NAXÇIVAN :

02 May 2025, Cümə

Qriqoriy Qorinin “Herostratı unudun!” tamaşası haqqında

...

Qriqoriy İzraileviç Qorin (əsl familyası Ofşteryn) 12 mart 1940-cı ildə Moskva şəhərində anadan olmuşdur. O satirik yazıçı, dramaturq, ssenarist, teleaparıcı kimi tanınmış, Rusiya Federasiyasının Əməkdar incəsənət xadimi və Rusiya Federasiyasının Dövlət mükafatı laureatı olmuşdur. Bir sıra ədəbi-publisistik məqalələrin müəllifi olan Qorinin “Herostratı unudun” pyesi 1972-ci ildən başlayaraq Rusiya Federasiyasının 19 şəhərinin müxtəlif teatrlarının səhnəsində və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının, Şəki Dövlət Dram Teatrının səhnəsində tamaşasevərlərə təqdim edilib.

 Bu yaxınlarda həmin əsər Naxçıvan Dövlət Milli Dram Tetrında da tamaşaya qoyulub. Tamaşanın rejissoru Mir Qabil Əkbərov Naxçıvan teatrının qədim ənənələrini dərindən bilən və yaşatmağı bacaran gənc sənətkardır. Onun Naxçıvan teatrının səhnəsində son illərdə tamaşaya qoyduğu əsərlərin hamısında bir yenilik duyulur.

“Herostratı unudun!” tamaşası da gənc rejissor M.Q.Əkbərovun yaradıcılıq tarixinə uğur kimi yazılacaq. Gənc rejissor bu tamaşada da öz yaradıcılıq ənənələrinə sadiq qalaraq tamaşanın hazırlanmasına böyük məsuliyyətlə yanaşmış, əsərin bundan əvvəl bir çox məşhur teatrların səhnəsində tamaşaya qoyulmasından çəkinməmiş və öz sözünü demiş və dəst-xətini bir daha nümayiş etdirmişdir. Əsər əvvəldən sonadək tamaşaçıları intizar, həyəcan içərisində saxlayır.

Tamaşada pərdə qalxan kimi əsərdə baş verən hadisələri bildirən alov rəngi, dar ağacı, ədalət tərəzisi və müxtəlif personajların surətini bildirən maskalar ondan xəbər verir ki, əsərdə cinayət də, ədalət də, cəza da var və bunların iştirakçıları, səbəbkarları olan müxtəlif xarakterli insanlar da var. Bu baxımdan tamaşanın quruluşçu rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovun yaradıcılıq imkanlarını, böyük əməyini xüsusi qeyd etmək lazımdır. Uzun müddətdir, Naxçıvan teatrında müxtəlif tamaşaların quruluşçu rəssamı kimi özünü təqdim edən S.Bayramov növbəti tamaşada da öz sözünü qətiyyətlə demiş, səhnə quruluşunda butaforiyaların, tamaşada istifadə olunan avadanlıqların hazırlanmasında geyimlərin eskizlərinin hazırlanmasında, işıq nəzəriyyəsinin tam uyğunlaşdırılmasında öz istedad və bacarığını nümayiş etdirmişdir.

Tamaşanın musiqi tərtibatçısı Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Azər Cəfərlidir. Son illər o yaradıcılıq fəaliyyətini Naxçıvan teatrında uğurla davam etdirir. Növbəti “Herostratı unudun!” tamaşası üçün tərtib etdiyi musiqi nömrələri də əsərin ruhu ilə həmahəng səslənir.

... Çoxdan işlədilən belə bir fikir var: – Rejissor tamaşanın beynidirsə, aktyorlar da tamaşanın ürəyidir. Bu baxımdan tamaşanın uğurlu alınmasında aktyor heyətinin bacarığı, istedadı əvəzedilməzdir.

Tamaşada Azərbaycan Respublikasının Xalq artisti Rza Xudiyevin yaratdığı Tissafern obrazı görkəmli sənətkarın yaradıcılıq tarixində yeni, parlaq bir səhifədir. Bu tamaşada da R.Xudiyev öz aktyorluq siqləti, aydın diksiyası, obrazın daxilinə girmək bacarığı ilə tamaşaçıların, teatrsevərlərin qəlbini bir daha fəth etdi. O Tissafernin hadisələrə müdaxiləsini, düşdüyü vəziyyətdən çıxmaq bacarığını özünəməxsus böyük təmkinlə, sərbəst hərəkətləri, ifadəliliklə səciyyələnən gözəlliyi, ahəngdarlığı ilə tamaşaçıya çatdırır.

