Ötən gün 73 cinayətin açılması təmin olunub...
11:06 15.08.2026
0
0
0
NAXÇIVAN :
15 Avqust 2026, Şənbə
11 avqust 2026-cı il tarixdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan Muxtar Respublikasına səfər edibər. Dövlət başçısının bu qədim diyara növbəti — dövlət başçısı kimi artıq on yeddinci səfəri özlüyündə çox şey deyir. On yeddi səfər Naxçıvana münasibətin vaxtaşırı diqqətdən, ardıcıl və sistemli dövlət siyasətindən qaynaqlandığını göstərir. Səfər də bunu təsdiqləyən mühüm tədbirlərlə müşayiət olundu: Sənaye Parkının təməlqoyma mərasimindən hərbi hissələrə döyüş bayraqlarının təqdim edilməsinə, Azərbaycan Televiziyasına verilən geniş müsahibədən sosial-iqtisadi inkişafı sürətləndirəcək yeni Sərəncamın imzalanmasına qədər.
Dövlət başçısının Naxçıvana hər səfəri, bir qayda olaraq, konkret layihələr və qərarlarla yadda qalır. Bu dəfə də belə oldu. Səfərdən bir gün sonra– avqustun 12-də Prezident “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzaladı. Sənəd 2026-2027-ci illəri əhatə edən geniş inkişaf paketini nəzərdə tutur və ümumilikdə, 258 milyon manat vəsaitin ayrılmasını müəyyənləşdirir. Vəsait alternativ və bərpa olunan enerji mənbələrinin genişləndirilməsi, yol-nəqliyyat infrastrukturunun yenilənməsi, təhsil və sosial obyektlərin tikintisi, yaşayış fondunun əsaslı təmiri kimi mühüm istiqamətlərə yönəldilir. Bu rəqəmlərin arxasında isə minlərlə insanın gündəlik həyatına təsir edən real dəyişikliklər dayanır. Bu baxımdan, Sərəncam yalnız maliyyə sənədi deyil, Naxçıvanın sosial və iqtisadi inkişafını sürətləndirəcək mühüm Dövlət Proqramı xarakteri daşıyır.
Səfər çərçivəsində təməli qoyulan və açılışı keçirilən obyektlər də bu inkişaf xəttinin ayrı-ayrı istiqamətlərini tamamlayır. Naxçıvan Sənaye Parkı, şəhərin mərkəzində inşa ediləcək beşulduzlu “Naxçıvan” Mehmanxana Kompleksi, “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlər, “Əcəmi seyrangahı” istirahət kompleksində Memar Əcəmi Naxçıvaninin abidəsinin açılışı, Möminə xatun türbəsində aparılan bərpa işləri — bütün bunlar Naxçıvanın sənayeləşmə, energetika, turizm və mədəni irsin qorunması istiqamətlərində paralel şəkildə irəlilədiyini göstərir.
Lakin bu obyektlərə yalnız tikinti və infrastruktur layihələri kimi baxmaq kifayət deyil. Onların hər birinin müəyyən müddətdən sonra gəlib çıxdığı bir ünvan var: Naxçıvan Dövlət Universiteti.
Sərəncamda Naxçıvan Dövlət Universitetinə xüsusi yer ayrılması da təsadüfi deyil. Tələbələr üçün 1000 yerlik müasir yataqxana kompleksinin tikintisi məqsədilə Elm və Təhsil Nazirliyinə 25 milyon manat vəsaitin ayrılması, ilk növbədə, tələbələrin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Lakin bunun əhəmiyyəti daha genişdir. Yaxşı yaşayış şəraiti tələbənin təhsil prosesinə, elmi fəaliyyətə və universitet həyatına daha fəal qoşulmasına imkan yaradır. Beləliklə, sosial rifaha yönələn bu investisiya zamanla təhsilin keyfiyyətinə, təhsilin keyfiyyəti isə regionun insan kapitalına çevrilir.
Naxçıvan Sənaye Parkı bunun ən bariz nümunəsidir. 2024-cü ildə imzalanmış Fərmanla yaradılan və hazırda 310 hektarlıq ərazidə formalaşdırılan bu parkın fəaliyyət göstərməsi üçün yalnız istehsal sahələri və texniki infrastruktur kifayət etməyəcək. Burada elektrik-energetika mühəndislərinə, istehsal proseslərini idarə edən mütəxəssislərə, iqtisadçılara, texnoloqlara və digər ixtisaslı kadrlara ehtiyac yaranacaq.
Maraqlıdır ki, Naxçıvan Dövlət Universitetinin özündə də artıq müəyyən müddətdir, Texnologiyalar Parkı fəaliyyət göstərir və gələcəkdə onun imkanlarının daha da genişləndirilməsi nəzərdə tutulur. Deməli, universitet üçün bu model tamamilə yeni deyil. Sənaye Parkının miqyası genişləndikcə regionun əsas ali təhsil müəssisəsi olan NDU-nun burada kadr hazırlığında mühüm rol oynaması təbii gözləntiyə çevrilir. Bu baxımdan, Sənaye Parkı yalnız iqtisadi layihə deyil, universitetin mühəndislik, texnologiya və iqtisadiyyat istiqamətləri üçün real əmək bazarı formalaşdıran mühüm məkandır.
“Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyaları isə NDU ilə sənaye arasında daha fərqli bir əlaqə yaradır. Bərpa olunan enerji yalnız enerji istehsalı məsələsi deyil. Bu sahə fizika, riyaziyyat, mühəndislik, ekologiya və informasiya texnologiyalarının kəsişməsində formalaşan müasir elm və texnologiya istiqamətidir.
Naxçıvan Dövlət Universitetində təbiət elmləri, fizika-riyaziyyat və digər əlaqəli istiqamətlər üzrə elmi-pedaqoji potensialın olması bu sahədə yeni imkanlar yaradır. Şəhərin özündə real enerji obyektlərinin fəaliyyət göstərməsi isə nəzəri biliklərin praktik təcrübə ilə tamamlanmasına şərait yarada bilər. Tələbənin Günəş elektrik stansiyasına gedərək enerji istehsal prosesini yerində müşahidə etməsi, tədqiqat aparması və istehsalat təcrübəsi keçməsi auditoriyada əldə etdiyi bilikləri real mühitlə əlaqələndirəcək. Bu isə universitet-sənaye əməkdaşlığının ən praktik formalarından biri ola bilər.
“Naxçıvan” Mehmanxana Kompleksi isə başqa bir istiqamətdə yeni tələbat yaradır. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində Naxçıvanda mehmanxana infrastrukturunun zəifliyinin turizmin inkişafına mane olduğunu xüsusi vurğulayıb. Deməli, yeni və müasir hotel infrastrukturunun yaradılması ilə yanaşı, bu obyektlərdə çalışacaq peşəkar kadrların hazırlanması da vacib məsələyə çevrilir. Naxçıvan Dövlət Universitetinin bu baxımdan mühüm üstünlüklərindən biri artıq formalaşmış beynəlxalq mühitdir. Universitetdə 25 ölkədən 2000-dən çox əcnəbi tələbənin təhsil alması, beynəlxalq mübadilə proqramlarında iştirak və müxtəlif ölkələrdən olan tələbələrlə işləmək təcrübəsi NDU-nun qlobal təhsil mühitinə açıq olduğunu göstərir. “Naxçıvan” Mehmanxana Kompleksi istifadəyə verildikdə burada hotelçilik, turizm menecmenti, xarici dillər və xidmət sahələri üzrə peşəkar mütəxəssislərə ehtiyac artacaq. Bu isə universitetin turizm və xidmət istiqamətlərində təhsil proqramlarını daha da gücləndirməsi üçün real perspektiv yaradır.
Əcəmi Naxçıvaninin abidəsinin açılışı və Möminə xatun türbəsində aparılan bərpa işləri isə NDU ilə Naxçıvanın mədəni irsi arasında başqa bir bağın aktuallığını artırır. Orta əsr memarlıq nümunəsinin bərpası yalnız daşın yenilənməsi demək deyil. XII əsrin memarlıq dilini və tarixi irsini müasir dövrə düzgün şəkildə çatdırmaq üçün arxiv sənədləri, tarixi mənbələr, memarlıq təhlilləri və elmi araşdırmalar tələb olunur. Bu baxımdan, Naxçıvan Dövlət Universitetində tarix, filologiya, memarlıq və digər humanitar istiqamətlər üzrə aparılan elmi araşdırmalar mühüm əhəmiyyət daşıyır.
Memar Əcəmi Naxçıvani irsinin öyrənilməsi və yaşadılması da universitetin qarşısında dayanan mühüm elmi və mənəvi missiyalardan biridir. Naxçıvanın memarlıq məktəbinin ən böyük nümayəndələrindən birinin irsi yalnız tarixi abidə kimi deyil, gələcək memarlar üçün öyrənilməli və yaşadılmalı bir məktəb kimi dəyərləndirilməlidir. Bu baxımdan, Əcəmi irsi ətrafında aparılacaq yeni tədqiqatların, elmi məqalələrin və layihələrin NDU-nun elmi mühitində formalaşması üçün geniş imkanlar var.
Beləliklə, Prezident İlham Əliyevin Naxçıvana son səfəri çərçivəsində diqqətçəkən layihələrə birlikdə nəzər saldıqda qarşımızda ,sadəcə, yeni tikinti və infrastruktur xəritəsi görünmür. Bu xəritənin mərkəzində insan kapitalı və onun formalaşdığı əsas məkanlardan biri — Naxçıvan Dövlət Universiteti dayanır.
Sənaye Parkı mühəndis və iqtisadçı, Günəş elektrik stansiyaları fizik, mühəndis və ekoloq, yeni mehmanxana kompleksi turizm və xidmət mütəxəssisi, tarixi-memarlıq abidələrinin bərpası isə tarixçi, tədqiqatçı və memar tələb edir. Bu müxtəlif istiqamətlərin ortaq nöqtəsi isə kadr hazırlığıdır.
Bu mənada, Prezidentin Naxçıvan səfərinin Naxçıvan Dövlət Universiteti üçün əhəmiyyəti yalnız universitetə ayrılan 25 milyon manat və 1000 yerlik yataqxana ilə məhdudlaşmır. Səfər çərçivəsində formalaşan yeni sənaye, enerji, turizm və mədəniyyət infrastrukturu universitet qarşısında yeni və daha böyük vəzifələr qoyur.
Başqa sözlə, Naxçıvanın qarşıdakı illər üçün inkişaf xəritəsi çəkilirsə, həmin xəritədə Naxçıvan Dövlət Universiteti, sadəcə, bir təhsil müəssisəsi kimi deyil, regionun gələcək iqtisadiyyatına, elminə, mədəniyyətinə və insan kapitalına kadr hazırlayan əsas mərkəzlərdən biri kimi görünür.
Nicat Yaqubov
Naxçıvan Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent
Digər xəbərlər