Mədəniyyət Nazirliyi: Partlayış kinostudiyanın əra...
00:35 27.06.2025
0
0
0
“Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və Böyük Qayıdış” mövzusunda respublika elmi konfransı keçirilib.
Konfrans Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası, AMEA Naxçıvan Bölməsi, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi və Heydər Əliyev Muzeyi ziyarət edilib. Qonaqlar Ümummilli Liderin həyatı, fəaliyyəti və zəngin dövlətçilik irsinə həsr olunmuş ekspozisiya nümunələri ilə tanış olublar.
Daha sonra “Qərbi Azərbaycan: tarixi, mədəniyyəti və Böyük Qayıdış” adlı sərgiyə baxış keçirilib.
Plenar iclas AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin çıxışı ilə başlamışdır. O, Azərbaycan xalqına qarşı törədilən soyqırımı və deportasiyalardan ürək yanğısı ilə danışıb. Bildirib ki, müəyyən dövrlərdə həyata keçirilən deportasiyaların nəticəsində 300 minə yaxın azərbaycanlı öz doğma yurdundan ayrı düşüb. Son dövrlərdə Qərbi Azərbaycana həsr olunmuş həm beynəlxalq, həm də respublika səviyyəli tədbirlərin sayının artmasına diqqətçəkən İsmayıl Hacıyev bu məsələnin əhəmiyyətini qeyd edib.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov çıxışında ölkəmizin inkişafındakı siyasi gedişatlara diqqət çəkib. Bu tərəqqinin baş tutmasında Prezident İlham Əliyevin yeritdiyi sülhməramlı siyasət, milli birliyimiz və ordumuzun hesabına olduğunu vurğulamışdır. Baş nazir Qərbi Azərbaycana məxsus toponimlərin, dil faktorlarının, abidələrin və digər mədəniyyət nümunələrinin araşdırılmasında elmi əsaslar ortaya qoyan elm adamlarına uğurlar arzulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli İlham Əliyevin sülhə və əməkdaşlığa əsaslanan uzaqgörən siyasətinə diqqət çəkib. 44 günlük müharibənin uğurlu nəticələrindən, AMEA-da Qərbi Azərbaycanın tarixinin və folklorunun araşdırılması üçün açılan şöbələrdən danışıb. Çıxışın sonunda İsa Həbibbəyli Ceyhun Cəlilova kitab hədiyyə edib.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Qərbi Azərbaycan İcmasının Amasiya rayonu üzrə icmanın sədri Abel Məhərrəmov Naxçıvan və Qərbi Azərbaycanın tarixindəki oxşarlıqlardan və Qərbi Azərbaycan İcmasının fəaliyyətindən söz açıb.
Növbəti çıxışı Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev Qərbi Azərbaycanın araşdırılmasına həsr olunmuş fundamental tədqiqatlara diqqət çəkmişdir. Bu araşdırmaların gənc tədqiqatçılar üçün yeni üfüqlər açdığını qeyd edib. Elbrus İsayev Qərbi Azərbaycanla bağlı universitetdə görülən işlərə diqqət çəkib.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Keşkənd rayon icmasının sədri, professor Mahirə Hüseynova Qərbi Azərbaycan toponimlərinin dəyişdirilməsi və bu sahədə Azərbaycan alimlərinin öhdəliklərindən ətraflı şəkildə danışıb. Toponimlərin araşdırılmasına diqqətçəkən professor adı dəyişdirilən ərazilərimizdən söz açıb.
İğdır Universitetinin Fənn ədəbiyyatı fakültəsinin dosenti, coğrafiya üzrə fəlsəfə doktoru Oğuz Şimşək Qərbi Azərbaycanın tarixi haqqında dəqiq məlumatlarla çıxış edib. Tarixi ərazilərimizi slaydlar vasitəsilə konfrans iştirakçılarına nümayiş etdirib. İrəvana həsr olunmuş şeiri səsləndirən Oğuz Şimşək erməni vəhşiliklərindən də söz açıb. Məqsədli şəkildə adı dəyişdirilən kəndlərimizin tarixindən bəhs edib.
AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, professor Cəbi Bəhramov Qərbi Azərbaycanın tarixi və mədəniyyətinin tədqiq edilməsindən ətraflı şəkildə danışıb. Tarixi torpaqlarımızın mədəniyyətimizin dəqiq mənbələrə əsaslanaraq araşdırılmasının əhəmiyyətini qeyd edib.
Konfransda Qərbi Azərbaycanın tarixin müəyyən dövrlərində çəkdiyi bəlalar, vətəndaşlarımızın doğma torpaqlarımıza qayıtmaq üçün çəkdikləri həsrətdən danışılıb. İlham Əliyevin başçılığı ilə Böyük Qayıdışın baş tutması, tarixi torpaqlarımızın bərpa olunması kimi məsələlər barədə ətraflı müzakirələr aparılmış və təhlillər edilmişdir.
Daha sonra “Biz qayıdacağıq” sənədli filminə baxış keçirilib.
Digər xəbərlər