NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

Qırğızıstan səfiri: TDT üzvlərinin əməkdaşlığının aparıcı sütunlarından biri də media sahəsidir

...

Bu gün Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr müxtəlif sahələrdə geniş əməkdaşlıq edirlər. Bu əməkdaşlığın əsas aparıcı sütunlarından biri də informasiya və media sahəsidir. Çünki düzgün məlumatın vaxtında və etibarlı şəkildə təmin edilməsi, qarşılıqlı faydaya əsaslanan sağlam informasiya axınlarının yaradılması bizim üçün böyük əhəmiyyət kəsb edir.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin, yüksəkvəzifəli rəsmilərinin 7-ci toplantısında Qırğız Respublikasının Azərbaycandakı səfiri Maksat Mamıtkanov deyib.

O qeyd edib ki, rəqəmsal platformaların sürətlə inkişafında yeni çağırışlar və təhdidlər də ortaya çıxarır. Təhlükəsiz, şəffaf və ədalətli media mühiti yaratmaq bu təhdidlərin qarşısının alınmasına mühüm töhfə verir. Təəssüf ki, sosial şəbəkələrdə gerçəklikdən uzaq, manipulyativ və yanlış məlumatların yayılması halları hələ də davam edir. Bu cür xəbərlər bəzən cəmiyyətlərimizdə çaşqınlıq yaratmaq, ictimai etimadı zədələmək məqsədi daşıyır.

“Məhz buna görə, vətəndaşlarımızı qorumaq, inam və etibar mühitini gücləndirmək, xalqlarımızın təhlükəsiz informasiya məkanında yaşamasını təmin etmək bizim başlıca hədəflərimizdəndir. Ölkələrimizdə söz və ifadə azadlığı fundamental hüquqlardan biridir. Lakin internet mühitində yayılan dezinformasiyalara qarşı mübarizə aparmaq da bir o qədər vacibdir. Bu mübarizəni təkcə milli səviyyədə deyil, türk dövlətləri ilə birlikdə, koordinasiyalı şəkildə aparmaq daha səmərəli nəticələr verir. Media strukturları arasında əməkdaşlığın genişlənməsi, ortaq layihələrin həyata keçirilməsi və vahid informasiya platformalarının qurulması Türk dünyasının birliyinə, ictimai həmrəyliyinə və informasiya təhlükəsizliyinə xidmət edir. Biz inanırıq ki, birgə fəaliyyətimiz nəticəsində həm media sahəsində, həm də digər istiqamətlərdə daha böyük nailiyyətlər əldə edəcəyik”, - deyə səfir vurğulayıb.

Nəşr edilib : 28.11.2025 11:34