MİQ iştirakçıları imtahan yeri və vaxtını sabah öy...
23:07 09.07.2026
0
0
0
NAXÇIVAN :
09 Iyul 2026, Cümə axşamı
Naxçıvan-Sədərək magistral yolu ilə irəlilədikcə yolboyu uzanan yaşıllıqlara baxıram. Kəngərli rayonu ərazisində yerləşən, bir bağ çəkir diqqətimi. Düşünürəm ki, torpağın köksünə salınan bu bağ, sadəcə, ağacların toplandığı sıravi bir məkan deyil; bura bir insanın xəyallarının, ailənin qayğısının torpaqda açan çiçəyidir. Bu uğurlu hekayənin qəhrəmanı isə ömrünün 16 ilini torpağın dilini öyrənməyə həsr etmiş Kəngərli rayonun Qabıllı kənd sakini Rasim Cəfərlidir. Hər bir böyük işin arxasında cəsarətli bir başlanğıc dayandığı kimi, Rasim dayının bağbanlıq hekayəsi də 2009-cu ilə təsadüf edir. O həmin illəri böyük qürur hissi ilə xatırlayaraq bildirir ki, uğurunun başlanğıcı dövlət tərəfindən ayrılan güzəştli kreditlə başlayıb. Aldığı bu kredit bağın bünövrəsi olub və o artıq neçə ildir ki, ömrünü bağbanlığa həsr edərək hər gününü bu ağaclarla açıb, bu ağaclarla bağlayır. Lakin iş təkcə maddiyyatla bitmirdi. Rasim dayı əkinəyararsız halda olan o sahəni necə bir-bir təmizlədiyini, düzəltdiyini və bu işi necə sevdiyini xatırlayaraq deyir:
“Bağı, əlbəttə ki, çox sevirəm. Əkinəyararlı olmayan bir yeri götürüb, daşını-kəsəyini təmizləyib, çəkib düzəltmək və bağ halına salmaq, sadəcə, bir iş deyil. Bu, işdən daha çox böyük bir sevgi istəyir. Çətinliklərə baxmayaraq, o torpağı əzmlə düzəltdim və yol kənarında belə gözəl bir bağ salmaq nəsib oldu”.
Bağda gəzişərkən lap başda dayanan alma ağacını göstərən Rasim dayı gülümsəyərək qeyd edir ki, bu ağac onun torpağa basdırdığı ilk fidan, əkdiyi ilk candır; illər keçib bağ böyüsə də, o ilk ağac hələ də yerindədir və hər il bağın rəmzi kimi yenidən bar verir.
Kəngərli rayonunun özünəməxsus, yayda isti, qışda isə sərt keçən iqlim şəraitində bağ salmaq hər adamın işi olmasa da, torpağın xasiyyətinə bələd olan fədakar bağban 2 hektarlıq bu sahədə, əsasən, alma və badam ağaclarına üstünlük verib. Bu növlər bölgənin havasına həm çox yaxşı uyğunlaşır, həm də dözümlülüyü ilə seçilir. Müasir texnologiyaların dəb olduğu bir dövrdə Rasim dayı ağaclarının susuzluğunu qədim, sınanmış üsullarla yatırır. O, bağını elə ilk günlərdən bəri ənənəvi üsulla suvardığını bildirir. Torpaqla birbaşa təmasda olan su şırımlarla ağacların kökünə axdıqca sanki bağa xüsusi bir can verir, onun təbiiliyini qoruyur. O həmçinin bildirir ki, iqlimə uyğunlaşmaq işin, sadəcə, bir tərəfidir, çünki bağda yetişdirilən bütün ağaclar xüsusi qulluq, daim nəzarət və böyük ustalıq tələb edir. Bu böyük təsərrüfatı təkbaşına idarə etmək əvəzinə Rasim dayı bağı ailəsi ilə birlikdə qulluq edərək qoruyur.
Bağçılıq metodlarından danışarkən Rasim dayı qeyd edir ki;
– “Ənənəvi bağların budanması və dərmanlanması kimi işlərin çətinliyinə gəlincə ilk illərdə, təcrübə az olan vaxtlarda müəyyən çətinliklərimiz oldu. Lakin artıq neçə ildir, bu işlə məşğul olduğumuz üçün hər şeyə tam alışmışıq. Bu çətin yolda ən böyük köməyi isə dövlətimizin kəndliyə göstərdiyi davamlı diqqətdir. Bağçılıq üçün verilən subsidiyalardan və dəstəkdən hər zaman yararlanırıq. Dövlət tərəfindən təmin olunan azot gübrələri və bitki dərmanları sayəsində bağa yüksək səviyyədə qulluq edilir ki, bu da məhsuldarlığı artırır ”.
Rasim dayı bizə sübut edir ki, torpaq sevgini və əməyi heç vaxt cavabsız qoymur. İndi o bağdan dərilən hər alma, hər badam, sadəcə, bir məhsul deyil, bir ailənin alın təri, dövlətin kəndliyə verdiyi dəyər və ən əsası, torpağın öz dilini anlayan fədakar bağbana pıçıldadığı təşəkkür nəğməsidir.
Səmayə RƏSULOVA
Digər xəbərlər