NDU-nun təşkilatçılığı ilə “Orqanik və dayanıqlı k...
19:34 29.10.2026
0
0
0
NAXÇIVAN :
29 Oktyabr 2026, Cümə axşamı
Nizami Gəncəvi… Onun adı çəkiləndə əsrlərin sınağından keçib ruhumuza süzülən əbədi hikmət işığı canlanır gözümüzdə. Gəncə torpağında pərvazlanan bu dahi kəlam ustadı, sözün həqiqi mənasında, şeiriyyət göylərində heç zaman batmayan bir Günəşə çevrildi. Onun hər bir misrası insanı öz daxili aləminə, mənəvi ucalığına, mütləq həqiqətə və sevgiyə səsləyən ilahi çağırışdır. Şeyx Nizami zəkası əsrləri aşaraq günümüzə qədər gəlib çatan, hər dövrün insanına yol göstərən məşəldir.
Nizaminin qələmə aldığı “Xəmsə” dünyasına addım atarkən insan özünü bəşəri duyğuların, ülvi sevginin və dərin fəlsəfi axtarışların mərkəzində tapır. O, Leyli və Məcnunun ahında sevgini ilahiləşdirdi, Xosrov və Şirinin dastanı ilə vəfanı, fədakarlığı və nəfslə mübarizəni nəzmə çəkdi, “Yeddi gözəl”in sehri ilə dünyagörüşünün fəlsəfi dərinliklərini nümayiş etdirdi. Şair üçün insan kainatın ən ali varlığı idi. Dahi ustad insanın daxili gözəlliyini, nəfsə qalib gəlməsini və mənəvi ucalığını bütün maddi sərvətlərdən üstün tuturdu.
Nizami Gəncəvi yaradıcılığının ana xəttini, onun bəşəriyyətə bəxş etdiyi ən böyük mesajlardan birini elmə, biliyə və idraka verilən yüksək qiymət təşkil edir. Dahi mütəfəkkir hələ əsrlər öncə insanın həqiqi gücünün fiziki qüvvəsində və ya mal-dövlətində deyil, zəkasında və elmində olduğunu vurğulamışdır. Şair cəmiyyətin inkişafını və mənəvi yüksəlişini yalnız elmin işığında görürdü:
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
İnsanlığın nicatını maarifdə, idrakda və mənəvi zənginlikdə görən Şeyx Nizami alimliyi dünyadakı bütün keçici məqamlardan, taxt-tacdan və şan-şöhrətdən uca tuturdu. Onun fikrincə, dünyada əbədi qalan, insana həqiqi üstünlük və hörmət qazandıran yeganə xəzinə elmdir. Məhz buna görə də “İsgəndərnamə”də ədalətli hökmdar modelini təsvir edərkən hikmətə və elm adamlarına verilən dəyəri ön plana çəkirdi.
Şairin obrazlar qalereyası həm də qadın mənəviyyatının, qadın əzəmətinin və zəkasının təntənəsidir. Nüşabənin müdrikliyi, Şirinin məğrurluğu və vəfası, Fitnənin fərasəti göstərir ki, Nizami dünyasında üstünlük cinsiyyətlə deyil, ağıl, bəsirət və əxlaqla ölçülür. Dahi ustadın yaratdığı cəmiyyət idealında insan insanı sevməli, ədalət hökm sürməli, zorakılıq və cəhalət dünyadan silinməlidir. Nizami sənəti bəşəriyyətə sülh, dözümlülük və həmrəylik aşılayan humanist bir fəlsəfədir.
Böyük mütəfəkkirin yaratdığı misilsiz irs zamanın fövqündə dayanır. Əsrlər keçir, nəsillər dəyişir, imperiyalar qurulub dağılır, lakin Nizami kəlamının təravəti, onun insana, ədalətə, elmə və sevgiyə verdiyi dəyər heç vaxt köhnəlmir, əksinə, günümüzdə daha böyük aktuallıq kəsb edir. Nizami poeziyası fəlsəfə ilə incəsənətin, dini hikmətlə dünyəvi elmlərin sintezidir. Bu gün də onun misralarını oxuyarkən hər kəs öz qəlbinin döyüntüsünü tapır, daxili dünyasına bir işıq payı götürür və mənəvi baxımdan zənginləşir.
Nizami Gəncəvi bütün bəşəriyyətin fəxri, sivilizasiya xəzinəmizin bənzərsiz incisi və əbədi qürur mənbəyimizdir. Onun qoyub getdiyi zəngin irs insanlığın yolunu işıqlandıran sönməz bir məşəldir.
Elnurə CƏFƏROVA
Digər xəbərlər