NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Qadınlara verilən dəyər: bir gün, yoxsa hər gün?

...

Hər il 8 Mart – Beynəlxalq Qadınlar Günü yaxınlaşanda qadınlara gül təqdim olunur, sosial şəbəkələrdə təbriklər paylaşılır və onların cəmiyyətdəki rolu haqqında çox danışılır. Bu gün qadınların zəhmətinə, fədakarlığına və həyatın müxtəlif sahələrindəki roluna diqqət çəkmək üçün xüsusi bir gündür. Lakin sual yaranır: qadınlara verilən dəyər yalnız bir günlə məhdudlaşmalıdırmı?
Qadınlar ailənin təməli, cəmiyyətin inkişafında mühüm rol oynayan fərdlərdir. Müəllim, həkim, jurnalist və bir çox başqa peşələrdə çalışan qadınlar hər gün böyük məsuliyyət daşıyır, həm ailədə, həm də cəmiyyətdə mühüm missiya yerinə yetirirlər. Onların zəhməti və əməyi təkcə bir gün xatırlanmalı deyil, ilin hər günü qiymətləndirilməlidir.
Əslində, qadınlara verilən ən böyük dəyər təbriklərdən və hədiyyələrdən daha artıqdır. Bu onlara hörmət göstərmək, hüquqlarını qorumaq, fikirlərinə və əməyinə dəyər vermək deməkdir. Cəmiyyət qadınların potensialını tanıyıb onların inkişafına şərait yaratdıqca bu dəyər daha real və davamlı olur.
Qadınlar bir gün yox, hər gün sevilməlidir, onlara dəyər hər zaman verilməlidir. Qadın olmasa, cəmiyyət olmaz. Həkimi, alimi, müəllimi yetişdirən qadındır, anadır. Qadına deyilən xoş bir söz, bir sığal verilmiş bahalı hədiyyələrdən qat-qat artıqdır. Cəmiyyətdə tez-tez işləyən qadınlardan danışılır, lakin evdə çalışan ev qadınlarının əməyinə bəzən lazımi dəyər verilmir. Halbuki ev qadını olmaq, sadəcə, evdə qalmaq demək deyil. Bu, ailənin bütün məsuliyyətini daşımaq, gündəlik işləri idarə etmək və ailə üzvlərinin qayğısına qalmaq kimi böyük zəhmət tələb edən bir roldur. Bir ev qadını səhərdən axşama qədər fasiləsiz işləyir: yemək hazırlayır, evi səliqəyə salır, uşaqların tərbiyəsi ilə məşğul olur, ailənin rahatlığı üçün çalışır. Bu işlərin çoxu maaşlı bir peşə kimi qiymətləndirilməsə də, əslində, böyük əmək və səbir tələb edir. Ev qadınlarının gördüyü iş ailənin sabitliyi və rahatlığı üçün əsas rol oynayır.
Buna görə də qadınlara verilən dəyər yalnız müəyyən günlərdə xatırlanmamalıdır. Xüsusilə evdə çalışan qadınların zəhməti görünməsə də, onların əməyinə hörmət etmək və qiymətləndirmək cəmiyyətin vacib məsuliyyətlərindən biridir. Qadınların dəyəri bir gün deyil, hər gün hiss olunmalıdır.
Buna görə də qadının gördüyü iş və daşıdığı məsuliyyət bir günlə ölçülə bilməz. Bir gün verilən gül və ya təbrik sözləri gözəl jest olsa da, qadınlara ən böyük dəyər onlara hörmət etmək, zəhmətlərini qiymətləndirmək və onların cəmiyyətdəki rolunu daim qəbul etməkdir. Qadınların dəyəri yalnız bayram günlərində deyil, gündəlik həyatın hər anında hiss olunmalıdır. Əgər cəmiyyət qadınların əməyini, fədakarlığını və rolunu hər gün anlayıb qiymətləndirə bilirsə, o zaman qadınlara verilən dəyər, həqiqətən də, səmimi və real olur. Çünki qadın yalnız bir günün qəhrəmanı deyil, həyatın hər gününü formalaşdıran ən mühüm güclərdən biridir.

Ayşən ADIGÖZƏLOVA

Nəşr edilib : 07.03.2026 15:20