NAXÇIVAN :

08 Sentyabr 2026, Çərşənbə axşamı

PISA 2025-in təbiət elmləri üzrə nəticələri: Azərbaycan 69-cu, Bakı 47-ci yerdədir

...

PISA 2025 – Şagirdlərin Beynəlxalq Qiymətləndirilməsi Proqramı çərçivəsində təbiət elmləri üzrə nəticələri açıqlanıb.

"Şərq qapısı" xəbər verir ki, bu barədə qiymətləndirmənin nəticələrinə həsr olunan təqdimat zamanı elm və təhsil naziri Emin Əmrullayev bildirib. Nazir qeyd edib ki, təbiət elmləri üzrə Azərbaycan 69-cu, Bakı şəhəri isə 47-ci sırada qərarlaşıb.

Diqqətə çatdırılıb ki, tədqiqatda yer alan 92 ölkə və regiondan 13-ü əvvəlki qiymətləndirmə dövründə iştirak etməyib. Ümumilikdə 35 ölkədə irəliləyiş, 43 ölkədə isə geriləmə müşahidə olunub.

Təbiət elmləri üzrə müəyyən geriləmənin olduğunu deyən Emin Əmrullayev vurğulayıb ki, buna baxmayaraq, dinamika müsbətdir. Nazir nəticələrin yaxşılaşması tempi baxımından Bakı şəhərinin bu sahədə 2-ci, PISA üzrə ümumi yaxşılaşmada isə 4-cü yerdə qərarlaşmasını müsbət göstərici kimi dəyərləndirib :”Davamlı olaraq nəticələri artırmaq asan deyil. Növbəti PISA qiymətləndirmələrində Bakı üzrə göstəricini 460-a, Azərbaycan üzrə isə 420 bala qaldıra bilsək, bu, böyük uğur olar. Hər mərhələdə nəticələri 15 bal artırmaq yaxşı göstəricidir, 20 bal artıra bilsək isə əladır”.

Tədqiqatın nəticələrini təhlil edən nazir əlavə edib ki, şagirdlərin oxu savadlılığı aşağı olduqda, bu, onların təbiət elmləri üzrə göstəricilərinə də birbaşa mənfi təsir edir.

“Bizim təbiət elmlərinin məzmununa və bu sahəyə yanaşmaya dəyişiklik etməyimizə ehtiyac var. Həmçinin tədris metodikası baxımından müvafiq addımlar atılmalıdır. Təbiət elmlərinin tədrisində həyata keçiriləcək dəyişikliklər gələcəkdə bu sahənin inkişafına müsbət təsir göstərəcək”, - deyə nazir bildirib.

Nəşr edilib : 08.09.2026 12:18