NAXÇIVAN :

13 Fevral 2026, Cümə

Payızda uşaqlar üçün yeni təhlükə: koksaki virusuna diqqət!

...

Əvvəllər çox az hallarda eşidilən koksaki virusu bu gün artıq bir çox ailənin gündəminə çevrilib. Adətən, qəfil başlayan qızdırma, ağız içində yaralar, əl və ayaqlarda səpki ilə müşahidə olunan bu infeksiya bəzən sadə bir soyuqdəymə kimi qəbul edilir, lakin diqqətdən yayınarsa, ağır fəsadlar da yarada bilər. Mövzunun ciddiliyini və aktuallığını nəzərə alaraq biz də bu məsələyə tibbi baxımdan aydınlıq gətirmək üçün Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasında çalışan həkim-infeksionist Hüseyn Məmmədli ilə söhbətləşdik. Hüseyn həkim koksaki virusunun səbəbləri, əlamətləri, müalicə üsulları və valideynlərin diqqət etməli olduğu məqamlar barədə ətraflı məlumat verdi.

Koksaki virusu nədir və hansı orqanizmə təsir göstərir?

– Koksaki virusu, enteroviruslar qrupuna aid olan bir virusdur. Bu virusun iki əsas tipi var: A və B tipi.

A tipi koksaki virusu: Əsasən, 0-10 yaş arası uşaqlarda rast gəlinir. Bu tipin ən klassik nümunəsidir. Bu xəstəlik tibb ədəbiyyatında əl, ayaq, ağız xəstəliyi (ingiliscə Hand-Foot-Mouth Disease) kimi tanınır. Çünki səpkilər, əsasən, əllərdə, ayaqlarda və ağız boşluğunda müşahidə olunur. Ağız boşluğunda ağrılı yaralar və aftalar; əllərin iç hissəsində suluqlu səpkilər; ayaqların alt hissəsində suluqlu səpkilər və qızdırma, boğaz ağrısı, ümumi halsızlıq kimi əlamətləri var. Böyüklərdə bu virus nadir hallarda müşahidə olunur. Yoluxma zamanı əllərdə və ayaqlarda səpkilər yarana bilər, lakin çox vaxt xəstəlik simptomsuz keçir. Təxminən, 90 faizə yaxın böyüklər bu virusu heç bir əlamət olmadan keçirirlər. Cəmi 1 faiz və ya daha az hallarda səpkili və yüngül formada özünü göstərə bilər. Vacib bir məqam da odur ki, uşaqlarda səpki qaşıntısız, amma böyüklərdə səpki qaşıntılı olur.

B tipi koksaki virusu: Bu tipə çox nadir hallarda rast gəlinir, lakin daha ağır xəstəliklərə səbəb ola bilər. Bu xəstəliklərə meningit (beyin qişasının iltihabı), miyokardit (ürək əzələsinin iltihabı) kimi vəziyyətlər daxildir. Virus bədənə daxil olduqda müxtəlif iltihab proseslər yarada bilər, lakin bəzi hallarda xəstəlik gizli və ya simptomsuz keçir.

Bu virus, əsasən, hansı yaş qrupunda və nə zaman daha çox müşahidə olunur?

– Daha çox yay və payız aylarında müşahidə edilir, qışa doğru getdikcə azalma olur.

Virus hansı yolla insana keçir: hava, təmas, yoxsa qida vasitəsilə?

 – Hər üç yol ilə keçə bilər. Bu virusu tutan bir uşaq əlini tərəvəz və ya bir qidaya vurursa, başqa bir sağlam uşaq onu yeyirsə, yoluxma olur. Hava vasitəsilə keçməsi odur ki, uşaq asqırıb, öskürürsə, yanındakı insan da yoluxur. Təmasla da eyni ilə, yəni toxunduğu bir yerə başqa uşaq toxunursa, bu virusa yoluxa bilər.

Virusun əsas əlamətləri nələrdir?

– Bədən temperaturunun yüksəlməsi (qızdırma); azyaşlılarda temperatur yüksək olur yaş artdıqca, qızdırma daha yüngül keçir və qısa müddətdə azalır. Xüsusilə 2 yaşdan kiçik uşaqlarda temperatur daha yüksək olur. İki-üç gün qızdırmadan sonra səpkilər başlayır. Ümumi halsızlıq və iştahasızlıq, boğazda yaralar və ağrı olur; bu səbəbdən yeməkdən imtina edir, su içməkdə çətinlik çəkirlər. Daha sonra əllərin iç səthində, ayaqların alt hissəsində və bəzən bədən nahiyəsində suluqlu səpkilər əmələ gəlir.

Virus üçün xüsusi müalicə varmı?

– Xeyir, təəssüf ki, bu virusun dünyada xüsusi bir müalicəsi, peyvəndi yoxdur. Bu virus çox xoşxassəli keçir, ağırlaşma vermir. Sadəcə, B tipi koksaki virusu ağırlaşma verir. Şükür ki, bu tipə hələ ölkəmizdə rast gəlməmişik. Müalicə olaraq mütləq şəkildə evdə qalınmalı, antiseptiklər, sadəcə, temperaturu aşağı salan və ağız üçün dərmanlar verilməli, bol maye qəbul olunmalıdır. Qətiyyən antibiotiklərə və sistemə ehtiyac yoxdur. Uşaqlara travma verilməməlidir. Diqqət edilməli bir məqam da odur ki, uşaqlarda və böyüklərdə istilik 38 dərəcəyə çatmamış temperaturu aşağı salan  dərmanlar da qəbul edilməməlidir.

Koksaki virusuna yoluxmuş uşaq yenidən yoluxa bilərmi?

 – Bəli, mümkündür. Nəyə görə yenidən yoluxa bilər? Çünki koksaki A tipinin bir çox alt tipləri var. Məsələn, A6, A7, A16 və sair. Uşaq bir dəfə bu virusu keçirsə də, sonradan başqa alt tiplərə yenidən yoluxa bilər.

Valideynlərə hansı tövsiyələri verərdiniz?

– Uşaq xəstələnəndə onu evdə saxlayın, məktəbə və ya bağçaya göndərməyin. Bu xəstəlik, adətən, yüngül keçir və ağırlaşmalar nadirdir. Dünyanın heç bir yerində bu xəstəlik üçün xüsusi stasionar müalicə tələb olunmur. Uşağa bol maye verin, vitaminlərlə zəngin qidalarla (meyvə, tərəvəz, təbii şirələr) qidalanmasını təmin edin. Qazlı içkilər, çipslər, şirniyyatlardan uzaq saxlayın. Çünki bu məhsullar immun sistemini zəiflədir. Nə zaman həkimə müraciət etməli? Əgər uşaqda qızdırma 3 gündən çox davam edirsə, su içmir, iştaha tam itibsə, halsızlıq və səpki artıbsa, yaxud tənəffüs, huş, qıcolma kimi əlamətlər yaranırsa, onda mütləq həkimə müraciət etmək lazımdır.

 Günay HACIYEVA

Nəşr edilib : 03.11.2025 18:45