NAXÇIVAN :

03 May 2026, Bazar

Qubadlıda aparılan bərpa-quruculuq işləri Böyük Qayıdışın uğurla həyata keçirildiyini göstərir

...

Ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20 milyon manat vəsaitin ayrılması işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq prosesinin davamlı xarakter daşıdığını göstərir. Qubadlı şəhərinin Baş planında rayonun təbiəti, memarlıq üslubu və tarixi keçmişi nəzərə alınaraq müasir şəhərsalma prinsiplərinə uyğun layihə hazırlanıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Xəzəngül Orucova bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bərpa və yenidənqurma siyasəti azad edilmiş torpaqlarda insanların layiqli həyat şəraitinə qovuşmasını təmin edir. “Bu gün Qubadlıda və ümumilikdə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında görülən işlər dövlətimizin gücünü, xalqımızın birliyini və “Böyük Qayıdış” proqramının uğurla icra olunduğunu təsdiqləyir”, – deyə Xəzəngül Orucova vurğulayıb.

Deputat qeyd edib ki, Müzəffər Ali Baş Komandanın 2020-ci il 23 dekabr tarixdə Qubadlı şəhərində Azərbaycan Bayrağını ucaltması tarixi Zəfərin rəmzidir. “Bu gün həmin torpaqlarda yeni yollar, məktəblər, xəstəxanalar, yaşayış məhəllələri tikilir. Bu həm dövlətimizin iqtisadi qüdrətini, həm də Vətən sevgisini əks etdirən böyük milli iradənin təntənəsidir”, – deyə deputat əlavə edib. Xəzəngül Orucovanın sözlərinə görə, görülən işlərin miqyası göstərir ki, dövlətimizin prioriteti yalnız infrastruktur qurmaq deyil, həm də azad torpaqlarda həyatın yenidən canlanmasını təmin etməkdir. “Bu, Böyük Qayıdışın mahiyyətidir – hər bir vətəndaşın doğma yurduna inamla, qürurla dönməsi”, – deyə deputat fikrini tamamlayıb.

Nəşr edilib : 23.10.2025 11:52