Hərbi Hava Qüvvələrinin xidməti-döyüş fəaliyyəti y...
19:43 13.02.2026
0
0
0
NAXÇIVAN :
13 Fevral 2026, Cümə
Artıq payız fəslidir. Təbiət al-əlvan rənglərdən qismən soyuq rənglərə keçid edib. Lakin hər fəsil kimi, bu fəsil də özünəməxsus özəllikləri və gözəllikləri ilə ruhumuzu oxşayır. Sarımtıl-qızılı yarpaqların qoynunda məskən saldığı ağaclarla vidalaşıb küləkdə həzin-həzin dalğalanaraq torpaqla qovuşduğu bu günlərdə bir çoxumuz bu əsrarəngiz gözəlliyin sehrinə qapılır, daha çox təbiətdə vaxt keçirir, necə deyərlər, fəslin dadını alırıq. Lakin bir qisim insanlar da var ki, onlar əksinə, xüsusi ruh düşkünlüyü yaşayır və hətta depressiyaya düşür. Bəli bu hal “payız depressiyası” adlanır. Bəs nədir payız depressiyası? Daha çox kimlərdə rast gəlinir? Onunla necə mübarizə aparmalıyıq? Suallarımızı Psixi Xəstəliklər Dispanserinin həkim-psixiatrı Xəyalə Elxan cavablandırır. Müsahibim deyir ki, payız depressiyasının tibbi adı “Mövsümi affektiv pozuntudur” və depressiyanın bir növü olaraq fəsil dəyişkənliyi ilə əlaqədar yaranır. Xüsusilə payız-qış aylarında görülsə də, yaz-yay aylarında da yarana bilir. Yaranmanın əsas səbəbi gün işığının azalmasıdır və bununla əlaqədar sirkad ritmdə pozuntuların yaranmasıdır. Bu zaman beyində melatonin və serotonin miqdarının səviyyəsi dəyişir.
“Xəstəlikdirmi?” sualımızı həkim belə cavablandırır: Bəli, xəstəlikdir, əhvali-ruhiyyə pozuntusudur və rekurrent depressiyalara aid edilir. Digər depressiyalardan fərqi sırf fəsil ilə əlaqəli olmasıdır. Diaqnozu təyin etmək üçün anamnestik məlumatlara dayanılır.
Xəstəliyin əlamətlərindən söz açan müsahibim diqqətimizə çatdırır ki, bu zaman insanda əhvali-ruhiyyə düşkünlüyü, artıq dərəcədə yuxululuq, iştahanın, xüsusilə un məmulatlarına və şirniyyata meylin artması, bəzi hallarda iştahanın azalması, daimi yorğunluq və əzginlik hissi, diqqətin zəifləməsi, qıcıqlanma, hövsələsizlik, həvəssizlik, çarəsizlik duyğusu kimi əlamətlər özünü büruzə verir.
Bəs daha çox kimlərdə yaranır? Xəyalə xanım qeyd etdi ki, bu xəstəliyin soyuq ölkələrdə yaşayan insanlarda, gün işığının az olması ilə əlaqədar, irsi meyilli olanlarda, gənclərdə (18-30 yaş aralığı), kişilərə nisbətən qadınlarda yaranma ehtimalı daha yüksəkdir.
Onun sözlərinə görə, xəstəliyin müalicəsi var və bu işıq terapiyası – xüsusi lampalarla mümkündür. Belə ki, həmin lampalarla süni gün işığı effekti yaradılır və araşdırmalara görə bu, dərman müalicəsi ilə yanaşı olunduqda müalicədən müsbət nəticə almaq ehtimalı 80 faizə qədər qalxır. Həmçinin antidepressantlar əlamətlərə əsasən əlavə olunur və ən əsas müalicə isə psixoterapiyadır.
Həkim-psixiatr məsləhət görür ki, xəstəliyin qarşısını almaq üçün insanlar açıq havada günün səhər saatlarında gündəlik gəzintilər etməli, vitamin çatışmazlığının qarşısını almaq üçün sağlam qidalanmalı, meditasiya və idmanla məşğul olmalı və doğmalarla keyfiyyətli vaxt keçirməlidir.Bütün bunlar xəstəliyin qarşısının alınmasına kömək edir.
Düşünürəm ki, bir kərə yaşamaq şansımızın olduğu dünyada çalışıb hər şeydən zövq almağı bacarmalıyıq. Çünki həyata nə qədər nikbin baxarsaq, sağlamlığımız da bir o qədər yerində olar.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər