NAXÇIVAN :

01 Oktyabr 2026, Cümə axşamı

Prokurorluq orqanları dövlətçilik maraqlarına, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə xidmət edir

...

1 oktyabr Prokurorluq işçilərinin peşə bayramı günüdür

Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün – oktyabr ayının 1-i “Prokurorluq işçilərinin peşə bayramı günü” kimi qeyd olunur.  

Azərbaycan Prokurorluğu vətəndaşların hüquq və azadlıqlarının, cəmiyyətin və milli dövlətçiliyin maraqlarının etibarlı müdafiəsində, hüquq qaydasının və qanunçuluğun möhkəmləndirilməsində xüsusi rol oynayır. Ölkəmizdə milli prokurorluq orqanlarının əsasının 1918-ci il oktyabr ayının 1-də qoyulmasına baxmayaraq, onun milli dövlətçilik maraqlarına, qanunun aliliyinə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə xidmət edən sivil, demokratik dövlət təsisatı kimi formalaşması və səmərəli fəaliyyəti üçün qanunvericilik və maddi sosial bazanın yaradılması məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə аpаrılаn ədalətə, humanizmə söykənən məhkəmə-hüquq islahatları çərçivəsində mümkün olmuşdur.

Ulu Öndərin 1993-cü ildə Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra respublikamızda qanunun aliliyi təmin olunaraq vətəndaşların hüquq və azadlıqlarının yüksək səviyyədə müdafiəsi mühüm prinsip kimi elan edilmişdir. Bu tədbirlərin tərkib hissəsi kimi Ümummilli Liderin rəhbərliyi ilə hazırlanaraq 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Rеspublikаsının Konstitusiyası zamanın tələbi ilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və demokratikləşməsinə möhkəm zəmin yaratmışdır. Əsas Qanunda ilk dəfə olaraq respublikamızın dövlət təsisatı sistemində prokurorluğun yeri müəyyənləşdirilmiş, onun statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri təsbit edilmişdir. Belə ki, Konstitusiyanın “Azərbaycan Respublikasının Prokurorluğu” adlanan 133-cü maddəsində Azərbaycan Respublikasının Prokurorluğu qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət, qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlamaq və istintaq aparmaq, məhkəmədə dövlət ittihamını müdafiə etmək və məhkəmədə iddia qaldırmaq, məhkəmə qərarlarından protest vermək kimi vəzifələr qeyd olunmuşdur. Azərbaycan Respublikasının Prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikası Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqandır.

Ulu Öndər Heydər Əliyevin prokurorluq işçilərinə ünvanlanmış dəyərli tövsiyələri və prokurorluq peşəsinə verdiyi qiymət hər bir əməkdaşın xalqına və dövlətinə sədaqət hissini gücləndirməklə böyük ruh yüksəkliyi yaratmışdır. Ümummilli Liderin “Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız” sözlərini prokurorluq işçiləri öz fəaliyyətlərində əsas istiqamət kimi götürürlər.

1996-cı ildə Ümummilli Lidеr Heydər Əliyevin Sərəncamı ilə Hüquqi islahatlar komissiyasının yаrаdılmаsını, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində qanunun aliliyinin təmin olunmasını, beynəlxalq hüquq normalarının milli qanunvericilikdə nəzərə alınmasını və bu kimi digər əhəmiyyətli məsələləri nəzərdə tuturdu ki, bu da Ulu Öndərin göstərişi ilə qısa zaman kəsiyində uğurla həyata keçirilməklə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və müasirləşdirilməsinə rəvac vermişdir. Bu islahatlar çərçivəsində beynəlxalq standartlara və demokratik prinsiplərə, milli dövlətçilik ənənələrinə uyğun hazırlanmış “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun və digər qanunvericilik aktlarının qəbul edilməsi, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin və digər normativ sənədlərin təsdiq edilməsi nəticəsində prokurorluğun fəaliyyətinin hüquqi tənzimlənmə prosesi yeni mərhələyə qaldırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının əsas prinsiplərini özündə əks etdirən və prokurorluğun qarşısında duran bu və digər məqsədlərin həyata keçirilməsində 7 dekabr 1999-cu il tarixdə qəbul olunmuş “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu mühüm əhəmiyyət daşıyır. Mütərəqqi ruhlu bu Qanun prokurorluğun fəaliyyətinin forma və metodlarının demokratik dəyərlərə uyğunlaşdırılmasına ciddi hüquqi zəmin formalaşdırmışdır.

Hüquq sisteminin inkişafında prokurorluğun rolunun gücləndirilməsi istiqamətində müntəzəm tədbirlər görülməklə 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş “Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi haqqında” Referendum aktına əsasən prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilmişdir.

Qanunçuluq hər kəsin qanun qarşısında hüquq bərabərliyi, fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi, obyektivlik, qərəzsizlik və faktlara əsaslanma, vahidlik və mərkəzləşdirmə, ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikasının Baş prokuroruna tabe olması və siyasi bitərəflik isə prokurorluğun fəaliyyətinin əsas prinsipləridir.

Bu gün ölkəmizdə həyata keçirilən ardıcıl məhkəmə-hüquq islahatları hüquq sisteminin demokratik standartlara cavab verən səviyyədə formalaşmasına, insan hüquq və azadlıqlarının daha mötəbər formada qorunmasına, o cümlədən prokurorluq orqanlarının tam yeniləşərək müasir məzmunlu sivil bir orqana çevrilməsinə zəmin yaratmışdır. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarının fəaliyyətinin daha da müasirləşdirilməsi və təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Prokurorlar demokratik cəmiyyətdə prokurorluğa xas olan funksiyaları yerinə yetirərkən cəmiyyətimizin və dövlətimizin maraqlarının qorunmasında prinsipiallıq və peşəkarlıq nümayiş etdirir, cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin edilməsində, bütövlükdə, hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynayırlar”. Ölkə başçısının prokurorluq orqanları qarşısında müəyyən etdiyi, dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılması prosesi uğurla həyata keçirilir. Prokurorluğun ölkənin hüquq sistemində rolunun artırılması, dövlətimizin daha yüksək inkişaf mərhələsində prokurorluq orqanlarına daha böyük inam və etimad göstərilməsinin nəticəsi olaraq bu dövlət təsisatı qarşısında yeni vəzifələrin müəyyən olunması prosesi həyata keçirilir.

 “Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası ilə əlaqədar Azərbaycan Respublikası Prokurorluğunun Tədbirlər Planı” prokurorluq orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi sahəsində tədbirləri zəruri etmişdir. Prokurorluq orqanları ilə ictimaiyyətin əlaqələrinin qarşılıqlı etimad prinsipi əsasında qurulması, bu orqana edilən müraciətlərin vaxtında araşdırılması və zəruri tədbirlərin görülməsi də son illərin uğurlu fəaliyyət istiqamətlərindən birinə çevrilmişdir.

Prokurorluğun fəaliyyətində ən vacib istiqamətlərdən biri də müasir dövrün tələblərinə uyğun olaraq cinayət mühakimə icraatında rəqəmsallaşma prosesinin həyata keçirilməsidir ki, bu sahədə irəliləyişlər əldə edilmiş, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli Fərmanı ilə yaradılmış “Elektron Prokurorluq” İnformasiya Sistemi fəaliyyətə başlamışdır.

Prokurorluq orqanlarının ölkənin hazırkı inkişaf səviyyəsinə uyğun olaraq qarşıda duran vəzifələrin icrasını təmin etmək məqsədilə fəaliyyətinin çağdaş dövrün ictimai münasibətlərinə uyğun təkmilləşdirilməsi məqsədinə xidmət edən Azərbaycan Respublikası Prokurorluğunun 2024-2026-cı illər üzrə Strateji İnkişaf Konsepsiyası qəbul edilmişdir. Konsepsiyada ölkəmizin qarşısında duran müasir çağırışlar və vəzifələr nəzərə alınmaqla prokurorluğun inkişafının mühüm aspektləri, istiqamət və məqsədləri, insan hüquqlarının və azadlıqlarının etibarlı müdafiə olunduğu cəmiyyətdə prokurorluğun prioritetləri və uzunmüddətli hədəfləri müəyyən edilmişdir.

Azərbaycan Prokurorluğunun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının prokurorluq orqanları da həmişə öz üzərində yüksək dövlət qayğısını hiss edir. Muxtar respublikanın sosial-iqtisadi inkişafına uyğun olaraq hüquq institutlarının təkmilləşdirilməsinə, insan hüquqlarının müdafiəsi mexanizminin və ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, əhalinin keyfiyyətli hüquqi yardımla təmin edilməsinə xüsusi diqqət yetirilir. Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” 2006-cı il 2 noyabr tarixli Fərmanı Muxtar Respublikada hüquq-mühafizə orqanlarının fəaliyyəti üçün yeni mərhələnin əsasını qoyub. Naxçıvan Muxtar Respublikası Prokurorluğu mərkəzi aparatı müasir texniki vasitə və kriminalistik avadanlıqlarla təmin edilib.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 10 iyun tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunda struktur islahatlarının həyata keçirildiyi nəzərə alınaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mərkəzi aparatının strukturu Azərbaycan Respublikası Baş Prokurorluğunun strukturuna uyğunlaşdırılmışdır.

Dövlətçiliyin və sabitliyin qorunması, cinayətkarlığa və qanun pozuntularına qarşı mübarizə, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi işinə digər hüquq-mühafizə orqanları ilə yanaşı prokurorluq orqanları da öz layiqli töhfəsini verə bilmişdir.

108 yaşlı Azərbaycan Prokurorluğu Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin də dediyi kimi: “Azərbaycan Prokurorluğu bundan sonra da Azərbaycan dövlətçiliyinə sadiq olacaq, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi və inkişaf etməsi prosesində fəal iştirak edəcək və Azərbaycanda qanunun aliliyinin təmin olunmasında öz xidmətlərini göstərəcəkdir”.

Faiq SƏFƏROV

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun şöbə rəisi,

baş ədliyyə müşaviri, prokurorluğun fəxri işçisi

Nəşr edilib : 01.10.2026 09:25