NAXÇIVAN :

29 Aprel 2026, Çərşənbə

Qalib gəncliyin zəfəri

...

Nə xoşbəxt gənclərik ki, Qarabağ zəfərinin şahidi  olduq. Həm də onun şahidi olduq ki, bu gün Ümummilli Lider Heydər Əliyevin bizə miras qoyduğu gənclər siyasəti uğurla davam etdirilir. Biz xoşbəxt gənclərik ki, Ulu Öndərin əsasını qoyduğu milli ideologiya və gənclər siyasətindən bəhrələnmişik. Məhz Prezidentimizin rəhbərliyi dönəmində formalaşan Ulu Öndər Heydər Əliyev siyasətindən bəhrələnən gənclər işğal altında olan torpaqlarımızın azad olunmasında canlarını qurban verdilər. Azərbaycanın ən böyük problemi olan Qarabağ məsələsi öz həllini tapdı.

Prezident İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycanda gənclər siyasəti mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoydu. Gənclər üçün çoxsaylı layihələr icra olundu. Bu layihələrin hər birinin ana xətti isə Azərbaycançılıq idi. Ali Baş Komandan hər zaman Azərbaycan gənclərinin milli-mənəvi ruhda yetişməsinin vacibliyini qeyd edir.  “Gənclər savadlı, bilikli olmalıdırlar, eyni zamanda milli mədəniyyətimizə yaxın olmalıdırlar”,- deyən Prezident İlham Əliyev Azərbaycan dəyərlərinin gənclər tərəfindən mənimsənilməli olduğunu vurğulayırdı. Məhz görülən işlərin nəticəsi olaraq Azərbaycan gəncləri beynəlxalq yarışlarda qələbə qazanıb bayrağımızı qaldırdı, ölkəmizi müxtəlif tədbirlərdə layiqincə təmsil etdi, Azərbaycan həqiqətlərini dünyaya çatdırdı, ölkəmizin inkişafında mühüm rol oynadı. Azərbaycanda düşmənə diz çökdürən qəhrəmanlardan ibarət gənclik yetişdi.

Prezident İlham Əliyev 2019-cu ildə gənclərlə görüşü zamanı “Gənclər, mən sizə inanıram, güvənirəm”,- deyə qeyd etmişdi. Biz xoşbəxt gənclərik ki, Ali Baş Komandan hər məsələdə bizə güvənir.  Bunlardan ən önəmlisi 44 günlük Vətən müharibəsində gənclərimizin göstərdiyi igidlik, şücaət idi. Müharibəyə yollanan gənclərin hamısı döyüşlərdə qəhrəmancasına iştirak etdi. Onlar bütün dünyaya Azərbaycan gəncinin nəyə qadir olduğunu göstərdilər. Hər biri öz cəsurluğu, igidliyi ilə vətənpərvərlik salnaməsi yazdı, qələbə dolu döyüş yolu ilə dillərdə dastana döndü. 44 günlük müharibədə Vətən uğrunda canından keçərək şəhidlik mərtəbəsinə ucalanların böyük əksəriyyətini də məhz gənclər təşkil etdi. Prezident İlham Əliyevin dediyi kimi: Biz bu vəziyyətlə barışmadıq və mən dəfələrlə deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi”.

Ümumiyyətlə, Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirib, ölkədə gedən proseslərin daim önündə olub. Bu ondan irəli gəlir ki, Azərbaycan dövləti gənclərə hər zaman malik olduqları bacarıq, qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi çıxış edir, bu təbəqəyə daim böyük diqqət və qayğı ilə yanaşır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin yeni mərhələyə qaldırdığı dövlət gənclər siyasəti respublikamızda gəncliyin inkişaf yoluna işıq salıb, onun dövlət quruculuğunda və idarəçiliyində, bir sözlə, cəmiyyət həyatının bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib. Bu baxımdan, Prezident İlham Əliyevin gənclərlə iş sahəsində həyata keçirdiyi tədbirlər Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş gənclər siyasətinin uğurlu davamı kimi cəmiyyət tərəfindən təqdir edilir.

Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 44 günlük Vətən müharibəsi oldu. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuzillik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Əsrin qələbəsi kimi qiymətləndirilən zəfərimizin memarının adı xalqın qəlbində əbədi həkk olundu. Bəli, Zəfərin 5- ci ildönümünü  qalib Azərbaycan gəncləri həmişəkindən fərqli olaraq qürurla qeyd edir.  Çünki bu gəncliyin güclü Lideri var. Qalib gəncliyin Lideri, Müzəffər  Sərkərdəsi, Azərbaycan Prezidenti İlham Əliyev! Qalib xalqın gəncləri bundan sonra da Ali Baş Komandanın ətrafında sıx birləşəcəklər.

Jalə MİRZƏYEVA

Naxçıvan Muxtar Respublikası “Xan Sarayı” Dövlət Tarix-Memarlıq,

Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksinin bələdçisi

Nəşr edilib : 06.11.2025 15:50