Tamaşada əsas obrazlardan biri Kleon surətidir. O ədalət uğrunda çalışır, baş vermiş cinayətin əsl səbəbkarının kim və nə olduğunu müəyyənləşdirməyə can atır. Azərbaycan Respublikasının Əməkdar artisti Əbülfəz İmanov Kleon surəti ilə tamaşaçıların qəlbinə bir daha yol tapa bilir. Onun yaratdığı bu obraz görkəmli aktyorun bundan əvvəlki tamaşalarda yaratdığı obrazlardan xeyli fərqlənir. Bu yeni tamaşada da Ə.İmanov ona tapşırılan obrazı bütün çalarları ilə tamaşaçıya çatdırmaq vəzifəsini layiqincə yerinə yetirir.

Əsərin əsas qəhrəmanı Herostratdır. O cinayətkardır. Bununla belə o qorxmazdır, etdiyi əməlin nə olduğunu bilsə də, peşman deyil, düşdüyü vəziyyətdən çıxmaq üçün müxtəlif yollar axtarmağı bacarır, insanlara nə vasitəsilə və necə təsir etmək qabiliyyətinə malikdir, bir çox hallarda da istədiyinə nail olmağı bacarır, sadəlövh insanların boş damarını necə tutmaq lazım olduğunu bilir. Tamaşada bu rolu Naxçıvan teatrının görkəmli aktyorlarından biri, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşıyev obrazını böyük ustalıqla teatrsevərlərə təqdim edə bilir.

Krissip obrazı pyesin əsas surətlərindən biridir. Bu rolu Naxçıvan teatrının tanınmış aktyorlarından biri olan Zakir Fətəliyevə həvalə edilib. Naxçıvan teatrında bir-birindən gözəl rollar yaradan Z.Fətəliyev “Herostratı unudun!” tamaşasında da Krissip obrazı ilə tamaşaçıların yenidən rəğbətini qazanır. O təqdim etdiyi obrazın daxili aləmini açmağı, tamaşaçını intizarda qoymağı, hadisələrin bir-biri ilə bağlılığını tamaşaçıya çatdırmağı bacarır.

Tamaşada Azərbaycan Respublikasının Əməkdar artisti Behruz Haxverdiyev səhərli obrazını yaratmışdır. Bu obrazla B.Haxverdiyev öz yaddaqalan dinamikası, aydın səsi ilə tamaşaçıların rəğbətini qazana bilmişdir.

Teatrın istedadlı aktyorlarından biri olan Anar Rzayevin ifa etdiyi Qapıcı obrazı tamaşada daha çox hərəkətdə olan, səhnədə daha çox görünən obrazlardan biridir. A.Rzayev tamaşada ona tapşırılan bu rolun ifasını yüksək səviyyədə, əsl aktyor bacarığı ilə yerinə yetirir və tamaşanın dinamikasına böyük təsir göstərməyi bacarır.

“Herostratı unudun!” da Eritta surəti az görünsə də, istedadlı aktrisa Zəminə Məmmədovanın ifasında uğurlu səhnə həllini tapıb.

Naxçıvan teatrı artıq qadın rollarının ifaçısı baxımından çətinliklərlə üzləşmir. Son zamanlar teatrın səhnəsinə bir-birindən istedadlı, səhnəyə yaraşan qadın aktrisalar gəlməkdədir. “Herostratı unudun!” tamaşasında Klimentina rolunun ifaçısı gənc aktrisa Səkinə Məmmədova onlardan biridir. Onun bu tamaşada yaratdığı obraz təqdirəlayiqdir. Hiss olunur ki, o bu rol üzərində əzmlə çalışıb, obrazın daxili aləmini açmaq üçün səylə çalışıb.

Naxçıvan teatrı Qroqori Qorinin “Herostratı unudun!” tamaşası ilə teatrın qədim tarixinə yeni bir tamaşanın adını yazdırdı. Teatr bu tamaşanı yüksək səviyyədə hazırlayıb ki, bu da təqdir olunasıdır.

2025-ci il yanvar ayının 25-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının səhnəsində rus dramaturqu Qriqori Qorinin “Herostratı unudun!” tamaşasının premyerası olmuşdur.

Sarvan İBRAHİMOV

Nəşr edilib : 10.02.2025 16:13