvafiq layihələr hazırlanıb və media sahəsində əməkdaşlığa yeni, müasir yanaşma formalaşdırılıb. Türk dövlətlərinin ortaq media platformasının yaradılması istiqamətində ciddi addımlar atılır”, - deyə Baş katibin müavini vurğulayıb.

Ö.Kocaman əlavə edib ki, bu il Qəbələdə keçirilən TDT-nin Zirvə Görüşü təşkilatımızın tarixində mühüm mərhələ olub. “Qəbələdə baş tutan 12-ci Zirvə görüşü tarixi əhəmiyyət daşıyır. Dövlət başçılarımız tərəfindən qəbul olunan yeni yol xəritəsi təşkilatımızın gələcək inkişafı üçün son dərəcə vacibdir və qarşıdakı illərdə əməkdaşlığımıza yeni dinamika gətirəcək”, - deyə TDT-nin Baş katibinin müavini əminliyini ifadə edib.

Nəşr edilib : 28.11.2025 11:22