Milli Məclisin sədri: Geosiyasi gərginliklər inkiş...
17:44 28.08.2026
0
0
0
NAXÇIVAN :
28 Avqust 2026, Cümə
Tələbəlik illərinin görünməyən dərsliyi
Həmin siyahı yadınızdadırmı? Bəziləri üçün göz yaşları, bəziləri üçün sakit bir “nəhayət” idi. Aylarla, bəlkə də, illərlə davam edən hazırlıq, sınaq imtahanları, gecə saatlarına qədər açıq qalan dərsliklər, valideynlərin “Get, yat, sabah yenə oxuyacaqsan” xəbərdarlıqları bir anda arxada qaldı. İndi adın bir ali təhsil müəssisəsinin, bir ixtisasın qarşısında yazılıb. Təbrik olunursan. Amma bu təbrikdən sonra çox az adam səni əsl sualla üz-üzə qoyur: Bəs indi nə olacaq?
Bu sual ilk baxışda sadə görünür. Halbuki abituriyentlik illərində diqqətin böyük hissəsi tək bir hədəfə – qəbul olmağa yönəlmişdi. İndi həmin hədəf arxada qaldı, amma yenisi isə hələ formalaşmayıb. Məhz nəticələrin elan olunduğu gündən dərslərin başladığı günə qədər olan müddətdə bunu dərk etmək vacibdir: universitetə qəbul proses deyil, prosesin yalnız qapısıdır. Əsl iş indi başlayır.
“Qəbul oldum” ilə “tələbə oldum” arasındakı fərq
Abituriyentlik dövründə həyat müəyyən bir sxem üzrə qurulur: müəyyən fənlərdən bal toplamaq, keçid həddini aşmaq və universitetə qəbul olmaq. Aydın hədəf, aydın meyar, aydın nəticə.
Tələbəlik isə tamam başqa bir mərhələdir. Burada uğur yalnız rəqəmlərlə ölçülmür. Bir tələbə əla diplomla məzun ola bilər, amma iş müsahibəsində sualların qarşısında çətinlik çəkə bilər. Başqa bir tələbə isə orta göstəricilərlə oxuya-oxuya özünü elə formalaşdıra bilər ki, məzun olan kimi qarşısına bir neçə iş təklifi çıxsın. Fərq ondadır ki, biri universiteti yalnız “dərs oxumaq yeri” kimi görür, digəri isə onu özünü sınamaq, formalaşdırmaq və kəşf etmək məkanı kimi qəbul edir. Elə buna görə də universitetə qəbul olmaq məqsədin sonu deyil, yeni mərhələnin başlanğıcıdır. Bu mərhələnin necə keçəcəyi isə böyük ölçüdə elə indi verəcəyiniz qərarlardan asılıdır.
Auditoriyadan kənarda qalan universitet...
Universitet təhsili, ilk növbədə, nəzəri biliyə əsaslanır və belə də olmalıdır. Mühazirələr, seminarlar, laboratoriya məşğələləri, kollokviumlar və imtahanlar ali təhsilin əsasını təşkil edir. İxtisasın nəzəri bazasını bilmədən yaxşı mütəxəssis olmaq mümkün deyil. Amma əmək bazarı artıq yalnız diplom və nəzəri biliklə kifayətlənmir. İşəgötürənlər “nə bilirsən?” sualı ilə yanaşı, “nə edə bilərsən?”, “problemlə üzləşəndə necə davranırsan?”, “komandada necə işləyirsən?” suallarına da cavab axtarırlar. Bu cavabların hamısını auditoriyada almaq mümkün deyil.
Eyni fakültədə və eyni ixtisasda oxuyan iki tələbə təsəvvür edin. Biri dərslərini vaxtında bitirir, kitabxanaya gedir, imtahanlara hazırlaşır və evə qayıdır. Digəri isə bunlarla yanaşı, tələbə təşkilatının bir layihəsində iştirak edir, yay tətilində təcrübə keçir, universitetdənkənar təlimə qatılır, kiçik layihələr həyata keçirir. Dörd il sonra, kağız üzərində ikisinin də diplomu eyni ola bilər. Amma reallıqda təcrübələri tamamilə fərqli olacaq.
