NAXÇIVAN :

26 Iyun 2026, Cümə

Qalib dövlətin Zəfər Ordusu

...

Ulu Öndər Heydər Əliyevin qələmi ilə yazılan ordumuzun şanlı tarixi  

“Azərbaycan təkcə bu gün yox, gələcəkdə də torpaqlarını, dövlət müstəqilliyini qorumaq üçün güclü orduya malik olmalıdır”, – deyən Ümummilli Liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti ilə burada – Naxçıvanda çıraq işığında dahi şəxsiyyətin qərarları, silahını yerə qoymayan oğulların qəhrəmanlığı ilə başladı ordu quruculuğu. Ulu Öndər hələ sovet dövründə, Azərbaycana rəhbərlik etdiyi illərdə milli zabit kadrların yetişdirilməsini prioritet hesab edirdi. Uzaqgörən siyasət xadimi 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin yaradılmasına nail oldu. O, azərbaycanlı gəncləri SSRİ-nin qabaqcıl hərbi məktəblərinə təhsil almağa göndərirdi. Azərbaycanın dövlətçilik tarixində mühüm rol oynayan ordu quruculuğu prosesi Ümummilli Liderimiz Heydər Əliyevin xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdışından sonra ən yüksək inkişafına çatdı. Bu sahədə mühüm tədbirlərin həyata keçirilməsinə güclü təkan verildi və cəbhədə vəziyyətin müsbət istiqamətdə inkişafına şərait yaratdı. Onun rəhbərliyi ilə Silahlı Qüvvələrimiz müasir texnika, silah və sursatla təchiz olundu, ordunun zabit kadrları ilə komplektləşməsinə, hissə və birləşmələrin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə imkanlar yaradıldı. Dahi rəhbərin Azərbaycan dövlətinin iqtisadiyyatının gücləndirilməsi istiqamətində atdığı addımlar ordu quruculuğunun da möhkəmlənməsinə zəmin yaratdı. Azərbaycan Ordusu elmi-nəzəri əsaslar üzərində qurulmağa başladı. Dahi rəhbər Heydər Əliyev güclü və intizamlı ordunun yaradılmasının həm də yüksəkixtisaslı milli zabit kadrların mövcudluğundan asılı olduğunu nəzərə alaraq hərbi akademiyanı yaratdı, Ali Hərbi Dənizçilik və Ali Hərbi Təyyarəçilik Məktəblərini formalaşdırdı. Naxçıvanda hərbi təhsil ocağının təməli də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulmuşdur. 

Tapşırıq yerinə yetirildi

Görkəmli dövlət xadiminin ordu quruculuğu sahəsində gördüyü işlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Mərkəzləşmiş maddi-texniki təminat işində uğurlu addımlar atıldı, müxtəlif qoşun növlərinin, ayrı-ayrı hərbi hissələrin təminatı həyata keçirilməklə formalaşması başa çatdırıldı, orduya çağırış işi təkmilləşdirildi, şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi-vətənpərvərlik tərbiyəsi gücləndirildi. Quru Qoşunları, Hərbi Dəniz, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının birləşmə və bölmələrində müasir standartlar ön plana çəkildi. Dahi rəhbərin bütün arzuları kimi güclü ordu istəyi də yerinə yetirildi. Azərbaycan ötən illər ərzində Qafqazda söz sahibinə çevrilib qalib dövlət şərəfinə nail oldu. Dövlətimizin iqtisadi imkanları artdıqca orduya daha çox vəsait ayrılmasına imkan yarandı. Ordumuz dövlətimizin, müstəqilliyimizin və təhlükəsizliyimizin dəmir qalxanına, xalqımızın yenilməz dayağına çevrildi. 
Ordumuzun gücü daha da artırıldı və qüdrətli müdafiə sənayesi yaradıldı. Qısa müddətdə hərbi sənayesi formalaşan Azərbaycanda bu gün ən müasir silahlar, döyüş sursatları və hərbi texnikalar istehsal olunur. Ölkənin müdafiə qabiliyyəti öz sənaye istehsalının hesabına gücləndirilir. Bütün bunların nəticəsi olaraq biz zəfər qazandıq – dövlət-xalq-ordu birləşərək, “dəmir yumruğ”a dönərək. 44 günlük Vətən müharibəsində aparılan döyüş əməliyyatları, bu əməliyyatların ən möhtəşəmi sayılan Şuşa zəfərində Azərbaycan Ordusu öz gücünü bir daha nümayiş etdirdi. Prezident cənab İlham Əliyev Azərbaycanda uğurla həyata keçirilən ordu quruculuğu haqqında deyib: “Bu gün Azərbaycan Ordusu artıq özünü təsdiqləyib, cəmi 44 gün ərzində düşməni tarixi torpaqlarımızdan qovub, tarixi ədaləti bərpa edib, xalqımızın qürurunu bərpa edib və bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin qarantıdır. Biz ordu qurucu­luğuna həmişə çox böyük diqqət göstərmişik”. 
Bu gün Azərbaycan özünün hərbi sənaye potensialını inkişaf etdirərək atıcı silahlar, döyüş sursatları, zirehli texnikalar və qabaqcıl pilotsuz uçuş aparatları (PUA) istehsal edən güclü istehsal mərkəzinə çevrilib. İstehsal olunan məhsullar təkcə yerli ordunu təmin etmir, həm də dünya bazarına ixrac olunur. Azərbaycan Ordusunun texnikası bu gün həm say, həm keyfiyyət, həm də müasir döyüş konsepsiyalarına uyğunluğu baxımından regionda ön sıradadır. Müasir texnologiyalar, peşəkar hərbi kadrlar, milli istehsal potensialı və strateji tərəfdaşlıqlar sayəsində Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş hazırlığı səviyyəsindədir. Bu güc ordumuzun təkcə müdafiə qabiliyyətini deyil, həm də regionda sülhün və sabitliyin qorunmasında Azərbaycanın rolunu daha da möhkəmləndirir. 

Postsovet məkanında ilk Qələbə paradı

Şanlı Vətən savaşı gələcək nəsillərə nümunə olacaq bir qələbə ilə başa çatdı. Elə bir qələbə ki tarixdə hələ belə bir mübarizə görülməmişdi. Bu müharibədə qazanılan zəfər təkcə öz tariximizi yox, həm də regionun və dünyanın tarixini yenidən yaratdı. Qələbədən iki il öncə Ali Baş Komandanımız “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan Bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”, – deyirdi. Dedi və həmişəki kimi sözünə əməl etdi. Həmin gün gəldi. 2020-ci ilin dekabr ayında Bakının baş meydanında keçirilən Zəfər paradı ordumuzun qüdrətini dünyaya nümayiş etdirdi. Postsovet məkanında 1945-ci ildən sonra keçirilən ilk Qələbə paradına da biz imza atdıq. Hamı gördü ki, bu xalq torpaqlarının işğalına 30 il səbir edə bilər, amma bununla barışa bilməz. 30 ildə öz ordusu haqqında “miflər” yaradan, “keçilməz sədləri” ilə öyünən erməni dövlətinin silahlı birləşmələri, “dağılmaz-keçilməz” sədləri cəmi bir saatda darmadağın edildi. Zəfər paradı azərbaycanlılar üçün qürur, şərəf, ləyaqət simvolu kimi yaddaşlarda qaldı. 
2023-cü ilin sentyabr ayında keçirilən lokal xarakterli antiterror əməliyyatında Vətən oğulları cəmi 23 saat 44 dəqiqəyə suverenliyimizi bərpa etdi, 30 il ərzində həllini gözləyən böyük bir problem ortadan qaldırıldı. 2023-cü ildə Xankəndidə keçirilən hərbi paradda addımlayan Azərbaycan əsgərinin ayaq səsi isə əbədi qayıdışın simvolu oldu. 
Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi parad zamanı nümayiş etdirilən texnikalar isə Azərbaycan Silahlı Qüvvələrinin çoxşaxəli, müasir və inteqrasiya olunmuş döyüş potensialını aydın şəkildə əks etdirdi. Paradda zirehli avtomobillərdən uzaqmənzilli raket komplekslərinə, hava hücumundan müdafiə sistemlərindən yüksək dəqiqlikli pilotsuz uçuş aparatlarına, artilleriya sistemlərinə qədər geniş silah arsenalı nümayiş etdirildi. Bu müxtəliflik ordunun, eyni zamanda həm müdafiə, həm də əməliyyat-taktiki hücum funksiyalarını effektiv həyata keçirməsinə imkan verir.
Torpaqlarımızın azadlığı uğrunda Aprel və Günnüt zəfərindən başlayan yol xalqımızın birliyi dövlətimizin gücü ilə Şuşada böyük zəfərlə tamamlandı. Biz xalqımızın iradəsi ilə Böyük Qayıdışa da nail olduq. 
Müzəffər Sərkərdənin də dediyi kimi: “İndi Azərbaycan xalqı görür ki, biz nəyə qadirik. Görür ki, biz müharibədə də qələbə qazanırıq, həyatda da qələbə qazanırıq və bizi güclü edən xalqın iradəsidir, xalqın birliyidir. Müharibədə də Zəfərimiz xalqın birliyi nəticəsində olmuşdur”.
Bəli, elin dar günündə bu xalqın hər evi səngərə, hər fərdi Vətəni qoruyan müsəlləh əsgərə dönür. Çünki Azərbaycan Ordusu təkcə hərbi forma geyinmiş əsgər, gizir və zabitdən ibarət deyil. O, bütöv xalqın iradəsini, birliyini və fədakarlığını özündə birləşdirən qüvvədir.  
Ordumuz son çörək payını səngərdəki əsgərə göndərən analardan, təqaüdünü ordunun güclənməsi üçün bağışlayan ahıl insanlardan, həyat yoldaşına olan sonsuz sevgisini Vətənə qurban verib şəhid tabutunu çiynində daşıyan Azərbaycan qadınından, bir ovuc torpağa gözünün nurunu, canını qurban verən oğullarımızdan, Vətənimizin hər bir qarışının keşikçisi olan   Vətən sevdalı ürəklərdən ibarətdir. 
Bu gün hər bir azərbaycanlı Vətənə xidməti özünün birinci dərəcəli vətəndaşlıq borcu sayır, şərəf bilir. Hər kəs öz sahəsində müstəqil, qalib Azərbaycan üçün döyüşür. Və bu gün biz 108 yaşlı qalib ordumuzla fəxr edir, 26 İyun – Silahlı Qüvvələr Gününü azad Şuşada qeyd etməyin xoşbəxtliyini yaşayırıq. 

Ramiyə ƏKBƏROVA
 

Nəşr edilib : 25.06.2026 23:57