NAXÇIVAN :

03 Oktyabr 2026, Şənbə

Qışa saxlanan zəhmət – Çənnəbdə əriştə hazırlığı

...

Səhərin erkən saatlarında həmkarlarımla birlikdə yola çıxırıq. Yolumuz fərqli gözəllikləri ilə bizi qarşılayan Ordubadın Çənnəb kəndinədir. İçimizdəki maraq bizi tələsdirir. Görəsən, bu dəfə kəndin sakinlərinin hansı söhbətləri bizim yazımıza çevriləcək?

Nəhayət, dağların qoynunda özünə yer salan kəndin dar yolları ilə addımlayırıq. Yolboyu təbiətin rəngarəng mənzərələri bizə yoldaşlıq edir. Evlərin qarşısında səliqə ilə düzülən dibçəklər, müxtəlif rəngli çiçəklər, həyətlərdən boylanan meyvə ağacları kəndə özünəməxsus görkəm verir. Burada hər həyətin bir rəngi, hər qapının arxasında isə danışılacaq bir hekayə var.

Evlərin birinin qarşısında dayanıb qapını döyürük. 74 yaşlı Ceyran nənənin ilk salamından doğmalıq duyulur. “Gəlin, gəlin, lap yaxşı yerə düşmüsünüz, qış üçün hazırlıq görürük”, – deyərək bizi həyətə dəvət edir.

Kiçik, amma səliqəli həyətdən keçib evə daxil oluruq. Həyətin müxtəlif yerlərində meyvə ağacları, evin ətrafını bəzəyən güllər gözə dəyir. Ceyran Kərimovanın arxasınca eyvana çıxır: Burada hazırlanmış xəmir kündələri, kəsilib sərilmiş əriştələr… Ceyran nənə qış süfrəsinin hazırlığına çoxdan başlayıb. El arasında deyildiyi kimi, döşəkcə salıb əyləşməyi təklif edir bizə. Bu kiçik eyvanda bir tərəfdən söhbətimizi davam etdirir, digər tərəfdən onun əl işlərini seyr edirik. Bir evin gündəlik qayğısı kimi görünən bu mənzərənin əslində, illərdir, davam edən bir ənənənin parçası olduğunu isə söhbət etdikcə anlayırıq.“Uşaqlıqdan yadımdadır, ilin bu fəslində yarma bişirərdilər, çörək tutardılar, əriştə kəsərdilər. Qış üçün nə lazımdırsa hamısını qabaqcadan hazırlayardılar. Çörəyi də bişirib yığardılar, çörək qablarını qışa hazır saxlayardılar. İndi, şükür Allaha, çörəyi hazır alırıq. Amma yenə də arada özümüz bişirib saxlayırıq. Əvvəlki yeməklərin dadını heç nə vermir”, – deyir.

Ceyran nənənin sözlərində ənənəyə bağlılıq hiss olunur. Bəzi işlər asanlaşıb, hazır məhsullar evlərə daha rahat çatır, amma bəzi adətlər zaman dəyişsə də, kənd evlərində öz yerini qoruyur. Əriştə kəsmək də onlardan biridir. “Əriştə kəsmək zəhmətli işdir. Ona görə qonşularla yığışıb bu işi birlikdə görürük. Bir gün bizim evdə, bir gün başqasının evində hazırlayıb kəsirik. Belə olanda sanki daha dadlı olur”, – Ceyran nənə gülümsəyərək sözünə davam edir.

Bəlkə də, “daha dadlı olur” deməsinin səbəbi təkcə əriştənin özü deyil. Çünki bu evlərdə yeməyin dadına bir az da birlik, qonşuluq, söhbət və paylaşmaq qarışır. Əriştənin qurudulması, qovrulması, saxlanması, sonra süfrəyə gəlməsi isə başqa bir hekayədir. Hazırlanan əriştələr əvvəlcə qurudulur, ondan müxtəlif yeməklər hazırlanır. Ceyran nənə deyir ki, bəzən əriştəni qovurub “əriştə süzməsi” bişirirlər, bəzən də plov kimi hazırlayırlar. Düyü ilə qarışdırıldıqda isə süfrəyə həm sadə, həm də ləzzətli bir yemək gəlir.

Söhbətimiz davam etdikcə eyvandakı əriştələrə yenidən baxıram. Bir qədər əvvəl adi görünən bu nazik xəmir parçalarının arxasında nə qədər zəhmət, nə qədər vaxt və neçə illik adət-ənənə dayandığını düşünürəm. Ceyran nənənin əlləri isə bütün bunları sanki adi bir gündəlik iş kimi, təmkinlə davam etdirir.

Ömrünün böyük bir hissəsini bu kənddə keçirən Ceyran Kərimova üçün həyatın ritmi dəyişsə də, evin qayğıları, həyətin işi, qonşuluq münasibətləri öz yerində qalıb. Söhbətin sonunda təvazökarlıqla “Bizim də gördüyümüz işlər bunlardır” deyir.

Çənnəb kəndində bir həyətə qonaq olduq. Amma o həyətin içində bütöv bir kənd həyatının izlərini gördük. Burada keçmişlə bu gün arasında məsafə yoxdur, əksinə, illər əvvəl nənələrin əlləri ilə görülən işlər bu gün də başqa bir nəslin gündəlik həyatında yaşayır.

Buradan ayrılarkən yenə gözüm güllərə, meyvə ağaclarına, eyvanda qurumağa qoyulmuş əriştələrə “ilişir”. Düşünürəm, əslində, bu yurd yerlərini doğmalaşdıran yalnız dağları, yolları, evləri deyil. Əsl gözəllik o evlərin içində qorunan adətlərdə, süfrəyə gətirilən zəhmətdə və qapısını döyən hər kəsi doğması kimi qarşılayan insanlardadır.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 03.10.2026 17:20