NAXÇIVAN :

06 Dekabr 2025, Şənbə

Ömrü əbədi olan igidlər

...

Vətən müharibəsi şəhidləri – İsmayılzadə Məhəmmədin, Vüsal Tahirovun məzarı qarşısında dayanmışam. Baxıram onların gənc üzünə, gülən gözlərinə, sanki dil açır məzar daşındakı rəsimlər, danışır öz döyüş yollarından. Necə qələbə qazandıqlarından. 
Vüsal Tahirov: 
1997-ci il mayın 1-də Şərur rayonunun Danyeri kəndində anadan olmuşam. Sonradan Bakıya köçməli olduq. 2004-2015-ci illərdə Xırdalan şəhərində 9 nömrəli tam orta məktədə təhsil aldım. Sonra Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən “N”  hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə oldum. Çox sevdim Vətəni qorumağı ona görə də orduda qalmağa qərar verdim. 
Azərbaycan Ordusunun giziri olmaq şərəfi ilə bir neçə il xidmət etdim. Əyninə forma geyən hər kəs kimi mənim də ən böyük arzum Vətənin bütövlüyü idi. Arzumuza çatacağımız gün, 2020-ci il sentyabrın 27-də günəş də sevinə-sevinə doğulmuşdu səmada. Sevgim Vətən oldu, ömrüm əbədi. “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edildim. Başım üstə dalğalanan bayraq mənim bəy paltarım, azad olan torpaqlarda doğulan körpələr davam edən həyatımdır. 

İsmayılzadə Məhəmməd:
1996-cı il iyunun 10-da Şərur rayonunun Yengicə kəndində, Birinci Qarabağ müharibəsi qazisi Füzuli kişinin ailəsində dünyaya göz açmışam. 1997-ci ildə ailəmiz Bakıya köçüb. 2014-cü ildə Suraxanı rayonu, 317 nömrəli məktəbi bitirdikdən sonra Naxçıvan şəhərində hərbi xidmət etdim. Ən böyük arzum xaricdə təhsil almaq idi və bu məqsədlə 2019-cu ildə Türkiyənin Kütahya Dumlupınar Universitetinə qəbul olundum. Ailənin ikinci övladı və yeganə oğul payı idim mən. Dünyaya gəlişimlə anam Miranəyə sevinc gətirmişdim.
Tələbə olsam da, Vətən müharibəsi başladığı ilk gündən hərbi komissarlığa müraciət edib, könüllü cəbhəyə yazıldım. Sentyabrın 29-da cəbhəyə yola düşdüm Füzulidə kəşfiyyatçı kimi fəaliyyət göstərdim. Oktyabrın 25-də Füzuli rayonunda şəhidlik zirvəsinə ucaldım. “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilməyim və Füzulinin bugünkü büsatı ruhumu şad edir. Vətən yaşasın deyə bizlər canımızı fəda etməkdən çəkinmədik və bu gün ruhumuz sevinir ki, azad Vətən torpağından doğmalarmızın səsi gəlir.

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 01.11.2025 14:15