NAXÇIVAN :

26 Iyun 2025, Cümə axşamı

Qüdrətli ordu və xalq birliyi Azərbaycanın zəfər modelidir

...

Prezident İlham Əliyev: Müzəffər Silahlı Qüvvələrimiz döyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır. Şuşa əməliyyatı, 44 gün ərzində apardığımız bütün digər hərbi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanıdır. Qırx dörd gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edərək Azərbaycan əsgər və zabiti  əsl qəhrəmanlıq göstərmişdir. 

 

Müstəqillik uğrunda mübarizə aparan hər bir xalq üçün ordu milli iradənin, dövlət suverenliyinin və tarix qarşısında öhdəliklərin əsas dayağıdır. Azərbaycanın müasir inkişaf modeli isə bu məfhumları daha da zənginləşdirir. Bu gün artıq heç kimə sirr deyil ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsi yalnız hərbi gücün nəticəsi deyil, eyni zamanda dövlətin bütün sahələrdə apardığı məqsədyönlü siyasət, xalqın birliyi və ordunun peşəkarlığı sayəsində mümkün olmuşdur.
Azərbaycan Respublikasının müstəqillik tarixində ordu quruculuğu prosesinin əsaslı dönüş nöqtəsi Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə oldu. 1990-cı illərin əvvəllərində Azərbaycanda nizami ordu yox idi, silahlı dəstələr müxtəlif maraq qruplarının əlində alətə çevrilmişdi və ölkənin suverenliyinə, ərazi bütövlüyünə real təhlükə yaranmışdı. Belə bir şəraitdə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa müddət ərzində ölkədə nizami və peşəkar ordu quruculuğu istiqamətində sistemli və planlı addımlar atdı. Bu proses müstəqil Azərbaycanın gələcək müharibələrə və təhlükələrə    hazırlığını təmin edən strateji mərhələyə çevrildi.
Ümummilli Liderin 1971-ci ildə böyük zəhmətlə yaratdığı Cəmşid Naxçıvanski adına Hərbi Lisey məhz bu ordu quruculuğu siyasətində mühüm baza rolunu oynadı. Bu təhsil ocağı Azərbaycanda hərb sənətinə marağın artmasına, milli zabit kadrlarının hazırlanmasına zəmin yaratdı. Ulu Öndərin uzaqgörənliyi sayəsində azərbaycanlı gənclərin həm Bakıda yerləşən hərbi məktəblərə, həm də SSRİ-nin digər hərbi ali məktəblərinə güzəştli şərtlərlə qəbul olunması təmin edilmişdi. Bu addımların əsas məqsədi Azərbaycan gəncliyində vətənpərvərlik ruhunu yüksəltmək və gələcəyin zabit kontingentini yetişdirmək idi.
Ulu Öndər deyirdi: “Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır.Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə bilər və hər an qələbəyə nail ola bilər”.
1998-ci ildə Silahlı Qüvvələr Gününün rəsmi dövlət bayramı kimi təsis olunması, 1999-cu ildə Azərbaycan Hərbi Akademiyasının yaradılması, həmçinin ölkəmizin 1994-cü ildən etibarən NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, 1996-cı ildən “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildən isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşulması Ümummilli Liderin beynəlxalq yönümlü və modern ordu konsepsiyasının tərkib hissəsi idi. Bu addımlar Azərbaycanın müdafiə sisteminin təkcə daxili deyil, beynəlxalq müstəvidə də gücləndirilməsinə xidmət edirdi.
Ulu Öndər Heydər Əliyev bu siyasətin mahiyyətini belə izah edirdi: “Ordu olmalıdır, ona görə yox ki, biz hansısa bir dövlətə hücum etmək, kiminsə torpağını zəbt etmək istəyirik. Yox. Biz sülhsevər dövlətik... Biz öz torpaqlarımızı azad etmək, ölkəmizin ərazi bütövlüyünü, sərhədlərimizin toxunulmazlığını təmin etmək istəyirik... Bunun üçün və gələcəkdə dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün güclü ordumuz olmalıdır.Biz ordu quruculuğu işi ilə məşğul oluruq”.
2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu dövlət siyasətinin prioritet sahələrindən birinə çevrildi. Azərbaycanın hərbi potensialı təkcə silah və texnika ilə deyil, komanda strukturu, hərbi təlim sistemi, döyüş psixologiyası və sosial təminat sahələri ilə də gücləndirildi.
44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi və siyasi tarixində dönüş nöqtəsi olmaqla yanaşı, ordu ilə xalqın və dövlətin birliyinin parlaq nümunəsinə çevrildi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən strateji əməliyyatlar, milli ruhun yüksəkliyi, ordunun peşəkarlığı, xalqın əsgərinə olan dəstəyi bu zəfəri mümkün etdi. Prezident İlham Əliyev bu birliyin mahiyyətini belə ifadə etmişdir: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik... Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik”.
Azərbaycanın ordu modeli müasir dünyada siyasi qərarların hərbi resurslarla dəstəkləndiyi, milli ideologiyanın ordu daxilində kökləndiyi nümunəvi təcrübədir. Qalib ordu ideyası, sadəcə, torpaq azad etmək deyil, dövlətin beynəlxalq mövqeyini gücləndirmək, xalqın mənəvi ruhunu yüksəltmək, gələcək nəsillərə örnək qoymaq kimi strateji məqsədlərlə vəhdət təşkil edir.
Vətən müharibəsindən sonra həyata keçirilən tədbirlər – Komando briqadalarının yaradılması, Milli Müdafiə Universitetinin təsis olunması, müasir texnologiyalarla təchizatın artırılması, Türkiyə modelinə uyğunlaşma və gənclərin hərbi təhsilə cəlbi – Azərbaycanın uzunmüddətli hərbi-siyasi strategiyasının davamlılığını təmin edir.
Eyni zamanda hərbi sahədə aparılan sosial islahatlar, məsələn, hərbi qulluqçulara mənzil təminatı, aylıq maaşların artırılması, təqaüd sisteminin genişləndirilməsi də dövlətin ordunu yalnız döyüş meydanında deyil, gündəlik həyatında da dəstəklədiyini göstərir.
Bu gün Azərbaycanın ordu modeli dünyanın aparıcı hərbi institutlarında tədris olunur. ABŞ Hərbi Akademiyası, NATO Strateji Planlaşdırma mərkəzləri, hətta bəzi Qərb universitetləri Azərbaycan Ordusunun 44 günlük müharibədə tətbiq etdiyi taktikaları innovativ müharibə nümunəsi kimi öyrənir. 
Azərbaycan bu zəfəri xalqın birliyi, dövlətin qətiyyəti və ordunun gücü ilə əldə etmişdir. Bu birlik – “xalq-dövlət-ordu” vəhdəti – müasir Azərbaycan Respublikasının siyasi kimliyinin ayrılmaz tərkib hissəsidir.
Müstəqilliyin ilk illərində nizamsız silahlı dəstələrdən ibarət sistemsiz ordu modelindən bu gün beynəlxalq aləmdə nümunə göstərilən müzəffər Orduya sahib olan Azərbaycan, zəfərin yalnız silahla deyil, siyasi uzaqgörənliklə qazanıldığını sübut etmişdir.
Qüdrətli ordu və xalq birliyi tariximizin şərəfi, bu günümüzün qüdrəti və gələcəyimizin zəmanətidir.

Əziz QASIMOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

 

Nəşr edilib : 26.06.2025 11:58