Burada söhbət hər tələbənin mütləq çoxsaylı fəaliyyətlərə qoşulmasından getmir. Söhbət universitet illərini, yalnız dərs cədvəli ilə məhdudlaşdırmamaqdan gedir.
Bu fəaliyyətlər konkret olaraq nə verir?
Könüllülük, ilk baxışda, sadəcə, “kömək etmək” kimi görünür. Əslində isə məsuliyyət hissini, komanda daxilində işləmək və müxtəlif insanlarla ünsiyyət qurmaq bacarığını formalaşdırır. Bəzən ilk təşkilatçılıq təcrübəsi də məhz burada qazanılır.
Təcrübə proqramları auditoriyada öyrənilən nəzəriyyənin real iş şəraitində necə tətbiq olunduğunu göstərir. Kitabda hər şey aydın və qaydalı görünür, real işdə isə vaxt təzyiqi, qeyri-müəyyənlik və gözlənilməz problemlər var.
Layihələr, ideyanı kağızdan reallığa keçirmək bacarığını formalaşdırır. Kiçik bir layihənin belə planlaşdırılması, komanda ilə həyata keçirilməsi və nəticənin qiymətləndirilməsi gələcək iş həyatında çox dəyərli təcrübəyə çevrilir.
Tələbə təşkilatlarında iştirak liderlik, komanda idarə etməsi məsuliyyət və qərarvermə bacarıqlarını inkişaf etdirir. Konfranslarda çıxış etmək isə fikri strukturlaşdırmağı, arqumentləşdirməyi və auditoriya qarşısında təqdim etməyi öyrədir. Bunlara effektiv ünsiyyət, problem həlletmə, tənqidi və yaradıcı düşüncə, vaxtın idarə olunması, emosional, intellekt, yazılı kommunikasiya, rəqəmsal savadlılıq, xarici dil, layihə, idarəetmə və təşəbbüskarlığı da əlavə etmək olar.
Əsas məsləhət isə budur: bu bacarıqların böyük hissəsi dərslikdə yazılmır. Onlar fəaliyyət zamanı, komanda daxilində, uğursuz təqdimatdan və ya çətin vəziyyətdən sonra formalaşır.
CV-ni doldurmaq üçün yox, özünü tapmaq üçün
Son illərdə tələbələr arasında tendensiya müşahidə olunur: hər tədbirə, hər layihəyə və təlimə “CV-də yaxşı görünsün” düşüncəsi ilə qoşulmaq.
Bu yanaşma məsələnin mahiyyətini dəyişir. Könüllülüyün əsas məqsədi sertifikat toplamaq, təcrübə proqramının isə məqsədi “təcrübə keçdim” sənədi əldə etmək, təlimə getməyin məqsədi iştirak vərəqəsi olmaq deyil. Əsl məqsəd – öyrənmək, sınamaq, bəzən səhv etmək, təcrübə toplamaq və nəticədə, özünü daha yaxşı tanımaqdır. Əgər sən nəyəsə, həqiqətən, maraqdan qoşulmusansa, sertifikat və ya tövsiyə məktubu bunun təbii nəticəsi ola bilər. Amma tərsinə yalnız kağız üçün çalışsan, çox vaxt nə real təcrübə qazanırsan, nə də həmin kağız gələcəkdə sənə ciddi üstünlük verər. Çünki müsahibədə əsas sual belə olacaq: “Bu təcrübədə konkret nə etdim?”
Bir yol xəritəsi
Tələbəlik illərinin, hər kursun öz ritmi və vəzifəsi var. Bunu sərt qayda kimi yox, istiqamət kimi düşünmək lazımdır. Birinci kurs uyğunlaşmaq və sınaq dövrüdür. Yeni mühitə, insanlara və tələblərə öyrəşmək, universitetin təklif etdiyi imkanları tanımaq və müxtəlif fəaliyyətləri sınamaq vacibdir. İkinci kurs maraq dairəsini dəqiqləşdirmək ilidir. Birinci kursda sınadığın fəaliyyətlərdən hansının sənə, həqiqətən, maraqlı olduğunu müəyyənləşdirmək, könüllülük və ilk təcrübə imkanlarına qoşulmaq daha aktiv olar. Üçüncü kurs dərinləşmə dövrüdür. Artıq ixtisasın əsasları formalaşıb. Bu mərhələdə real təcrübə toplamaq, konkret layihələrdə iştirak etmək və sahədə tanınan insanlarla əlaqələr qurmaq gələcək üçün mühüm üstünlük yaradır. Dördüncü kurs hazırlıq dövrüdür. CV-ni və portfoliоnu formalaşdırmaq, müsahibəyə hazırlaşmaq iş bazarını və ya magistratura imkanlarını araşdırmaq lazımdır. Əvvəlki üç ilin təcrübəsi artıq konkret nəticəyə çevrilməlidir.
Təhsil haqqı mane olmamalıdır
Universitetə qəbul sevincli xəbərdir. Amma bəziləri üçün sevincin ardınca ciddi bir sual gəlir: “Təhsil haqqını necə ödəyəcəyik?” Hər ailənin maddi imkanı eyni deyil. Kimisi üçün təhsil haqqı adi xərcdirsə, başqası üçün ailə büdcəsinin ciddi yenidən planlaşdırılmasını tələb edən yükdür.
Lakin maddi çətinlik ali təhsil arzusunun yarımçıq qalması üçün məcburi səbəb olmamalıdır. Azərbaycanda bu istiqamətdə dövlət tərəfindən yaradılmış mexanizmlərdən biri Təhsil Tələbə Krediti Fondudur. Fondun məqsədi təhsilə əlçatanlığın genişləndirilməsi və maddi vəziyyətindən asılı olmayaraq tələbələr üçün bərabər imkanların yaradılmasıdır.
Fondun sosial və standart təhsil tələbə krediti olmaqla iki əsas istiqaməti var. Burada əsas məsələ tələbənin və ailənin məlumatlı olmasıdır. Müraciət qaydalarını, tələbləri və son tarixləri vaxtında öyrənmək gələcəklə bağlı məsuliyyətli qərarın bir hissəsidir.
Valideynlərə sözümüz budur
Tələbənin yolu yalnız auditoriyada deyil, çox vaxt ailə mühitində formalaşır.
Uzun illər ərzində valideyn-övlad ünsiyyətinin mərkəzində bir sual dayanıb: “İmtahandan neçə aldın?” Bu sual, əlbəttə, vacibdir. Amma tələbəlik illərində valideynin diqqət yetirməli olduğu sahə daha genişdir. Övladınız hansı layihədə iştirak edir? Hansı sahəyə maraq göstərir? Hansı çətinliklərlə üzləşir? Gələcəklə bağlı hansı planları var? Bu sualları vermək nəzarət etmək deyil, dəstək olmaq deməkdir. Nəzarət edən valideyn övladının hər addımını izləyir, təzyiq göstərir, “sən bunu et, bunu etmə”, – deyir. Dəstək olan valideyn isə istiqamət göstərir, sual verir, dinləyir və qərar üçün lazım olan azadlığı saxlayır. Çünki tələbəlik həm də gəncin müstəqilliyini formalaşdırdığı dövrdür. Valideynin rolu bu mərhələdə “hər addımı idarə edən” formatdan “yol boyu yanında olan” formata keçməlidir.
Son söz. Siz artıq tələbəsiniz
Siz artıq tələbəsiniz. Amma tələbə olmaq yalnız universitetin qəbul siyahısında adınızın olması demək deyil. Tələbə olmaq öyrənməkdir, axtarmaqdır, sınamaqdır, bəzən yıxılıb yenidən qalxmaqdır. İnsanlarla tanış olmaq, sual vermək, “bilmirəm” deməkdən çəkinməmək, təşəbbüs göstərmək və ilk addımı özün atmaqdır.
Qarşınızda dörd il var. Bəzən sizə uzun görünəcək, bəzən isə geriyə baxanda nə qədər tez keçdiyinə təəccüblənəcəksiniz. Bu illər sizə hazır forma verməyəcək. Siz özünüzü bu illər ərzində formalaşdıracaqsınız. Universitetə qəbul çətin bir yolun sonu idi. İndi isə başqa, daha uzun və daha maraqlı bir yol başlayır. Qarşınıza çıxan “Qəbuldan sonra nə?” sualının cavabını da məhz bu dörd il ərzində addım-addım özünüz yazacaqsınız.
Uğurlar sizə əziz tələbələr.
Hüseyn İMANOV
Digər xəbərlər