NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

Orta statuslu güclərin strateji qüdrəti: Azərbaycan modeli

...

Bugünkü dəyişən geosiyasi mənzərədə Azərbaycanın beynəlxalq sistemdəki rolu, sözün əsl mənasında, kiçik dövlətlərin öz coğrafi ölçülərindən kənara çıxmaq üçün strateji manevr qabiliyyətindən necə istifadə edə biləcəyinə dair beynəlxalq münasibətlərin dərslik nümunəsinə çevrilmişdir. 1945-ci ildən bəri var olan beynəlxalq münasibətlər sistemini ayaqda tutan və hansısa formada davamlılığını təmin edən prinsiplər, sistemin dayaqları sarsılmağa üz tutmuşdur. Bu qeyri-müəyyənlik şəraitində Azərbaycanın xarici siyasi xətti çökən və yüksələn sistemik prinsiplərin ortasında onu strateji oyunçuya çevirmişdir.

Son zamanlarda yeni geosiyasi reallıqlar və güc amili (XIX əsrdə formalaşmış, xüsusən dövlətlərin hərbi gücü hesabına yaranan güc balansı) təkrar ön plana çıxmağa başlayır. Belə ki, müasir beynəlxalq münasibətlər sistemində “gücün aliliyi” tez-tez “qanunun aliliyi”ni kölgədə qoyur. Belə mürəkkəb bir mühitdə kiçik dövlətlərin öz suverenliyini qoruması və yüksəlişi böyük ölçüdə onların strateji fəallığından asılıdır. Son hadisələr, xüsusilə son imzalanan tarixi sənədlər göstərir ki, Azərbaycan regional sərhədləri aşaraq qlobal əhəmiyyətli bir “orta güc” statusuna yüksəlmişdir.

Beynəlxalq siyasi diskursda öz təsdiqini tapdığı kimi, dünya artıq passiv “gözlə və müşahidə et” yanaşmasını mükafatlandırmır. Azərbaycanın 2020-ci il qələbəsindən sonra yaranan yeni reallıqlar da göstərdi ki, dövlət öz milli maraqlarını qorumaq üçün həm hərbi, həm də diplomatik gücünü effektiv şəkildə birləşdirməlidir. Bu mənada, bu gün Cənubi Qafqaz böyük güclərin rəqabət meydanı olmaqla yanaşı, xüsusən Azərbaycan, irimiqyaslı iqtisadi və təhlükəsizlik layihələrinin mərkəzinə çevrilmişdir.

Azərbaycanın yeni geosiyasi reallıqlar baxımından yüksəlişini nəzəri olaraq realizm və qarşılıqlı asılılıq konsepsiyaları açıqlayır. Bu baxımdan, Con Merşaymer və Robert Keohane-nın Cosef Nye-la bərabər önə sürmüş olduğu iki prinsipə qısaca nəzər salaq. Merşaymer öz realist nəzəriyyəsində qeyd edir ki, anarxiya sistemində dövlətlər öz suverenliyini və təhlükəsizliyini qorumaq üçün daimi güc axtarışında olmalıdırlar. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və hərbi modernizasiyası regional təhdidləri balanslaşdırmaq üçün bu realist zərurəti əks etdirir. Digər tərəfdən isə Keohane və Nye qarşılıqlı asılılıq nəzəriyyələrində dövlətlərin çoxsaylı kanallar vasitəsilə bir-birinə bağlı olduğunu irəli sürürlər. Özünü Avropanın enerji təhlükəsizliyi və qlobal ticarət yolları üçün əvəzolunmaz bir strateji oyunçuya çevirən Azərbaycan, öz məhdud potensialına qeyri-mütənasib diplomatik rıçaqlar qazandıran bir asılılıq şəbəkəsi yaratmağı bacarmışdır. Bu strateji əhəmiyyət hazırkı beynəlxalq sistemin əsas komponentləri sayılan çox az sayda milli dövlətə nəsib olmuşdur.

Azərbaycan region ölkələri ilə qarşılıqlı maraqlara əsaslanan ikitərəfli və çoxtərəfli əlaqələrini inkişaf etdirməklə yanaşı, bu yaxınlarda Azərbaycanın qlobal rolunu artıran yeni Bakı-Vaşinqton-London strateji aksisi ortaya çıxmışdır. Belə ki, 2026-cı ilin fevral ayı Azərbaycanın xarici siyasətində mühüm dönüş nöqtəsi oldu. ABŞ vitse-prezidenti Cey. Di. Vensin Bakıya rəsmi səfəri və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Vaşinqtonun Azərbaycanı regionda sabitliyin mərkəzi kimi tanıdığının göstəricisidir. Bu xartiya çox ciddi siyasi bəyanat olmaqla yanaşı, müdafiə, süni intellekt, yüksək texnologiyalar və enerji təhlükəsizliyi sahələrində dərin əməkdaşlıq üçün institusional əsaslar yaradır.

Eyni zamanda Böyük Britaniya ilə strateji tərəfdaşlığın genişlənməsi Azərbaycanın Avropa və Asiyanı birləşdirən mühüm “halqa” rolunu möhkəmləndirir. Digər tərəfdən, zəngin enerji resursları və tranzit diplomatiyası Azərbaycanı qlobal enerji siyasətinin mühüm mərkəzlərindən birinə çevirir. Bu kontekstdə Azərbaycanın strateji çəkisi həm də onun qlobal enerji və nəqliyyat xəritəsindəki mövqeyindən qaynaqlanır. Enerji təhlükəsizliyi və Azərbaycanın Cənub Qaz Dəhlizində rolu Avropanın enerji şaxələndirilməsi siyasəti üçün əvəzolunmaz olaraq qalır. Digər tərəfdən isə “Orta Dəhliz” layihəsi ilə tranzit imkanları Şərq və Qərbi birləşdirən ən etibarlı və ən qısa marşrut rolunu oynayır. Bütün bunların fövqündə Azərbaycanın “yaşıl enerji”yə etmiş olduğu yatırımlar zəngin karbohidrat resurslarına malik bir ölkənin alternativ enerji mənbələri ilə önə çıxması baxımından mühümdür. Genişmiqyaslı külək, günəş və “yaşıl enerji” layihələri Azərbaycanı dayanıqlı enerjinin gələcək ixracatçısı kimi bu kontekstdə də strateji aktora çevirir.

Nəticə olaraq, Azərbaycan nümunəsi sübut edir ki, coğrafi ölçüsündən asılı olmayaraq, rasionallıq və çevik balanslaşdırma siyasəti yürüdən dövlətlər beynəlxalq sistemin arxitekturasını yenidən formalaşdırmağa qadirdir. 2026-cı ilə qədər olan sosial-iqtisadi strategiya, azad edilmiş ərazilərin sürətli bərpası və “ağıllı şəhər” modelləri ölkəni beynəlxalq qabaqcıl təcrübələr üçün mühüm nümunəyə çevirmişdir. Bu mənada, açıq deyə bilərik ki, bu gün Bakı, sadəcə, bir paytaxt rolunu oynamır. Bakı qlobal qərarların qəbul edildiyi, beynəlxalq tədbirlərə ev sahibliyi edən və yeni dünya nizamının formalaşmasında söz sahibi olan strateji mərkəzdir.

Bayram ƏLİYEV

 NDU Kembric Məktəbinin direktoru,

NDU Beynəlxalq münasibətlər kafedrasının müəllimi

Nəşr edilib : 25.02.2026 11:05