Nazir: Rus bölməsində təhsilin daha üstün olması i...
14:10 30.06.2026
0
0
0
NAXÇIVAN :
30 Iyun 2026, Çərşənbə axşamı
Bu gün Türk Dövlətləri Təşkilatı beynəlxalq aləmdə sürətlə böyüyən, regional sabitliyin və qlobal sülhün möhkəmləndirilməsində əsas amilə çevrilən nüfuzlu geosiyasi güc mərkəzidir. Ölkələrimiz arasındakı əlaqələr qardaşlıq, qarşılıqlı etimad və strateji maraqlar üzərində qurulub.
"Şərq qapısı" xəbər verir ki, bunu Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşündə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib.
R.Məmmədov bildirib ki, bu birliyin güclənməsinin arxasında dövlət başçılarının sarsılmaz siyasi iradəsi dayanır: “Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunda Türk dünyasının inteqrasiyası əsas geostrateji hədəfimizdir. Dövlətimizin başçısının “Bizim bir ailəmiz var, o da Türk dünyasıdır” bəyanatı hər birimiz üçün rəhbər prinsipdir. Bu strategiya ortaq mənəvi-humanitar dəyərlər üzərində birliyimizi qorumağı və gələcəyə birgə addımlamağı nəzərdə tutur”.
Komitə sədri qeyd edib ki, müasir dünyanın mədəni mənzərəsi sürətlə dəyişir. Bəşəriyyət qlobal miqyasda bəzi Qərb dairələrində sistemli şəkildə yürüdülən anti-İslam tendensiyaları və yeni ideoloji təhdidlərlə üz-üzə qalır. Bu gün İslam dinini terrorla eyniləşdirməyə çalışan, müqəddəs dəyərlərimizi hədəf alan bu təhlükəli meyillərə qarşı beynəlxalq müstəvidə ən qətiyyətli mübarizə aparan ölkələrdən biri Azərbaycandır.
“Bizim xalqlarımızın sahib olduğu tolerant dünyagörüşü əsrlər boyu birgəyaşayışdan doğan zəngin mənəvi prinsiplərdən irəli gəlir. Türk-İslam sivilizasiyası dünyaya hər zaman sülh, ədalət və humanizm bəxş edib”, – deyə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri bildirib.
Digər xəbərlər