“Turandot” – Heydər Əliyev Sarayında çoxdan gözlən...
10:31 25.10.2026
0
0
0
NAXÇIVAN :
25 Oktyabr 2026, Bazar
Şərqi Zəngəzurda bir yurd yeri var. Azərbaycan xalqına Qaçaq Nəbi kimi xalq qəhrəmanı, Həcər kimi igid qadın, Valeh Bərşadlı kimi general, Milli Qəhrəman Şükür Həmidov kimi igid oğullar, görkəmli ziyalılar bəxş edən Qubadlı. İllərlə həsrətində qaldığımız, igid oğullarımızın qəhrəmanlığı ilə azadlığına qovuşan şəhər.
2020-ci il dekabr ayının 23-də Ali Baş Komandan cənab İlham Əliyevin əllərində üçrəngli bayrağımızın göylərə çəkildiyi gün qubadlılıların həyatının ən gözəl günü oldu. Dövlət başçısının Qubadlıya ilk səfəri, burada Azərbaycan Bayrağını ucaltması qalibiyyətimizin təqdimatı idi. Növbəti səfər Qubadlının azad olunmasının bir ili münasibətilə 2021-ci ilin 25 oktyabr tarixində baş tutdu. Həmin səfər zamanı ölkə Prezidenti rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Qubadlıda görülən işlər və gələcək planlarla bağlı fikirlərini açıqladı. İşğaldan azad edilmiş ərazilərimizin, o cümlədən Qubadlının yenidən qurulacağı, tezliklə soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdacaqları bildirildi.
2022-ci il oktyabrın 19-da dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Qubadlı rayonuna sayca 3-cü səfəri də bir sıra mühüm infrastruktur obyektlərinin təməlqoyma mərasimləri ilə yadda qaldı. Xanlıq-Qubadlı yolunun təməlinin qoyulması, “Qubadlı” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışları, Qubadlı şəhərinin Baş Planı, rayon ərazisində yaradılacaq Zabuxçay və Bərgüşadçay su anbarlarının layihələri ilə tanışlıq, İşğal və Zəfər muzeyləri kompleksinin, həmçinin “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimləri bunlardan bir neçəsidir. 2023-cü il mayın 4-də cənab Prezidentin Qubadlıya növbəti səfəri zamanı Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməllərini qoyub.
Bu gün Qubadlı rayonunda böyük bərpa-quruculuq işləri həyata keçirilir. Qubadlının gələcək inkişafı ilə bağlı praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihələri Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərdə tutur. Növbəti 20 il ərzində şəhərdə əhali sayının 14 min nəfərə çatdırılması nəzərdə tutulur. “Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” 2025-ci ildə təsdiq edilib. Baş Plan hazırlanarkən şəhərdə yaşayacaq insanların dayanıqlı məskunlaşmasının təmin edilməsi, sosial, iqtisadi, ekoloji və digər amillər nəzərə alınmaqla müasir infrastrukturun yaradılması əsas prioritetlərdən biri olub. Baş Plan əsasında layihələndirmə işləri aparılıb və Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin tikintisinə başlanılıb. Hazırda ərazidə tikinti işləri sürətlə davam etdirilir. Yaşayış kompleksinin ümumi ərazisi 3,34 hektardır. Layihəyə əsasən burada, ümumilikdə, 21 yaşayış binasının inşası nəzərdə tutulub. Onlardan 14-ü üçmərtəbəli, 7-si isə dördmərtəbəli olacaq. Binalarda 176 mənzil yerləşəcək.
Layihə yalnız yaşayış binalarının inşası ilə məhdudlaşmır. Məhəllədə sakinlərin rahatlığının təmin edilməsi məqsədilə zəruri sosial və kommunal infrastrukturun yaradılması da nəzərdə tutulub. Rayonda ekoloji kənd təsərrüfatı, balıqçılıq, sənətkarlıq, aqroturizm və digər sahələrin inkişafı üçün imkanlar mövcuddur. Prezident İlham Əliyevin imzaladığı “Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Qubadlı şəhərinin Baş Planının hazırlanması ilə bağlı tədbirlər haqqında” Sərəncamda Qubadlının təbiəti, tarixi keçmişinin nəzərə alınması dövlət başçısı tərəfindən xüsusi diqqətdə saxlanılıb. Bu barədə Prezident İlham Əliyev rayon ictimaiyyəti ilə görüşündə də deyib: “Biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq. Qubadlı şəhərinin Baş Planı hazırlanır və yəqin ki, yaxın aylarda təqdim ediləcək, o cümlədən Qubadlı ictimaiyyətinə təqdim ediləcəkdir. Əlbəttə ki, bu Baş Plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq”.
Şərqi Zəngəzur iqtisadi rayonunun təbii sərvətlərlə ən zəngin yerlərindən olan Qubadlı faydalı qazıntıları ilə zəngindir. Rayonun Hacılı kəndində mişar daşı, Bərgüşad çayının sol sahilində yəşəm, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı, Mollabürhan kəndinin cənubunda tuf daş yataqları mövcuddur. Həmçinin rayonun Xanlıq kəndində qum-gil, Eyvazlı kəndində əqiq yatağı var. İşğaldan öncə Qubadlıda 13 min 160 hektar meşə sahəsi olub. Rayonun ərazisi təbii dərman bitkiləri ilə də zəngindir. Qubadlıda işğala qədər taxıl, üzüm, tütün, bostan məhsulları becərilir, heyvandarlıqla məşğul olunurdu. Əminliklə deyə bilərik ki, “Böyük Qayıdış” proqramının uğurla icrası nəticəsində Qubadlı rayonu yenidən Azərbaycanın iqtisadi baxımdan ən gəlirli, ən gözəl rayonlarından birinə çevriləcək.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər